Sport.24tv.ua saytı 29 yaşlı futbolçunun qəsəbə təmsilçisiylə müqavilə bağlamasını Kiyev “Dinamo”su üçün müsbət hadisə sayıb. “Luçesku yükdən qurtuldu, “Dinamo” cəmi 1 qol vuran hücumçusu ilə vidalaşdı” sərlövhəli yazıda Kulaç tez-tez zədələndiyinə görə baş məşqçi Mirça Luçeskunun ona əsas heyətdə şans vermədiyi vurğulanıb. “Dinamo” müqaviləyə xitam verdiyindən oyunçu “Zirə”yə azad agent kimi keçib.
Yeri gəlmişkən, Vladislav Kulaç "Dinamo"dan ayrılmasının səbəbini açıqlayıb. 29 yaşlı hücumçu "Football TIME" nəşrinə bunları deyib:
“İlyarım oynamadığıma görə vidalaşdım. Bu çox çətindi. "Dinamo"dan təklif alanda düşündüm, razılaşdım. Oyunçular, komanda ilə tanış oldum. Buna görə şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi. Düzdü, zədələrlə üzləşdim. Gizlətmirəm, bunu hamı bilir. Ancaq dəstək hiss etmədim. Baş məşqçinin münasibətini gördüm və orda oynaya bilməyəcəyimi başa düşdüm".
Xatırladaq ki, Kulaç 2021-ci ilin yayından formasını geydiyi “Dinamo”da ümumilikdə 7 oyuna çıxıb, 1 qol vurub. Transfer qiyməti 700 min avro göstərilən hücumçu “Zirə” ilə ilyarımlıq müqavilə bağlayıb.
ABDULLA İSMAYILOĞLU


