Xatırladaq ki, qalib FİFA-nın son reytinq cədvəlində ilk “100-lük”də qərarlaşan ölkələrin jurnalistlərindən ibarət beynəlxalq münsiflər heyətinin rəyi əsasında müəyyənləşib.
Keyn Mbappedən cəmi 40 xal artıq toplayıb...
Yekun nəticəni artıq bütün dünya bildiyindən çox da uzun giriş verməyə dəyməz. Hamının da bildiyi kimi, İngiltərə yığmasının kapitanı və “Bavariya”nın ulduzu Harri Keyn dünyanın ən yaxşı futbolçusu seçildi. Yəni bu il “Qızıl top” İngiltərəyə yollandı. “Real”ın və Fransa yığmasının ulduzu Kilian Mbappe 2-ci, “Barselona”nın və İspaniya yığmasının gənc ulduzu Lamin Yamal 3-cü yeri tutdu.
Qeyd edək ki, ötən il olduğu kimi bu il də hansı futbolçunun nə qədər xal topladığı nədənsə dərhal açıqlanmadı. Xallar ayrıca olaraq “Frans Futbol” tərəfindən oktyabrın 31-də açıqlanacaq. Bu nəşrin əməkdaşının sözlərinə görə səsvermənin aparıldığı vaxt əvvəlcə lider Mbappe idi. Sonra isə Keyn onu ötməyə müvəffəq oldu. Həmin mənbənin sözünə inansaq, bu səsvermədə Keyn Mbappedən cəmi 40 xal artıq toplayıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin qalibi Rodri ən yaxın izləyicisi Vinisiusan 41 xal, ötən ilin qalibi Usman Dembele isə Yamaldan 321 xal çox toplamışdı. Bu məqamda səsvermədə ilk “10-luq”da qərarlaşanlara diqqət yetirək.
1. Harri Keyn (İngiltərə/Bavariya)
2. Kilian Mbappe (Fransa/Real)
3. Lamin Yamal (İspaniya/Barselona)
4. Rodri (İspaniya/Barselona)
5. Lionel Messi (Argentina/İnter Mayami)
6. Xviça Kvaratsxeliya (Gürcüstan/PSJ)
7. Usman Dembele (Fransa/PSJ)
8. Erlinq Holann (Norveç/Mançester Siti)
9. Maykl Olise (Fransa/Bavariya)
10. Fabian Ruis (İspaniya/PSJ)
Messidən sonra ən yaxşı ikinci göstərici...
Qeyd edək ki, Keyn mövsüm ərzində, konkret desək, 3 avqust 2025 – 19 iyul 2026 aralığında sərgilədiyi oyuna görə bu mükafata sahib çıxıb. Həmin zaman bölümündə o, inanılmaz məhsuldarlıq sərgiləyərək 61-i “Bavariya”nın, 12-si İngiltərə yığmasının heyətində olmaqla 73 qol vurub! Bu, XXI əsrdə ən yaxşı ikinci göstəricidi. Rekord isə 2011/12-də rəsmi oyunlarda 82 qol vuran Messiyə məxsusdu.
Bundan başqa, Keyn Almaniyada bundesliqa, kubok, superkubokun qalibi olub, 36 qolla bundesliqanın bombardiri olub və yığma komanda ilə mundialda bürünc medalları qazanıb. Bu göstəricilər bəlkə də Keynin birmənalı şəkildə “Qızıl top”a layiq olduğunu söyləmək üçün kifayət etmir. Özü də 2025-ə qədər onun peşəkar karyerasında heç bir titul tox idi. Amma Keynin fərdi (və insani) keyfiyyətlərini, mövsüm ərzində qazandıqlarını və qol sayını digər namizədlərin göstəriciləri ilə müqayisə etsək, tərəzinin gözü o olan tərəfə ağır basar. 33 yaşlı ulduz 73 qolla həm də ilin ən yaxşı bombardiri mükafatını qazanıb. Ötən il bu mükafatı 63 qolla Viktor Dyökereş qazanmışdı.
