“Kəpəz”in yeni transferləri niyə açıqlanmır? - SƏBƏB

3.10.2023 14:33 279
Ölkə futbolu / Manşet
"Kəpəz"in iki yeni futbolçu ilə güclənəcəyini diqqətinizə çatdırmışdıq. “Sarı-göylər”in baş məşqçisi Azər Məmmədov "Football-plus.az"a açıqlamasında qapıçı İqor Rodriges və hücumçu Adame Nianenin transfer edildiyini bildirmişdi. Hər iki oyunçu bir müddətdi ki, düşərgədədilər. Lakin onlarla münasibətlər hələ də rəsmiləşməyib.

Görəsən, bunun səbəbi nədi? Müqavilələrin imzalanması niyə yubadılır?

"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev saytımıza açıqlamasında durumu belə izah etdi:

"Bəli, onlar komandadadı. Məşq prosesində iştirak edirlər. Rəsmi müqavilə imzalaya bilməməyimizin səbəbi bəzi sənədlərin çatışmamasıdı. Daha dəqiq desək, ölkələrinin futbol federasiyası bəzi sənədləri təsdiqləməli və kluba göndərməlidi. Amma hələ bu yöndə nəsə etməyiblər. Son dialoqumuz zamanı bu gün və ya sabah problemin aradan qaldırılacağını bildirdilər".


KƏNAN BAHADIR