Bu həftə 1-ci liqada mübarizəyə start verildi. İlk turun nəticələrindən təcrübəli “Zaqatala”nın “doğma divarlar” arasında “İrəvan”a uduzması diqqəti çəkdi.
Komandanın baş məşqçisi Rüstəm Məmmədov uğursuz start barədə "Football-plus.az” saytına danışdı:
"İlk oyun həmişə müəammalı olur. Rəqibi yetərincə tanımırsan, çempionatda start həyəcanı hiss olunur. Bundan başqa, bir çox problemlərimiz də var idi. Heyətimizdə zədəlilər var, iştirak ərizəsinə bəzi oyunçuları əlavə edə bilmədik, ehtiyat qüvvəmiz də yox idi. Həmçinin rəqib də yetərincə güclü komandadı, həm heyətində, həm də ehtiyatda hazırlıqlı oyunçuları var. Komandam ilk yarıda yaxşı çıxış etdi. Fasilədən sonra zəif oynadıq, rəqib də təzyiqi artıraraq qapımıza 2 qol vurdu. İlk qarşılaşmada uğursuzluğa məruz qalsaq da, nikbinik. Növbəti turlarda daha yaxşı çıxış edəcəyik".
Rüstəm bəy həmçinin ev oyunları üçün mövsümi biletlərlə bağlı da söhbət açdı:
"Biletlərin qiyməti 1 manatdı. Amma mövsümi biletlərin satışı ideyasının kimə məxsus olduğunu bilmirəm. Düşünürəm ki, Futbolun İnkişaf Fondunun tövsiyəsi ilə bilet satışına başlamışıq. Yenə də dəqiq nəsə deyə bilmərəm".
ABDULLA İSMAYILOĞLU