“Qarabağ”la oyunda bilet qiyməti ikiqat qaldırılsın, gecikənlər oyuna buraxılmasın" - "Xəmsə"dən "Kəpəz"ə qəribə təklif

2.11.2026 11:00 801
Ölkə futbolu / Manşet
"Kəpəz" dünən Misli premyer-liqasının 10-cu turunda "İmişli"yə qalib gəldi (1:0). Bununla "sarı-göylər" çempionatda keçirdiyi ardıcıl altıncı oyunda uduzmadı. Gəncəlilərin ölkə kubokunun 2-ci təsnifat mərhələsində "Baku Sportinq"i mübarizədən kənarlaşdırdığını da (3:1) nəzərə alsaq, kollektiv son 7 matçda uduzmayıb.

Bu qarşılaşmadan sonra "Kəpəz"in "Xəmsə" azarkeş qrupunun rəhbəri Müşviq Məmmədov "feysbuk" sosial şəbəkə hesabında maraqlı paylaşımla gündəmə gəlib. "Football-plus.az" xəbər verir ki, tərəfdar bu sözləri yazıb:

"Görün, indi futbol oynasaq, futbolçularımızı rənginə yox, bacarığına görə oynatsaq, nələr olar, nələr... Təklif edirəm, “Qarabağ”la oyunda biletlərin qiyməti ikiqat qaldırılsın, gecikənlər oyuna buraxılmasın".

Xatırladaq ki, 12-ci turda keçiriləcək "Kəpəz" - "Qarabağ" görüşü noyabrın 22-də keçiriləcək. Oyun saat 17.00-da start götürəcək.

KƏNAN BAHADIR