Digər nominasiyalara gəlincə, Yamal ardıcıl 3-cü dəfə ilin ən yaxşı gənc oyunçusu seçildisə, ilin qapıçısı mükafatını “Atletik”in və İspaniya yığmasının üzvü Unay Simon qazandı. İspaniyanı dünya çempionu edən Luis de la Fuentenin ilin məşqçisi, ardıcıl 2-ci dəfə Çempionlar Liqasını qazanan PSJ-nin ilin komandası seçilməsi sürpriz olmadı.
Qadınlarda isə Aytana Bonmatinin üçillik hegemonluğuna son qoyuldu və “Barselona”nın üzvü Aleksiya Putelyas ilin oyunçusu seçildi. Özü də o, bu mükafatı karyerasında 3-cü dəfə qazanaraq bu göstəricidə Bonmatiyə çatdı. Son 6 ildə bu mükafatın yalnız ispaniyalı xanımlara qismət olması da diqqəti çəkir.
“Yamal bu mükafatı ən azı 5 dəfə qazanacaq”
Yamal və ailəsi ötən il olduğu kimi yenə mərasimi üzgün şəkildə tərk etdi. 19 yaşlı futbolçu ötən il səsvermədə 2-ci olmuşdusa, bu il 3-cü pilləni tutdu. Yamalın bu il hələ də braziliyalı Ronaldonun rekordunu yeniləyərək “Qızıl top”u qazanmış tarixdəki ən gənc futbolçuya çevrilmək imkanı var idi. Ancaq o, rekordu yeniləyə bilmədi və bu şansı birdəfəlik əldən verdi.
Ümumiyyətlə, “Barselona”lı futbolçuların “Qızıl top” həsrəti 6 ilə yüksəldi. Bu komandanın üzvlərindən sonuncu dəfə bu mükafatı 2019-da Messi qazanıb. 2020-də isə səsvermə koronavirus üzündən keçirilməyib. Buna qədər XXI əsrdə “Barsa”lıların bu qədər uzun müddət “Qızıl top”a həsrət qaldığı dönəm olmamışdı. Əvəzində Yamal başqa bir rekordla öyünə bilər. O, 3 dəfə ilin ən yaxşı gənc futbolçusu seçilən ilk oyunçu kimi tarixə düşdü! Ancaq görünür, bu məqam Yamalın ailəsini qane etmədi. Ötən il onun atası Munir Nasraui Dembelenin qələbəsini haqsızlıq adlandırmışdısa, bu dəfə Yamalın dayısı Abdul bənzər açıqlama verib:
“Mənim qohumum əla mövsüm keçirdi. O, dünyanın ən yaxşısıdı və bunu hamı bilir. Futbolu həqiqətən sevən insan seçim qarşısında qalsa, Keynin yox, Laminin oyununa baxmağa gedər. Lamin çox gəncdi və 19 yaşı var. Bu mükafatı hələ çox qazanacaq. Keynin isə futbolda cəmi 3-4 günü qalıb. Ona görə də bu mükafatı ona verdilər. Lamin bu mükafatı ən azı 5 dəfə qazanacaq”.
Yeri gəlmişkən, Keyn mükafatı qazanandan sonra sosial şəbəkədəki səhifəsində “sükut içində üzərində işləməkdə davam et. Qoy, uğur sənin hay-küyün olsun” ifadəsini yazdı. Çoxları bu sözlərin Yamala ünvanlandığını iddia etdi. “Qızıl top”un yeni sahibi hətta ertəsi gün bu sözlərinə aydınlıq gətirməli oldu:
“Karyeramın böyük hissəsində məhz bu sitata əsaslanmışam. Bu, sözlər mənim keçdiyim yolu çox gözəl xarakterizə edir. Çünki üzərimə əlavə maraq və hay-küy yönəltmədən çalışmağı sevirəm. Bəzən inkişaf etmək üçün ən yaxşı zaman heç kimin sənə baxmaması və ya diqqət yetirməməsidi. Qalan şeylər isə meydanda bilinəcək. Hər şeyi sübut etməyin ən yaxşı yolu bu mükafatı qazanmaqdı”.
