Nə qədər təbliğ aparılmasına, yazılmasına, stadionlarda “açıq qapı günü” elan edilməsinə baxmayaraq, ölkə futbolunu xalqımızın gözündə populyarlaşdıra bilmirik.
Düzdü, "Qarabağ" 13 ildi qitəmiqyaslı yarışlarda uğurlu çıxış etməklə, son 10 ildə ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanda futbolu bir qədər məşhurlaşdırdı. "Köhlən atlar" kreativ oyunu və zəfərləri ilə ölkə futbolundan qopmuş azərbaycanlı futbolsevərlərə inam, ümid verdi. Müəyyən qədər "Qəbələ"nin də xidmətlərini vurğulamalıyıq. Baxmayaraq ki, avrokubokların qrupunda oynayan bölgə təmsilçisi hazırda yaxşı günlərini yaşamır. Çox təəssüf ki, bu iki klubumuzun uğurlarını yığmamızın ifasında görməyə 31 ildi həsrətik Ölkənin əsas komandası irəli getmək əvəzinə daimi tənəzzüldədi. Ən böyük faciəmiz də odu ki, prinsipial əhəmiyyət daşımayan oyunda hansısa güclü rəqibi məğlub edəndə və ya 1 xal qoparanda bunu Everest zirvəsini fəth etmək kimi təqdim edənlər baş qaldırır. Söz yox, əsrlərlə, qərinələrlə zəfərlərə həsrət xalq ən xırda uğurunun miqyasını böyüdəcək. Seçmə mərhələdə yığmamız son ev oyununda FİFA reytinqində 23-cü olan İsveçi darmadağın etdikdən sonra başda Rövnəq Abdullayev olmaqla hər kəsin gözünə işıq gəldi. Sanki ölkənin əsas komandası dünya çempionatına vəsiqəni təmin etmiş, onun dünənki fiaskoları, Canni de Byazinin səriştəsizliyi komuflyaj edilmişdi. Şair Şəhriyar Del Gerani də qələdəbədn coşaraq sosial şəbəkə profilində bunları yazdı: "Heç kəsin xətrinə dəyməsin, İsveç millisiylə dünənki oyunda Emin Mahmudovun vurduğu özünün ikinci, komandasının üçüncü qolunda Qarabağ Zəfərimizin birbaşa rolu var. Yalnız qalib xalqın yığmasının hücumçusu o boyda məsafədən - təxminən meydançanın mərkəzindən qol vurmaq haqda DÜŞÜNƏ bilər. Bir daha təkrar edirəm, söhbət qoldan getmir, vurulan top qol olmaya da bilərdi, söhbət onca məsafədən qol vurmaq haqda düşünmək cəsarətindən gedir. Bəli, cəsarət kişinin istedadıdı. Bu, haqq sözdür. Bu cəsarəti də bizə QARABAĞ ZƏFƏRİmiz qaytardı. Bütün qazilərimizə Allahdan səbr və şəfalar, şəhidlərimizin ruhuna Eşqlər!"
Yazarın bu paylaşımı ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Onun ünvanına populist, futboldan bisavad, müqayisə apara bilməyən, pafosbaz kimi ifadə səsləndirənlər oldu. Söz yox ki, hər bir azarkeş qələbəylə bağlı sevincini, coşqusunu bəyan edə, yaza, paylaşa bilər.
Şəhriyar bəyin qızıl vaxtını ayırıb yığmamızın oyununu izləməsinə sevindim. Çoxlarının üz döndərdiyi A seçməmizi şair televizor arxasından da olsa, tək qoymamışdı. Həmçinin qələm əhli olan Şəhriyar əksər "şair" dostlarından fərqli eyş-işrət məclislərində iştirakı, əks cinsin nümayəndələrinə aşırı diqqəti və başqa naqis əməllərlə diqqəti çəkmir. Ən azı Del Gerani vaxtilə yazdığı kitabın təqdimatını Məşədi Dadaş məscidində keçirməklə əldə olunan qazancı xeyriyyə işləri üçün xərcləməklə yenilik etdi. Hətta onun bu əməli bəzi müasir şeyx nəsrullahlar, molla cəfərqulular və rafizilər tərəfindən basqıyla qarşılandı ki, məscid ibadət yeridi, kitabın reklam məkanı yox. Şairin bu yanaşmasını azərbaycanlı deist kimi təqdirəlayiq hesab edirəm. Ən azı qələm sahibi göstərdi ki, müsəlmanların ibadətgahını yalnız ölü yumaq, “yasin” oxutdurmaq, bir-iki saatlıq siğə kəsmək biznesi üçün yerə yox, maarifləndirmə ocağına çevirmək lazımdı. Şəhriyar əfəndiyə buna görə minnətdarlıq edir, belə təşəbbüslərinin davamını gözləyir, uğurlar arzulayıram Amma və lakin... İşin içinə populizm girəndə hər şey alt-üst olur. Bu cür mövqeyi yazıçı, publisist və digər ictimai sima edirsə, kənardan daha iyrənc görünür. Yazar məlum postunda vurğulayır ki, "yalnız qalib xalqın yığmasının hücumçusu o boyda məsafədən - təxminən meydançanın mərkəzindən qol vurmaq haqda düşünə bilər". O, həmçinin deyir ki, "Emin Mahmudovun cəsarətlənməsi Qarabağ Zəfərimizin təsirinin nəticəsidi".
