Dünən futbol üzrə ölkə çempionatının 2-ci liqasında növbəti tur start götürdü. "Dinamo" - "Şəfa" oyununda "zolaqlılar" azlıqla qalmarına rəğmən, 1:0 hesabıyla qalib gəldi. Qonaq komandanın baş məşqçisi isə hakimlikdən gileyləndi.
"Şəfa"nın baş məşqçisi Əli Əiyev "Football-plus.az" saytına bunları dedi:
"Öncəliklə "Dinamo"nu təbrik edirəm. Rəqib meydanda yaxşı mübarizə apardı. Amma hakimin bizə qarşı laqeydliyi, qərəzi də diqqəti çəkdi. Artıq neçənci dəfədi referilər bizə münasibətdə belə haqsızlıq edir. Təkcə "Şəfa" üçün yox, bütün qarşılaşmalarda və hər komandaya münasibətdə ədalətli idarəçilik olmasını istəyirik. Bu gün qapımıza penalti təyin olunmasını doğru qərar saymıram. Çünki çiyin-çiyinə mübarizə idi. Meydanda hər iki komanda vuruşdu, heç-heçə ədalətli nəticəydi. Amma baş hakim işinin öhdəsindən düz gəlmədi və məğlub olduq. Təbii ki, çatışmazlıqlarımız da var. Çalışacağıq onları aradan qaldıraq və növbəti turlarda yaxşı çıxış edək".
ABDULLA İSMAYILOĞLU