Yığmamızın dünən seçmə mərhələ çərçivəsində doğma meydanda Avstriyaya minimal hesabla uduzdu.
Ölkənin əsas komandasının qələbə qazanması real olmasa da, bu rəqibdən ən azı 1 xal almaq mümkün idi. Bəs yığmanın məğlubiyyətinin əsas səbəbi nədi? Estoniyadakı uğurun davamını niyə gətirə bilmədik? Oyunla bağlı bu sualları həmkarımız Anar Xanlarova ünvanladıq:
"Rəqib bu dəfə Estoniya yox, Avstriya olduğundan, gözlənildiyi kimi, oyun daha çətin keçdi, boşluqlarımız, problemlərimiz daha qabarıq göründü. Xüsusilə də ortada və müdafiə xəttində. Rəqib mərkəzi çox rahat, sürətlə keçirdi. Avtsriyalıların fiziki və atletik hazırlığının daha yaxşı olması da özünü göstərirdi. Düzdü, ilk yarıda topa nəzarətdə başa-baş oynamğa cəhd etdik, lakin fasilədən sonra rəqibin etdiyi dəyişikliklər özünü dərhal göstərdi. Qolla nəticələnən penaltini sırf bu üstünlüyə bağlamazdım. Penaltini rəqibə hədiyyəmiz kimi təqdim edərdim. "Qarabağ" kimi klubda forma geyən, yaşı 30-u haqlamış bir futbolçu topa voleybolçu kimi blok qoyursa, deyiləsi başqa söz yoxdu. Avstriya kimi komandalar belə hədiyyəni bağışlamırlar. Ümumi planda kənardan baxan azarkeş üçün elə görünə bilər ki, milli pis oynamadı. Amma futbolu az-çox anlayan insanlar üçün bu nağıllar keçmir. Futbolumuzun ac-yalavac vaxtları olan 90-cı illərdə də biz evdə Rumıniya, Portuqaliya, İsveçrə, İsveç, Portuqaliya kimi komandalara qarşı yaxşı oynayıb uduzurduq. Arada hətta xal da alırdıq. O vaxt Biləcəridən o yana keçməyə-keçməyə, hər oyun iki-üç real qol epizodu yaradırdıq. Amma dünən milli 90 dəqiqə ərzində “çərçivə”yə bir zərbə belə endirə bilmədi. 90 dəqiqə ərzində çərçivəyə düşə bilmirsənsə, necə qol vurub xal qazana bilərsən? İkinci məqam: Mahirlə Musa niyə oyuna o qədər gec oyuna qoşuldu? Oyundan sonra "CBC Sport"dan olan həmkarımız Mahirə sual verir ki, "problem yaşamadın", yazıq cavab verir ki, "nə oynadım ki, həyəcan da yaşayım?". Bu gün bizim Avropada layiqli deyə biləcəyimiz iki təmsilçimiz varsa, bunlardan biri Mahirdi, digər Musa. Belə futbolçuları ehtiyatda oturtmurlar. Ramil Şeydayevi israrla start heyətində oynatmaq bizə fayda gətirməyəcək.
"Qarabağ"ı qoyub Taylanda gedən futbolçu özü mesaj verdi ki, məni futbol yox, pul maraqlandırır. De Byazi Tayland çempionatı, Tayland futbolu ilə Xorvatiya, İsveç çempionatı, Xorvatiya, İsveç futbolunun səviyyəsini bilmirsə, mənim deyəcək başqa sözüm yoxdu. Serbiyanın bədbəxtliyi üzərindən Avropa çempionatına qatılmağı da tez-tez başımıza vurmasın. Albaniya millisi hazırda da Avropa çempionatına vəsiqənin biraddımlığındadı, indi də orda De Byazi yoxdu ki. Milli haqda bədbin fikirdə deyirəm, yaxşı futbolçularımız var, xüsusiə 2002-ci ildən bəri xatırlamıram ki, ölkə xaricində bu qədər futbolçumuz oynasın. Əksəriyyəti də öz klubunda yaxşı çıxış edir, son vaxtlar qollar vururlar. Bu futbolçulardan daha yaxşı komanda formalaşdırmaq olar. Sadəcə, De Byazi bunu edəcək məşqçi deyil".
ABDULLA İSMAYILOĞLU