Dünən Ukrayna çempionatının 13-cü turunda ölkə futbolunun iki hegemonu üz-üzə gəldi.
“Football-plus.az” xəbər verir ki, mövsümü o qədər də inamlı keçirməyən Kiyev ''Dinamo''su evdə ''Şaxtyor''a 0:1 hesabı ilə boyun əydi. Matçın ardından isə sürpriz olay yaşandı. ''Dinamo''nun məşhur baş məşqçisi Mirça Luçesku mətbuat konfransında həm istefa verdiyini, həm də ümumiyyətlə, məşqçi karyerasına son qoyduğunu açıqladı: ''Oyun haqda danışmaq istəmirəm. Həyatımın 15 ilini Ukrayna futboluna həsr etmişəm. Ona görə də qərara gəldim ki, elə karyeramı da Ukrayna klubunda başa vurum. Bu, mənim son oyunum oldu. Artıq ''Dinamo''nun da, ''Şaxtyor''un da futbolçuları ilə vidalaşdım. Bu 15 ilə görə Ukraynaya təşəkkür edirəm. Təbii ki, bu macəranın fərqli bitməsini istərdim. Amma hər şeyin başlanğıcı və sonu var. Hər kəsə sülh, sağlamlıq və xoşbəxt gələcək arzulayıram''.
Xatırladaq ki, Luçesku 2020-nin yayında ''Dinamo''nun başına keçmiş və ilk cəhddəcə çempionluq, kubok və superkuboku qazanmış, komandanı ÇL-in qrup mərhələsinə daşımışdı. Amma sonradan nəticələr pisləşməyə başladı. ''Dinamo'' ötən mövsümü 4-cü pillədə tamamladı və bu yay KL-in təsnifatını keçə bilmədi. Hazırda isə 7-ci pillədə qərarlaşan komanda 4 oyunluq qələbəsiz seriyaya malikdi.
Ümumilikdə ''Dinamo'' Luçeskunun dönəmində keçirdiyi 118 rəsmi oyundan 65 qələbə, 19 heç-heçə, 34 məğlubiyyətlə ayrılmış oldu. 78 yaşlı rumıniyalı mütəxəssis məşqçi karyerasına hələ 1979-cu ildə ''Korvinul''da start verib. O, daha sonra Buxarest ''Rapid''i və ''Dinamo''su, eləcə də ''Piza'', ''Breşiya'', ''Reccana'', ''İnter'', ''Qalatasaray'', ''Beşiktaş'', ''Zenit'' kimi klubları çalışdırıb. 2004-16-cı illərdə ''Şaxtyor''da işləyib. Eləcə də Rumıniya və Türkiyə yığmalarının baş məşqçisi olub. Luçe məşqçi karyerası boyu 35 titul qazanıb. O, bu göstəricidə futbol tarixində 3-cü pillədə qərarlaşıb və yalnız Xosep Qvardiola (36) ilə ser Aleks Ferqyusondan (49) geri qalır.
ƏLİ