Sentyabrın 17-də "Qarabağ" "Sabah"la gərgin keçəcəyi gözlənilən qarşılaşmada rahat qələbə qazandı.
"Tələbələr" çempionatın yeni mövsümündə bu ana qədər yalnız bir qələbə qazanmaqla turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Maraqlıdı ki, bu qələbə də məhz "Partizan"la səfər oyununda əvvəl qazanılıb. Bəs bir ay əvvəlki "Sabah" bizə bu nəticələri vəd edirdimi? Sentyabrın 17-də "Partizan"la cavab oyunundan düz bir ay keçirdi. Həmin görüşdə "Sabah" rəqibinə iki cavabsız qolla məğlub olmuş, penalti seriyasından sonra da Konfrans Liqası ilə vidalaşmışdı. "Partizan"la cavab görüşündən bəri "Sabah" bir dəfə də qələbə qazana bilməyib. Kimdi müqəssir? Bu suala cavab tapmağa çalışacağıq.
Bildiyiniz kimi, avrokuboklarda çıxış ərəfəsindəki dönəm "Sabah" üçün xaotik oldu. Əvvəlcə aparıcı oyunçulardan Aleksey Kaşuk komandadan ayrıldı.. Daha bir zərbə isə “Partizan”la ilk oyundan əvvəl meydana çıxmayacağını deyən Coy-Lens Mikelsdən gəldi. Futbol azarkeşləri klubun həin dönəminə yaxından bələddi. Məsələ burasındadı ki, heyətini müntəzəm legionerlərkə zənginləşdirən "Sabah" üçün sadəcə, iki oyunçunun gedişi uğursuz nəticələrə bəhanə olmamalıdı. Bəli, komanda heyətini məhz zənginləşdirir, bu oyunçulardan güclənmək məqsədilə istifadə etmək isə baş məşqçi Murad Musayevin vəzifəsidi. Evdə televizor qarşısında oturan azarkeş düşünə bilər ki, "Sabah"ın uğursuz çıxışı məhz "Partizan"la oyundakı məğlubiyyətin yaddan çıxmaması, oyunçularda ruh düşkünlüyünün yaranması ilə bağlıdı. Murad Musayev isə indiki vəziyyətin psixoloji durumla bağlı olmadığını iddia edir. Bəli, Murad Musayevin də dediyi kimi, televizor qarşısında oturmalı olanlar azarkeşlərdi, futbolçular yox. "Sabah" iddiası və göstərdiyi oyunla azarkeşləri necə stadiona gətirməyi bacarmışdısa, eləcə də onları uzaqlaşdırmağa başlayıb.
Musayev oyunsonrası mətbuat konfransında bildirdi ki, komandanın toparlanması üçün müəyyən zamana ehtiyacı var. Lakin nə qədər zamana? Ola bilsin ki, bu müddət yeni transferlərin komandaya nə qədər tez uyğunlaşacaqları ilə birbaşa bağlıdı. Belədə vacib bir sual yaranır: niyə çempionluğa iddialı komanda transfer edərkən oyun praktikasından məhrum futbolçuları seçir? Görünür, bu oyunçuların təqdimat videolarının möhtəşəmliyi, sadəcə azarkeşlərin gözlərini boyamaq niyyəti daşıyır. Avrokuboklarda müntəzəm qrup mərhələsində mübarizə aparan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transferlərlə bağlı ictimaiyyətin qınağına çox tuş gəlib. Lakin o, transferlərdən maksimum yararlanmağı da bacarır. Təbii ki, qaydanı pozmayan bəzi istisnalar da var. Böyük hədəfləri olan heç bir peşəkar klub oyun praktikası az olan futbolçularla uğurlu gələcək planları qurmur. Burdan belə bir nəticə çıxır ki, Musayevin legioner sevdası da "Sabah"a ciddi zərər verə biləcək amillərdən biridi. Təbii ki, yaxşı legionerlər kollektivdəki yerli oyunçuların inkişafı üçün çox faydalı ola bilər. Lakin bu məsələyə sırf "komandada legioner futbolçu çox olsun" düşüncəsiylə yanaşan məşqçidən uğur gözləmək sadəlövhlük olar. Davamlı uğursuz nəticələr isə bu düşüncənin dəyişməsi üçün faydalı olmalıdı. Hər səhvdən bir dərs çıxarmaq da peşəkar mütəxəssislərin keyfiyyətlərindən biridi.
"Sabah" artıq potensialını futbol ictimaiyyətinə göstərməyi bacarıb. Bütün problemlərə, çətinliklərə baxmayaraq, komandanın yenidən dirçələcəyinə ümidimiz çoxdu. Bəlkə də, bu, elə Murad Musayevin dediyi kimi, qazanılacaq bir qələbədən asılıdı, bəlkə də yeni transferlərin kollektivə uyğunlaşmasından. Unutmaq lazım deyil ki, istənilən baş məşqçi üçün heyətində yeni futbolçuların çoxluq təşkil etdiyi komandanı qısa müddətdə optimal vəziyyətə salmaq olduqca çətindi. Lakin Murad Musayev bu yolu özü seçib. Odur ki, məsuliyyəti də dərk edib, "Sabah"I indiki durumdan çıxarmalıdı.
ADİL NƏHMƏTLİ