"Football-plus.az" xəbər verir ki, 9-cu dəqiqədə Linhart Ramilə qarşı kobudluq etsə də, hakimin fiti susdu. 27-ci dəqiqədə Eminə qarşı oxşar hərəkət zamanı referi “davam” dedi. Amma yunanıstanlı ədalət təmsilçisi 47-ci dəqiqədə qapımıza penalti təyin etməkdə haqlı idi. 72-ci dəqiqədə Laymer Krivotsyukla çiyin-çiyə epizodda müdafiəçimizin üzünə zərbə endirdi. Hakim fit çalsa da, əlini cibinə atmadı.
Oyunun sonlarına yaxın qonaqlar “vaxt öldürməyə”, futbolçularımıza topu oyuna daxil edərkən mane olmağa başladılar. Belədə əsəbləri tarıma çəkilən Şahruddin Zabitserə əl-qol atdı. Ara qarışdı. Referi hər iki futbolçuya “sarı” verdi. Oyuna əlavə olunan 4-cü dəqiqədə isə Burqştaller 2-ci sarı ilə meydandan qovuldu. Təcrübəli referi Tahir Süleymanov idarəçiliyi belə şərh etdi:
"Avstriya yığması üçün Bakıdakı qarşılaşma Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq baxımından taleyüklü oyun idi. Hakimlər briqadası da bu ağırlığı öz üzərində hiss edirdi. Yunanıstanlı referi futbolçulara sona kimi mübarizə aparmağa şərait yaratsa da, bəzi epizodlarda sərt oyunla qayda pozuntusunu ayırd etməkdə çətinlik çəkirdi. Əsasən də belə hallar, verilən/verilməyən qərarlar Azərbaycan millisinin əleyhinə olurdu. Müdafiəçilərimiz cərimə meydanında kritik, riskli oyuna meyl edirdilər. İlk yarıda belə oyun tərzi keçərli olsa da, fasilədən dərhal sonra ehtiyatsız davranış qapımıza penaltinin təyin olunması ilə yekunlaşdı. Baş hakimin bəzi epizodlarda yanlış qərarları hər iki komandanın futbolçularında gərginlik, aqressivlik yaradır, daha da kobud oyuna sövq edirdi. Referinin Emin Mahmudova, Renat Dadaşova qarşı aşkar kobudluğa reaksiya göstərməməsi rəqibə görünən/görünməz simpatiyasının göstəricisi idi. Bunun da nəticəsində sonluq futbolçular arasında mübahisələrlə yadda qaldı, baş hakim sarı vərəqələri paylamağa məcbur oldu. Azərbaycan millisi hakimlik adına özünü nəinki evdə oynayan kimi hiss etmirdi, hətta tam neytral, obyektiv idarəçilikdən də məhrum olmuşdu. Son saniyələrdə avstriyalı futbolçuya qırmızı vərəqənin göstərilməsi isə referinin "publikaya oynayan" addımı idi. Uzatma dəqiqələrində fasilələr yaransa da, 4 dəqiqə bitincə final fitini səsləndirildi".
ABDULLA İSMAYILOĞLU