Təşkilatçılar hamını çaş-baş saldı
Maraqlıdı ki, qalibin açıqlanmasına təxminən 2 saat qalmış “Qızıl top”un rəsmi saytında qalib haqda 3 material dərc olundu! İngilis dilində gedən yazıda Keyn, ispan dilində gedən yazıda Yamal, fransız dilində gedən yazıda isə Mbappe qalib elan olundu. Bunun nə məna kəsb etdiyini heç kim anlamadı və cəmi bir neçə dəqiqə sonra qalmaqallı materiallar saytdan yığışdırıldı. Görünür, təşkilatçılar əvvəlcədən 3 əsas namizədlə bağlı yazı hazırlayıbmış və saytda da məhz qalib olan futbolçu haqda yazı, onun il ərzindəki göstəriciləri yerləşdirilməli idi. Amma saytın hansısa işçisi səhvən hər üç yazını ora yerləşdirdi. Bu, bir tərəfdən onu göstərir ki, hətta saytın əməkdaşları da son ana qədər kimin qalib olacağını bilmirdilər. Amma digər tərəfdən tədbirin bu il ilk dəfə Londonda keçirilməsi və məhz ingiltərəli futbolçunun qalib olması birmənalı qarşılanmadı. Çoxlarının fikrincə, Keynin qələbəsi çoxdan bəlli idi...
Bir məqamı da qeyd edək ki, bu ildən etibarən nominasiyaların əfsanələrin adı ilə verilməsinə son qoyulub. Məsələn, buna qədər ilin ən yaxşı qapıçısına Lev Yaşinin, ilin ən yaxşı məşqçisinə Yohan Kroyffun adını daşıyan mükafat təqdim olunurdu. Amma məsələ burasındadı ki, eyni nominasiyalarda mükafatlar qadınlara da təqdim olunur. Kişi futbolçunun adını daşıyan bir mükafatın qadına verilməsi düzgün çıxmır. Qadın futbolunda isə mükafatın adını daşıyacaq qədər əfsanəvi simalar yoxdu. Ona görə də UEFA və “Frans Futbol” belə desək, adları yığışdırmaq qərarına gəlib. Artıq sadəcə, ilin ən yaxşı qapıçısı və ya ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim olunur.
Yeri gəlmişkən, adı namizədlər arasına düşən ilk rusiyalı qapıçı olan Matvey Safonov məhz qapıçılar arasındakı səsvermədə 4-cü pilləni tutdu. İlk “3-lük”də Unay Simon, David Raya və Tibo Kurtua qərarlaşdı. Bu mükafatı Simonun qazanması çox qəribə görünür. Bu qapıçı mövsüm ərzində “Atletik”in heyətində qeyri-adi bir şey sərgiləmədi. İspaniya ilə dünya çempionu olduğu turnirin geidişində isə onun qoruduğu “çərçivə”yə cəmi 10 zərbə endirildi!
İngiltərə İtaliyanı geridə qoydu
Keyn son 25 ildə “Qızıl top”u qazanan 1-ci, tarixdə isə 5-ci britaniyalı futbolçu oldu. Sonuncu dəfə bu uğuru britaniyalılardan 2001-ci ildə Maykl Ouen qazanmışdı. Ondan öncə 1956-da Stenli Metyuz, 1966-da Bobbi Çarlton və 1978, 1979-cu illərdə Kevin Kiqan qalib olmuşdu. Keynin bu uğuru təkcə Britaniya futbolu üçün yox, “Bavariya” üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki o, son 45 ildə bu nüfuzlu mükafata sahib çıxan ilk “Bavariya” futbolçusudu! Münhenlilərin heyətində sonuncu dəfə ilin futbolçusu adını 1981-ci ildə Karl-Haynts Rummenigge qazanıb. Klub tarixində bu sevinci yaşamış digər isimlər isə Herd Müller (1970) və Frants Bekkenbauer (1972, 1976) olub. Bu məqamda Rummeniggeni dinləyək:
“Keyn buna tam layiq idi. Təkcə ona görə yox ki, möhtəşəm bir mövsüm keçirdi. Həm də ona görə ki, həqiqətən də hər kəsə örnək olacaq xarakterə malikdi. İdmanda və indiki cəmiyyətdə artıq bu, nadir bir tapıntıdı. Harri həm də sübut etdi ki, mükafatı bundesliqada oynayaraq da qazanmaq mümkündü”.
