Tur cümə günü “Bohum” ilə “Maynts-05”in qollu heç-heçəsi ilə start götürdü.
“Football-plus.az” xəbər verir ki, bu nəticə ilə hər iki komandanın qələbə həsrəti davam etdi.
“Bavariya” ilə “Darmştadt”ın ilk baxışdan adi görünən oyununda unikal hadisələr baş verdi. Kimmix artıq 4-cü dəqiqədə qırmızı vərəqə almaqla XXI əsrdə münhenlilərin heyətində ən tez qovulan futbolçu oldu! Qonaqlar bu “hədiyyədən” yararlanmaq əvəzinə öz növbəsində rəqibə “hədiyyə vermək” qərarına gəldilər. Özü də artıqlamasıyla. 21-ci dəqiqədə Qyasulanın, 41-ci dəqiqədə Maqlikanın qovulması ilə “Darmştadt” meydanda 9 futbolçu ilə qaldı! İlk yarıya qırmızı vərəqələr, ikinci yarıya qollar damğa vurdu. 52 dəqiqə rəqibə müqavimət göstərən “Darmştadt” sonrakı 36 dəqiqədə 8 (!) top buraxdı. Keynin meydanın özünə aid hissəsindən vurduğu qol isə oyunun və mövsümün bəzəyi oldu. “Rekordmayster” tarixində ilk dəfə bundesliqa matçının 2-ci hissəsində 8 qol vurdu. Eyni zamanda komanda 9 tura 34 qol vurmaqla turnirin növbəti yeni rekordunu müəyyənləşdirdi. Onu da bildirək ki, zədəsini sağaldan Noyer 350 günlük fasilədən sonra meydana çıxdı. Daha bir darmadağın Leyptsiqdə qeydə alındı. Şəhərin eyniadlı komandası “Köln”ü evə 6 cavabsız qolla yola saldı. “Köln” tarixində cəmi 2-ci dəfə bundesliqa matçında fasiləyə qədər 4 top buraxdı. 9 tura 25 qol vuran “öküzlər” məhzuldarlıq baxımından öz rekordlarını yenilədilər. “Union”un vəziyyətinə acımamaq mümkün deyil. Bremendə 2 cavabsız qol buraxmaqla komanda ardıcıl 10-cu (!) rəsmi oyunda uduzdu. 1907-ci ildə qurulan paytaxt təmsilçisinin buna qədər tarixi ərzində heç vaxt belə bərbad seriyası olmamışdı. “Ştutqart” əsas lideri və mövsümün kəşfi Girassini zədə üzündən itirən kimi büdrədi. Evdə “Hoffenhaym”a uduzan şvabiyalıların 6 oyunluq qələbə seriyası qırıldı. “Hoffenhaym” bu mövsüm səfərdə keçirdiyi 5-ci oyundan da qələbə ilə ayrıldı! “Kəndçilər” bundesliqa tarixində “Bavariya” (2012/13) və Dortmund “Borussiya”sından (2010/11) sonra ilk 5 səfər oyunundan qələbə ilə ayrılan 3-cü komanda oldu.
“Borussiya”dan söz düşmüşkən, komanda bu tur çətin Frankfurt səfərində 2 top fərqi ilə geridüşsə də, xal qazanmağı bacardı. “Arılar” hazırda bundesliqada ən yaxşı – 17 oyunluq məğlubiyyətsiz seriyaya malikdilər. Xabi Alonso “Bayer-04”ün başında yubiley – 50-ci rəsmi oyunda ardıcıl 8-ci qələbəyə sevindi. Klub tarixində heç bir məşqçinin belə seriyası olmayıb! İlk 9 tura 25 xal və 27 qol “Bayer-04” tarixinin elitadakı ən yaxşı göstəricisidi.
9-cu tur
Bavariya – Darmştadt 8:0
Keyn, 52; 69, 88. Sane, 56; 64. Musiala, 60; 75. Müller, 71. (75000)
Bavariya: Noyer, Mazraui, De Liqt (Pavloviç, 77), Kim Min Çje, Devis (Kratsiq, 65), Kimmix, Laymer (Tel, 71), Sané, Musiala (Çupo-Motinq, 71), Koman (Müller, 66), Keyn.
Ayntraxt F – Borussiya D 3:3
Marmuş, 8-p.; 24. Çaibi, 62 – Zabitser, 45+1. Mukoko, 54. Brandt, 82. (56500)
Ayntraxt: Trapp, Tuta, Kox, Paço, Buta (Dina Ebimbe, 61), Larsson, Skiri, Maks (Nkunku, 86), Knauff (Götse, 73), Çaïbi (Hauqe, 86), Marmuş.
Borussiya: Kobel (Mayer, 26), Volf, Hummels (Zyule, 70), N.Şlotterbek, Bensebayni, Salih Özcan, Zabitser, Malen (Mukoko, 46), Roys (Brandt, 65), Reyna (Adeyemi, 46), Füllkruq.
Leyptsiq – Köln 6:0
Verner, 15-p. Openda, 40; 45+3. Raum, 43. Şeşko, 88. Baumqartner, 90+1. (46418)
Leyptsiq: Blasvix, Klostermann, Simakan, Kastello, Henrixs, Şlager, Aydara, Raum (Lents, 75), Simons (Olmo, 63/Karvalyo, 70), Openda (Şeşko, 75), Verner (Baumqartner, 63).
