Bu həftə Azərbaycan futbolunda kuryoz hadisənin şahidi olduq.
Belə ki, maaşları ödənilmədiyi üçün "İrəvan"ın futbolçuları 1-ci liqanın 5-ci turunun "İmişli" ilə səfər oyununa yollanmadılar. Bəs komanda oktyabrın 26-na nəzərdə tutulan "Şamaxı" ilə oyuna çıxacaqmı? Çıxmayıb 2-ci texniki məğlubiyyətlə çempionatdan çəkilsə, komandanın yaranmasında böyük əməyi olan sabiq vitse-prezident Alı Alıyev özündə mənəvi məsuliyyət hiss edəcəkmi? Bu sualı Alı bəyə ünvanladıq:
"Komandanı yaratmaq asandı, ancaq arxasında durmaq çətindi. Rəhbərlik klubun adının məsuliyyətini hiss etsəydi, düzgün addımlar atardı ki, belə vəziyyətə düşməsinlər. Bu söz istər prezidentə, istərsə də İdarə Heyətinə aiddi. Çünki futbolçu maaşını almırsa, meydana çıxmaq istəməmək onun haqqıdı. Mənə elə gəlir ki, bunlar 10-11 nəfəri aldadıb meydana çıxarmaq istəyərlər. Lakin mən komandadan çoxdan ayrıldığım üçün özümü burda məsuliyyətli hiss eləmirəm. Onların gedib-gələn nəfəsi də yalandı. Siz elə bilirsiz ki, Nazim Süleymanov maaş alır? İstəsəz, Nazimdən də soruşun ki, "sənə pul veriblər?". Bəlkə də veriblər, o da az miqdarda. Aleksandr Jidkov da buna görə çıxıb getdi. Bütün pullar mənimsənilib. Orda Zülfüqar müəllimin haqqı var.O, külli miqdarda pul xərcləmişdi. Daha sonra xərclədiyini geri götürmək istəyir. İndi o pulun yarısı Zahid Niyazəliyevin cibindədi, yarısı da xərclənib. Zahid də əvvəl müəllim işləyirdi, indi isə heç yerdə işləmir. Cibindən pulları çıxarıb maaşları versin də... Oyunçular da pul qazanmaq, evinə çörək aparmaq üçün oynayır".
CAVİD ƏLİYEV