“Qarabağ” hələ ki Əfran İsmayılovdan təklif almayıb

20.10.2023 14:33 377
Ölkə futbolu / Manşet
Uzun müddətdi yerli mətbuatda Əfran İsmayılovun özünü minifutbolda sınamaq istəyi ilə bağlı xəbərlər gəzir. Həm də bu dəfə oyunçu yox, komanda rəhbəri kimi.

Hazırda “Araz Naxçıvan”da məşqçi kimi çalışan sabiq futbolçu bu istəyini dəfələrlə dilə gətirib. Maraqlıdı ki, bu qədər həvəsin olmasına baxmayaraq, hələ ki nə klubun adına aydınlıq gəlib, nə də baş məşqçinin kimliyinə. Heyətlə bağlı isə Əfran İsmayılov özü açıqlama vermişdi. Veteran futbolçu komandanın heyətinə bir vaxtlar “Qarabağ”da, yığmada birlikdə çıxış etdiyi oyunçuları cəlb eləmək istəyir.
Əvvəllər minifutbol üzrə ölkə çempionatında “Qarabağ” adı ilə çıxış edən komanda var idi. Sonradan komandanın adı “Zəngəzur”la dəyişdirildi. Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov ötən ay mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, “Qarabağ”ın rəsmi minifutbol komandasının yaradılması ilə bağlı danışıqlar gedir.

Bizdə olan məlumata görə, Əfran İsmayılov keçmiş komanda yoldaşlarını cəlb edəcəyi yeni komandaya da məhz “Qarabağ” adını qoymaq istəyir. Əsas məqsəd bunun “Qarabağ”ın rəsmi minifutbol komandası olmasıdı. Futbol klubunun məsələ ilə bağlı indiyə qədər rəsmi mövqeyi bəlli olmasa da, bəzi məqamlarda bu təşəbbüsün həyata keçirilmə ehtimalının olduğunu görmüşük. Elə buna görə də iddiaları dəqiqləşdirmək məqsədilə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq:

“Minifutbol komandasının yaradılması ilə bağlı məsələ hazırda gündəliyimizdə yoxdu. Bununla bağlı bizə heç bir müraciət daxil olmayıb”.


Görünür, “Qarabağ” minifutbol liqasında təmsil olunmaqda maraqlı deyil. Orxan Hüseynovun dediyi kimi, hər hansı müraciət olubsa belə, yəqin ki, müsbət qarşılanmayıb.

ADİL NƏHMƏTLİ