Dünən 9-cu turun açılış oyunu olan "Zirə" - "Turan Tovuz" qarşılaşmasında meydan sahibləri 2:1 hesabıyla qalib gəldi. Təbii ki, oyunu izləyənlər arasında Tovuz klubunun icraçı direktoru Nadir Nəbiyev də var idi.
O, məğlubiyyətlə bağlı "Football-plus.az" saytına bunları dedi:
"İki oyundu uğursuzluğa məruz qalırıq. Halbuki bu oyunlarda ən azı 2 xal qazanmağa layiq idik. Evdə "Neftçi"ylə oyunda əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Zirəyə də yaxşı nəticə üçün gəlmişdik, oyuna pis başlamadıq. Sadəcə, diqqətsizlikdən qol buraxdıq. Amma təslim olmadıq və fasilədən sonda hesabı bərabərləşdirdik. Təəssüf ki, hesabı qoruya bilmədik. Bu məğlubiyyətlərdən nəticə çıxarıb, irəlidəki oyunlara daha ciddi hazırlaşmalıyıq".
Nadir bəy komandaya yeni futbolçuların cəlb olunmasının mümkünlüyündən də danışdı:
"Düşünürəm ki, yeni futbolçuya ehtiyac var. Legioner sayımız azdı. Amma bu məsələdə əsas söz sahibi baş məşqçimizdi. Ayxan müəllim ehtiyac duyarsa, rəhbərlik bu yöndə müzakirə aparıb onun istəyini təmin edəcək".
ABDULLA İSMAYILOĞLU