Toral və Ramilin qolları ilə qalib gəldiyimiz oyundan sonra bir qrup adamın sevincinin həddi-hüdudu yox idi, Canni de Byaziyə tərif yağdıranlar da var. “Avstriyanı da rahatca məğlub edərək İsveçi 3-cü pillədən qovacağıq” düşünənlər də var. Ruh yüksəkliyi, qələbəyə köklənmək, nikbinlik yaxşı haldı. Amma və lakin… 5-6 komandalı qruplarda 8-10 oyunun bir-ikisində qələbə qazanmaq uğur deyil. Belə "uğuru” arabir yarımpeşəkar Malta, Farer adaları, Lixtenşteyn, Andorra, San Marino da qazanır. İdmanı, incəsənəti, ədəbiyyatı siyasiləşdirməyin tərəfdarı deyiləm. Bir vaxtlar rahatlıqla məğlub etdiyimiz, hazırda FİFA reytinqində 136-cı pillədə qərarlaşan Latviya 91-ci sıradakı erməniləri məğlub edir. Biz isə Estoniya üzərində qələbəni Braziliya, İspaniya, Portuqaliya, İtaliya, Almaniya kimi nəhənglər üzərində zəfər çalmış kimi təqdim edirik.
Bu məqamda idman yazarı Rasim Mövsümovun yazdığı statusu vurğulamaq yerinə düşür: "Azərbaycan millisi ardıcıl 7-ci oyunda qələbəyə həsrət qalan komandaya qalib gəldi. Yığmamız son 8 ayda üzü gülməyən rəqibi məğlub etdi. Ölkənin əsas komandası FIFA reytinqində 115-ci yerdəki Estoniya üzərində qələbəyə sevindi...".
Əlavə edim ki, Estoniya millisi hazırda batmış gəmini xatırladır. İş o yerə çatıb ki, azarkeşlərin böyük çoxluğu komandadan üz döndərək federasiyanı və baş məşqçini boykot edir. Bunu oyun zamanı stadiondakı boş yerlərin çoxluğundan da sezmək olurdu. Qalib gəldiyimiz oyunda cəmi 6 dəfə rəqib qapısını yoxladıq, iki dəfə qapıçını məyus etdik ki, bunun da biri penalti sayəsində gerçəkləşdi. Halbuki rəqib Bakıdakı oyunda ilk hissədə bizə futbol dərsi keçmiş, hesabı açmışdı. Yəni oyun planında hələ də ciddi inkişaf yoxdu.
Bu gün inkişaf Türkiyənin səfərdə güclü Xorvatiyanı məğlub etməsidi. De Byazinin vaxtilə rəhbərlik etdiyi Albaniyanın qrupdakı vahid liderliyidi, Qazaxıstanın güclü rəqiblərin yer aldığı qrupda 12 xal toplamasıdı.
Yox-yox, qələt elədim. İndi ağzımın üstündən vuracaqlar. Axı bizim inkişafla bağlı fərqli nəzəriyyələrimiz, nağıllarımız var. Hansı ki, italiyalı səsləndirir, trollar təbliğ edir, çoxluq isə dinləyir.
Əsas odu ki, De Byazi yaşıl meydanda hər dəfə çökən və çökəcək "bina tiksin" və ona heç kim mane olmasın. Futbolumuzun və ölkənin əsas komandasının bataqlıqda boğulmasına rəvac verənlər də estonlar üzərində qələbəni tərifləsin və cənab De Byazinin bundan sonra da vəzifəsində qalmasının vacibliyini vurğulasın.
Tək Azərbaycan yox, həm də SSRİ və dünya miqyasında məşhur kinorejissorumuz Əjdər İbrahimovun 1965-ci ildə lentə aldığı "İyirmialtılar" filmində Vanyanın (bu rolu Gennadi Boyçov oynayır) bir ifadəsi yada düşür:
"Hə, cənablar! Kefiniz buyurur bir 10 tanker yenə partladın, qoymayın ki, Rusiyaya neft getsin. Caparidzeni, Solntçevi, Məşədi bəyi, Fioletovu qırın-qurtarın...".
İndi nə Vanya (İvan Fioletov), nə 26-lar, nə də SSRİ var. Amma Azərbaycanın qara qızılı yerindədi. Nə yazıq ki, bu sərvət hələ də əcnəbilərin cibinə axır. Yığmanın “sükanı arxasına” gətirilən yadlar da bundan yaxşıca bəhrələnərək ölkənin, özü də zəngin neft diyarının əsas komandasını rüsvayçılıq bataqlığına salır.
Bu cür heç nəyə xeyri olmayan qələbədən əziyyət çəkənlər sırasında yerli məşqçilərimiz də var. Adının açıqlanmağını istəməyən yığmamızın sabiq üzvü demiş: "De Byazi 4-5 oyunda biabırçı məğlubiyyətlərə uğramaqla “Azərbaycanda futbol inkişaf etməyib, ölkənizdə futbolçu yetişmir, yığmaya çağırmağa oyunçu tapa bilmirəm” deyərək məsuliyyəti boynundan atır, bir qələbə qazananda özünü dağ başına qoyur. Futbolumuza cavabdeh şəxslər də bunu görə-görə, hələ də yerli mütəxəssislərin üzünə qapı bağlamaqla məşğuldu”.
ABDULLA İSMAYILOĞLU




