Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda idmanla bağlı növbəti xəbər yayılıb. “Şaxtyor” rəhbərliyi Rusiyaya qaçan Aleksandr Rosputko ilə müqaviləni qüvvədən salıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Ukrayna klubunun saytı məlumat yayıb. Futbolçu UEFA Gənclər Liqasının Belçikada keçirilən matçından sonra icazə almadan Ukraynaya qayıtmayıb. Sonradan Aleksandrın Rusiyaya getdiyi məlum olub. Klubun saytındakı məlumatda komandanın olduğu yerə qayıtmaması və müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən faktiki imtina etməsi səbəbindən “Şaxtyor”un futbolçu ilə müqaviləyə xitam verdiyi bildirilib.
Xatırladaq ki, daha əvvəl Ukrayna mətbuatında Rosputkonun Rusiyaya qaçması ilə bağlı iki versiya irəli sürülmüşdü. Birinci versiyaya əsasən, futbolçu rusiyameyillidi və buna görə komanda yoldaşları ilə bir neçə dəfə mübahisə edib. İkinci versiyaya görə, az maaş aldığını düşünən Rosputko sadəcə olaraq “Şaxtyor”la yeni müqavilə üzrə razılaşa bilməyib. Onun müqaviləsinin müddəti mövsümün sonuna qədər qüvvədə olacaqdı.