Verder – Union 2:0
Knoxe, 38-öz qapısına. Dukş, 75. (42100)
Union: Rönnov, Trimmel, Bonuççi, Knoxe, Leyte, Qosens (Russiyon, 78), Xedira, Haberer (Kral 65), Aaronson (Layduni, 60), Berens (Kaufmann, 78), Bekker (Hollerbax, 78).
Bayer-04 – Frayburq 2:1
Virts, 36. Hofmann, 60 – Qulde, 70. (30210)
Bayer-04: Qradetski, Kossunu, Ta, Tapsoba, Frimponq (Tella, 85), Palasios, Caka, Qrimaldo (İnkapye, 90), Hofmann (Adli, 85), Virts (Hlojek, 90), Bonifas (Şik, 90).
Frayburq: Atubolu, Sildilliya, Ginter, Linhart (Qulde, 67), Kübler, Röl (Adamu, 81), Eqqeştayn (Qreqoritş, 67), Höfler, Doan, Qrifo (Vaysshaupt, 81), Höler.
Ştutqart – Hoffenhaym 2:3
Fürix, 61. Dəniz Undav, 73 – Prömel, 4. Veqhorst, 21-p. Skov, 66. (53200)
Auqsburq – Volfsburq 3:2
Tits, 17. Bornau, 79-öz qapısına. Engels, 81 – Vind, 35. Mayer, 45-p. (28000)
Borussiya M – Haydenhaym 2:1
Plea, 3. Förenbax, 51-öz qapısına – Ərən Dinkçi, 37. (51541)
Bohum – Maynts-05 2:2
Ştöger, 21-p. K.Şlotterbek, 82 – K.Şlotterbek, 59-öz qapısına. Krauss, 90+6. (25000)
1. Bayer-04 9 8 1 0 27-8 25
2. Bavariya 9 7 2 0 34-7 23
3. Ştutqart 9 7 0 2 27-11 21
4. Borussiya D 9 6 3 0 20-11 21
5. Leyptsiq 9 6 2 1 25-7 20
6. Hoffenhaym 9 6 0 3 20-16 18
7. Ayntraxt F 9 3 5 1 12-9 14
8. Frayburq 9 4 1 4 10-16 13
9. Volfsburq 9 4 0 5 13-14 12
10. Auqsburq 9 3 2 4 18-21 11
11. Borussiya M 9 2 3 4 16-20 9
12. Verder 9 3 0 6 14-18 9
13. Haydenhaym 9 2 1 6 13-22 7
14. Darmştadt 9 2 1 6 13-30 7
15. Union 9 2 0 7 11-19 6
16. Bohum 9 0 5 4 8-23 5
17. Köln 9 1 1 7 7-21 4
18. Maynts-05 9 0 3 6 9-24 3
Bombardirlər: Girassi (Ştutqart) – 14, Keyn (Bavariya) – 12, Openda (Leyptsiq), Sane (Bavariya), Vind (Volfsburq) – 8.
Növbəti turun oyunları noyabrın 3-5-i aralığında keçiriləcək: Borussiya D – Bavariya, Union – Ayntraxt F, Frayburq – Borussiya M, Volfsburq – Verder, Maynts-05 – Leyptsiq, Köln – Auqsburq, Hoffenhaym – Bayer-04, Haydenhaym – Ştutqart, Darmştadt – Bohum.
Turun rəqəmi
3 – bir qarşılaşmada 3 qırmızı vərəqənin göstərilməsinə futbolda heç də az rast gəlinmir. Amma hər 3 qırmızı vərəqənin ilk yarıya təsadüf etməsi qeyri-adi olaydı. Təsadüfi deyil ki, bu tur Münhendəki oyuna qədər bundesliqanın tarixində heç vaxt ilk yarıda 3 futbolçu meydandan qovulmamışdı! Daha öncə yalnız bir dəfə iki futbolçunun ilk yarıda “qızarmasına” təsadüf olunmuşdu. Bu hadisə 1999-da “Herta” – “Volfsburq” oyununda baş vermişdi.
Turun ulduzu
Harri Keyn (Bavariya) – ilk dəfə legioner həyatı yaşayan ingiltərəli superulduz Almaniyadakı karyerasının məhsuldarlıq baxımından bu dərəcədə uğurlu start götürəcəyini, yəqin ki, heç özü də gözləmirdi. O, “Darmştadt”ın “kötəklənməsində” çox fəal iştirak edərək oyunu 3 qol, 1 məhsuldar ötürmə ilə tamamladı. Bu, artıq onun bundesliqadakı 2-ci het-trikidi. 30 yaşlı forvard “Bohum”la qarşılaşmada da 3 qol vurmuşdu. İlk 9 oyuna 12 dəfə fərqlənməklə Keyn adını bundesliqanın tarixinə yazdırdı. Daha öncə heç kim bu turnirdə ilk 9 oyuna belə məhsuldarlıq sərgiləməmişdi. Ümumilikdə Münhen nəhənginin heyətində 13 rəsmi oyunda onun hesabında artıq 15 qol, 7 məhsuldar ötürmə var!
Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “İlk yarıda ağlasığmaz hadisələr baş verdi. Çox erkən azlıqda qaldıq və müdafiədən hücuma çıxmaqla bağlı problemlər yaşadıq. Amma sonradan rəqib 2 qırmızı vərəqə aldı. Buna uyğunlaşmaq üçün fasilə tam yerinə düşdü. Lazımi suallara cavab tapdıq və necə oynamalı olduğumuzu müəyyənləşdirdik. İkinci hissədə bir-birindən gözəl qollar vurduq. Noyerin zədədən qayıdandan sonra ilk oyunda qapısını toxunulmaz saxlaması da məni ikiqat sevindirdi”.