Öncəliklə status müəllifinin nəzərinə çatdırım ki, yığmamızın kapitanı hücumçu yox, pleymeykerdi. Yəni onun başlıca işi oyun qurmaq və hücumçuları topla təmin etməkdi. Hazırkı yığmanın heyətində bombardir olan kapitan dəfələrlə çıxışlarında vurğulayıb ki, "əsas məqsəd qollar vurmağım yox, millini uğurlar qazanmasında rol oynamağımdı". İkincisi, məgər uzaq məsafədən qol vurmaq qeyri-adi bir hadisədimi? Yaxud rəqib qapısını bu cür məyus etmək xüsusi bir cəsarət tələb edir? İstər dünya, istərsə də bizim futbolda yetərincə çox belə qollar olub. Hətta Emin Mahmudovu kölgədə qoyanlar da az deyil. İspaniya millisinin bomardiri David Vilya 2014-cü ildə ABŞ-ın "Nyu-York Siti" klubuna transfer olundu. 2 il sonra ulduz futbolçu "Filandiya Union"la görüşdə 50 metrdən qol vurdu. Həmin vaxt onun 36 yaşı vardı. Çexiya yığmasının üzvü Patrik Şik AÇ-2020-nin final mərhələsi çərçivəsində Şotlandiya ilə səfər oyununda 45,4 metrdən zərbə endirməklə toru sirkələdi. Sonuncu dəfə qitə çempionatında uzaq məsafədən qol 1980-ci ildə baş vermişdi. Həmin il 38,6 metrdən qol vurulmuşdu. Amma çexiyalı fərqlənməklə yeni rekorda imza atdı. Onun göstəricisini hələ təkrarlayan və arxada qoyan yoxdu. 2014-cü ilin avqustunda Şotlandiya elitasının “Hibernian” – “Livinqston” oyununda meydan sahiblərinin qapıçısı Mark Oksli cərimə meydançasından, daha dəqiq desək 77,7 metrdən son nöqtəni qoymaqla komandasını qələbəyə daşıdı. Qadınlar arasında AÇ-2009-un seçmə mərhələsində gerçəkləşən İngiltərə - Rusiya matçında britaniyalıların hücumçusu Kelli Smits 41,1 metrdən gözəl qolla yadda qaldı. 2021-ci ilin yanvarında İngiltərə 2-ci liqasının "Nyuport Kaunti" - "Çeltenhem Taun" oyununda meydan sahiblərinin qapıçısı Tom Kinq sərbəst zərbəylə həmkarını məyus etdi. O, 96 metrədən fərqləndi. Qolkiper bu qolla adını Ginesin Rekordlar Kitabına yazdı. Sadaladığım göstəricilərə Şəhriyar bəyin prizmasından yanaşsaq, aşağıdakılara şahidlik etməliydik:
* İspaniyalı ziyallılar David Vilyanın qolundan fərəhlənərək "ancaq Yeni dünyanı kəşf edən Xristofor Kolumbun, Latın Amerikası torpaqlarını silah gücünə fəth edən Ernando Kortesin soydaşı olan futbolçu okeanın o tayında uzaq məsafədən möhtəşəm qol vura bilər" deyərdi.
* Mark Okslinin fərqlənməsinə sevinən şotlandiyalı aydınlar “ancaq Uilyam Volos kimi milli azadlıq müharibəsi aparan sərkərdənin həmvətəni olan qapıçı uzaqdan qol vurar" deyərdi.
* Çexiyalı tarixçilər bəyan etməliydi ki, tarixdə həm Almaniya ilə Çexiya kralı olan, həm də Müqəddəs Roma İmperiyasının imperatoru taxtında oturan IV Karelin həmvətəni yığmaların qitəmiqyaslı yarışlarında uzaq məsafədən qarşısıalınmaz qol vurmaqla rekort qırar.
