Niderlandla oyundan sonra Antuan Qrizmannın möhtəşəm rekordu haqda danışmağa dəyər.
"Football-plus.az" xəbər verir ki, o, “narıncılar”la oyunda meydana çıxmaqla ardıcıl 81-ci dəfə milli forma geydi. Antuan artıq 6 ildi Fransa yığmasının heç bir oyununu buraxmır. Birini də! Bu 81 oyunda 29 qol vurub, 27 məhsuldar ötürmə verib. 2018-də DÇ-ni, 2021-də Millətlər Liqasını qazanıb, 2022-də DÇ-nin finalında oynayıb.
* “MisterChip” statistik akkauntunun hesablamasına görə, ardıcıl 81 oyun dünya futbol tarixinin rekordudu. Heç kim ardıcıl bu qədər oyun keçirməyib. Məsələn, elə Fransa yığmasının tarixində ardıcıl oyun sayına görə 2-ci rekord 44 matçdan ibarətdi.
* Qrizmann 2014-ün yazında yığmada debüt edib və həmin vaxtdan bəri 124 oyuna çıxıb – bu göstəricidə yalnız Olivye Jiru (126), Lilian Türam (142) və Uqo Lyorisdən (145) geri qalır.
* Hücumçu milli karyerasına başlayandan bəri cəmi 4 yoldaşlıq oyununda görünməyib – 2014-də Serbiya (1:1), 2016-da Kamerun (3:2) və Kot-d’İvuar (0:0), 2017-də İngiltərə (3:2) ilə oyunları.
Amma Antuanın karyerası tam fərqli axar üzrə də inkişaf edə bilərdi. 2012-nin payızında Fransanın gənclər yığması AÇ-2013-ə vəsiqə uğrunda pley-offda Norveçlə qarşılaşırdı. Evdə 1:0 hesabıyla qalib gələn “xoruzlar” 4 gün sonra səfər oyununa çıxacaqdı. Ancaq 1:0-dan sonra, gec saatlarda Ben-Yedder, Qrizmann və yığmanın bir neçə başqa oyunçusu Havrda taksiyə əyləşib Parisdəki “Crystal Lounge” klubuna yollandı. Komanda Osloya uçanda baş məşqçi artıq bu hadisədən xəbərdar idi, ancaq heç bir sanksiya tətbiq etmədi. Mavinqa və Mvila start heyətində çıxdı, Qrizmann və Nyanq ehtiyat oyunçular skamyasında başladı. Artıq 30-cu dəqiqədə Fransa 0:3 uduzurdu, 2-ci hussədə - hesab 1:4 olarkən Qrizmann meydana çıxdı və hətta qol da vurdu. Son nəticədə 3:5 hesablı məğlubiyyət və biabırçı şəkildə mübarizəni dayandırmaq. Fransanın futbol qurumu sərt tədbirlərə əl atdı: baş məşqçini qovdular, həmin futbolçuları cəzalandırdılar. Qrizmann qarışıq dördü bir ildən artıq müddətdə, yəni 2013-cü ilin sonuna qədər milli formaya həsrət qaldı.
Bu hadisə Antuanın beynəlxalq karyerası üçün dönüş anı ola bilərdi – Fransa, yoxsa Portuqaliya? Qrizmannın ana xətti ilə Portuqaliya kökləri də var. Cəzadan sonra o, çox ciddi şəkildə bütün variantları nəzərdən keçirməyə başladı. Futbolçunun əmisi Joze belə xatırlayır: “Antuan yığmadan uzaqlaşdırılandan sonra dedi ki, onu qaytarmasalar, Portuqaliyanın şərəfini qorumaq üçün vətəndaşlığını dəyişməsinə icazə verilməsini xahiş edəcək. Ancaq qayıtdı və xoşbəxtlikdən hər şey yaxşı oldu”.
Bir müddət əvvəl Antuan növbəti dəfə Fransadan, daha dəqiqi, yığmanın baş məşqçisi Didye Deşamdan incidi. Yazda Lyoris yığma karyerasına son vuranda Kilian Mbappe yeni kapitan oldu. Antuan isə AÇ-2024-də kapitan olmaq istəyir və belə hesab edirdi ki, sarğını almaq üçün daha çox əsası var: “Bunu qəbul etmək mənim üçün çətin idi. 32 yaşım var, hələ gücüm qalsa da, karyeramın sonuna yaxınlaşdığımı anlayıram. İlk bir neçə gündə Deşamın qərarı ilə barışmaq çətin idi. İndi Kilianı tam dəstəkləyirəm”.