“Sona kimi mübarizə aparacam”
Şahmat dünyasının diqqəti Hollandiyanın Veyk-An-Zee şəhərində keçirilən “Tata Steel” turnirinə yönəlib. Çünki dünya şahmatının “qaymaqlar”ı bu yarışa toplaşıb. Ötən ili rekordlarla başa vuran Şəhriyar Məmmədyarov 2018-ə də uğurlu başlayıb. Superturnirin son turunu qələbəylə başa vuran sumqayıtlı qrossmeyster liderlər qrupunda qərarlaşıb. Məmmədyarov 5-ci turda dünya reytinqində 2-ci pillədə yer alan Fabiano Karuanaya qalib gəlməklə onlayn reytinqdə əmsalını 2810-a çatdırıb ki, bu da yeni ölkə rekordudu. Hazırkı göstəricilərə görə Şəhriyar ABŞ yığmasının üzvünü qabaqlayır və dünyada yalnız Maqnus Karlsendən geri qalır. Ancaq unutmayaq ki, hələ yarışın bitməsinə 8 tur var və şahmatçıların əmsalı aşağı-yuxarı dəyişəcək. Əsas odu ki, yığmamızın lideri ayın sonunadək əmsalını qoruya bilsin.
Yeri gəlmişkən, Məmmədyarov Karuana üzərində qələbədən danışıb: “Debütdən sonra üstünlük əldə etmədim. Fabiano etibarlı oynadı. Partiyadan əvvəl bu varianta baxmışdım. Bu mövqedə nə “ağlar”, nə də “qaralar” üçün problem görünürdü. Ancaq dinamik mübarizə fonunda rəqib at dəyişmək variantını unutdu. Atımı E4 xanasına qoyduqdan sonra “qaralar”ın problemləri yarandı. Bundan sonra tədricən üstünlüyüm daha da artdı”.
Şəhriyar əmsalını artırması haqda isə bunları deyib: “Turnirlər fərqli olur. Rapiddə və blitsdə əmsalımı 8 vahid artırsam da, ilk “10-luğ”a düşmədiyim yarış olub. Deməli, əmsal artımı heç nə demir. Hələ 8 tur var. Bu turnirdə çoxlu güclü şahmatçılar iştirak edir. Əlbəttə, belə turnirdə qalib gəlmək xoşdu. Bu üzdən sona kimi mübarizə aparacam”.