* İngilis zadəganlar, ictimai xadimlər gərək ayaqlarını yerə bərk-bərk vuraraq hayqırsın ki, “yalnız dünya tarixinə zəkalı qadın kraliçalar, təkrarolunmaz baş nazir "dəmir ledi" və Uinston Çörçill kimi nəhəng siyasi xadim bəxş edən, dünyanın üçdəbir hissəsində müstəmləkəsi olan imperiyanın həm qadın, həm də kişi top qovanı ən uzaq məsafədən rəqib qapılarına yol tapmaqla hamını qabaqlayıb ön sırada qərarlaşa bilər".
Təbii ki, adı çəkilən dövlətlərin düşünən beyinləri, heç vaxt bu cür axmaqcasına populistlik edib özlərini biabır etməzlər.
Mən Şəhriyar qədər, hətta ondan da çox gözləyirdim ki, 44 günlük savaşda əldə etdiyimiz zəfər dövlətimizin güclənməsinə, xalqımızın rifahının yaxşılaşmasına təsir edəcək. Amma arzumuz nisgilə çevrildi. Hələ də məmləkətdə sosial-iqtisadi tənəzzül hökm sürür, bürokratik harınlıq, burjuaziya özbaşınalığı, məmurların qansızlığı, tayfabazlıq, yerlibazlıqdan doğan iyrəncliklər, məişət zorakılığı, təhsilimizdəki rüsvayçılıq, səhiyyəmizdəki soyğunçuluq, ədəbiyyatımızdakı çöküş nəinki davam etməkdə, hətta daha geniş vüsət almaqdadı. 4 gün əvvələ qayıtsaq, səfərdə Belçika ilə oyunda 37 dəqiqəyə 4 qol buraxmağımız ölkənin əsas komandasının hansı səviyyədə olduğunu bir daha göstərdi. 1992-ci ildən yaşıl meydanlara çıxan Azərbaycan yığmasının ən rəzil göstəricisi FİFA reytinqində 170-ci yerdə olması olub (1994-cü il). Yalnız 2014-cü ildə ölkənin əsas komandası azca inkişafa nail olaraq dünyada 73-cü olmağı bacarıb. Amma son 10 ilə yaxın zaman kəsiyində 47 pillə geriləmişik. Daha doğrusu, 1994-cü ildəli göstəriciyə doğru addımlamaqdayıq. İndi sual olunur: Qarabağ Zəfərimiz bizi niyə belə rüsvayçı nəticələrdən xilas edə bilmir?
Del Gerani vaxtilə kulis.az saytında gedən müsahibəsində İmadəddin Nəsimini dar çərçivəyə salanları qınayaraq demişdi: "Ədəbiyyatşünaslarımızın fərsizliyindən dolayı Nəsimiyə yalnız musiqi gözüylə baxırıq". Cənab ədib, mən sizin böyük mütəfəkkirimizlə bağlı yanaşmanıza qoşulur və əlinizi sıxıram. Bəli, Nəsimi ilində hər yerindən qalxan naqis sufi şairimizin beytlərini şəxsi mənfəəti naminə istifadə edərək özünü publikaya sırıyırdı. Vətəndaş şair, xoşunuza gəlsə də, gəlməsə də, indi də siz tənqid etdiklərinizin kimi diqqətə gəlmək istəyirsiz. Amma anlamamısız ki, idman ictimaiyyəti, futbol camiəsi sizin girəcəyiniz kol deyil. Burda populizm, tərif, mədhiyyə yox, kreativ oyun, nəticələr və statistika əsasında mühakimə yürüdülür. Yəni Şəhriyar əfəndi, "Cavid ömrü" filmində deyildiyi kimi: "bura sənin teatrın deylk ki, qızlar baçına gül-çiçək səpsin".
Şəhriyar, bir jurnalist, özü də idman müxbiri olaraq, nəzərinizə çatdırım ki, bilmədiyiniz mövzu haqda böyük pafosla danışmağınızla skandinavlar üzərində qələbəmizi nə Stalinqrad, nə də Şuşa zəfərinə çevirdiz. Əksinə, populizm sərgiləməklə ölkə futbolundan nə qədər bixəbər olduğunuzu göstərdiz. Bu məqamda SSRİ xalq artisti Faina Ranevskayanın məşhur ifadəsi yada düşür: "Tovuz quşunun gözəl quyruğu arxasında adi toyuq dalı gizlənir. Odu ki, cənablar bir az pafosu azaldın".
Özünüz demişkən, "şairin işi yaxşı mətn yazmaqdı". Odu ki, şairliyinizə güc versəz, daha səriştəli olarsız.
ABDULLA İSMAYILOĞLU