"Football-plus.az" Alı bəyin redaksiyamıza verdiyi məlumatı olduğu kimi diqqətinizə çatdırır:
"Əvvəlki illərdə olduğu kimi, bu il də hörmətli cənab Prezidentin, Ali Baş Komandan İlham Əliyevin ad gününü idman tədbirləri vasitəsilə qeyd edirik. Bilindiyi kimi, dekabrın 24-də ölkə başçısının 65 yaşı tamam olur. Ötən il minifutbol və voleybol üzrə yarışlar keçirildi, qaliblərə mükafatlar verildi Bu il isə mini-spartakiada çırçivəsində şahmat, minifutbol, oğlan və qızlardan ibarət iki komandanın iştirakı ilə voleybol, dama və məktəb şagirdləri arasında bilik yarışları keçiririk. Bilik yarışının məqsədi uşaqların cənab Prezidentimizi nə dərəcədə yaxşı tanıdığını sınamaqdı. Sadəcə, bu yarışda qaliblərin mükafatlandırılması üçün "Azərenerji"yə müraciət etdik. Xahişimiz qaliblərə veriləcək kubok və medalların hazırlanması, həmçinin noutbukların alınması ilə bağlı idi. Bunun üçün təxminən 2000-2500 manat aralığında büdcə lazımdı. Əvvəlcə "Azərenerji"nin prezidenti Balababa Rzayevdən müraciətimizə təsdiq məktubu gəldi. Bildirildi ki, məsələ həll olunacaq. Lakin sonradan vəziyyət dəyişdi. Mənə elə gəlir ki, kimsə bu mövzunun həllinə maneə yaratdı. Həmin şəxsin kim olduğunu bilmirəm. Bəlkə də maliyyə məsələlərinə görə məsul şəxslərdən biridi. Kiminsə haqqına girmək istəmirəm. Bizə müxtəlif qurumlar tərəfindən daim dəstək verilib. Şahmat, Voleybol, Minifutbol federasiyaları, eləcə də AFFA müraciətlərimizi müsbət qarşılayıb, gördüyümüz işlərdə yardımını əsirgəməyib. Biz də bunun sayəsində idmanın inkişafına töhfə verəcək tədbirlər həyata keçirmişik. Uzun illərdi idman sahəsindəyəm. Bəlkə də kiminsə məndən və ya Qərbi Azərbaycan icmasından xoşu gəlmir. Ancaq bu işdə əsas məsələ qalib uşaqların mükafatlandırılmasıdı. Belə tədbirlərin şagirdləri həvəsləndirəcəyinə inanırıq".
KƏNAN BAHADIR
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.