Keyn həm də XXI əsrdə bundesliqada oynayaraq bu mükafatı qazanana birinci futbolçudu. Sonuncu dəfə bu turniri təmsil edənlərdən 1996-da Dortmund “Borussiya”sının üzvü Mattias Zammer ən yaxşı oyunçu seçilmişdi.
Daha bir maraqlı məqam odu ki, PSJ ÇL-in son qalibi olsa da, bu komandanın heç bir üzvü səsvermədə ilk “5-liy”ə düşə bilmədi! Baxmayaraq ki, bu klubun düz 10 üzvü namizədlər arasında idi. Sonuncu dəfə belə halla 2012-də “Çelsi” üzləşmişdi. Londonlular həmin il ÇL-i qazansalar da, səsvermədə bu komandanın ən yaxşı nəticəsi Didye Droqbanın 8-ci pillədə qərarlaşması olmuşdu. İngiltərə isə “Qızıl top”un sayına görə İtaliyanı (5) geridə qoydu. Bu göstəricidə lider hərəyə 8 mükafatı olan Fransa ilə Argentinadı. Düzdü, Argentinada 8 mükafatın hamısını yalnız Messi qazanıb.
Yaş mövzusuna da toxunmağa dəyər. İlk qalib Stenli Metyuz bu mükafatı 41 yaşda qazanmışdı və bu, indiyə qədər də rekord göstəricidi. Son illərdə 30 yaşlı futbolçuların “Qızıl top”u qazanması artıq ənənəyə çevrilib və 33 yaşlı Keyn də bu trendi davam etdirdi. Təsəvvür edin, 1960-2015-ci illərdə, yəni 55 il ərzində yaşı 30-u haqlamış cəmi 6 isim mükafatı qazanmışdı. Söhbət Yozef Masopust (31 yaş), Lev Yaşin (34), Franst Bekkenbauer (31), Mişel Platini (30), Pavel Nedved (31) və Fabio Kannavarodan (33) gedir. Son 10 ildə isə belə futbolçuların sayı daha çoxdu (8)! Kriştiano mükafatı 31 və 32, Messi, 32, 34 və 36, Luka Modriç 33, Benzema isə 35 yaşda qazanıb.
Səbəbkardan sitat
Nə deyəcəyimi bilmirəm. Yaxşı ki, özümlə bu kağızı götürmüşəm. “Frans Futbol”a və UEFA-ya belə bir gözəl tədbirə görə təşəkkür edirəm. Bu dəfə mərasimin Londonda keçirilməsi builki tədbiri xüsusi və undulmaz edir. Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm. Bu il səs vermək heç də asan deyildi. Qarşımda inanılmaz futbolçular var idi. Onlardan bəziləri hətta mənim komanda yoldaşlarım idi. Həqiqətən də dünya səviyyəli isimlərdi. “Tottenhem”ə də təşəkkür etmək istəyirəm. Çünki onlarsız mən indi sahib olduğum şeylərin heç birini əldə edə bilməzdim. Orda 11 il keçirmişəm və bu yolda addımlamağa mənə bir çox məşqçi yardım edib. Bütün bu xatirələr, yüksəlişlər və enişlər məni indi olduğum yerə gətirib. Həyat yoldaşım Keyt ən yaxın dostum və məni ən çox dəstəkləyən insandı. Biz, nəhayət, bunu bacardıq. Bilirəm ki, bu mükafatı qazanmağımı məndən də çox istəyirdi. Uğur qazanmağım naminə çox şeyi fəda etməli oldu. Onsuz bütün bunları bacara bilməzdim. “Bavariya” və İngiltərə yığmasındakı komanda yoldaşlarımı da xüsus qeyd etməliyəm. Bu cür yığmanın lideri və kapitanı olmaq mənim üçün böyü qürurdu. Ümid edirəm ki, bu uğurumu indi Vensan Kompani də izləyir və bu, ona tez sağalmaq üçün əlavə güc verəcək. “Bavariya”ya gəldiyim gündən bəri həm futbolçu, həm insan, həm də lider kimi daha da güclü olmuşam. Bu klubu təmsil etmək mənim üçün əsl fəxrdi. Şadam ki, bu mükafatı yenidən “Bavariya”ya gətirdim.





