Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
"Football-plus.az" xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz olan “Qarabağ” evdə “Olimpiya” ilə üz-üzə gəlib. Oyunun yayınını “İdman” TV üzərinə götürüb. Bildiyiniz kimi, səfər oyununun yayını ilə bağlı biabırçılıqdan sonra bu dəfə məsuliyyəti “CBC Sport”un boynuna götürəcəyi deyilirdi. Daha doğrusu, Ağdam klubu və adı çəkilən kanal çərşənbə axşamı bu yöndə açıqlama vermişdi. Dünən isə bəlli oldu ki, cavab görüşünü də tamaşaçılara “İdman” TV çatdıracaq. Daha bu işə hansısa gözəgörünməz qüvvənin əl qoyub-qoymadığına toxunmağa dəyməz.
Avropa Liqası
pley-off, cavab görüşü
Qarabağ – Olimpiya (Sloveniya) 1:1
Toral Bayramov, 24 (p.) - Dioqo Pinto, 36
"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99.Andrey Lunyov, 2.Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
"Olimpiya": 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Alyaj Krefl, 10. Timi Elşnik, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro.
Ehtiyat oyunçular: Zan Moiroko, Yustas Lasickas, Mustafa Nukiç, Saar Fedida, Marko Ristiç, Ahmed Muhamedbeqoviç, Admir Bristriç, İvan Posaveç, Nemanya Qavriç, Aldin Yakupoviç.
Hakimlər: ALEXANDRO ERNANDES, Xose Naranxo, Dieqo Sançes Roxo, Alexandro Munis Ruis (hamısı İspaniya).
VAR hakimi: Xuan Martines Munuera (İspaniya).
VAR hakiminin köməkçisi: Valentin Qomes (İspaniya).
Hakim-inspektor: Sokol Yareçi (Albaniya).
UEFA nümayəndəsi: Roksana Berkeanu (Rumıniya).
31 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20.00.
İlk oyun – 2:0.
Lyublyanadakı görüşdə komandamız ilk hissədə yaxşı oyun sərgilədi. Fasilədən sonra isə sanki “köhlən atlar” gücünü qorumağa üstünlük verdi. Qurban Qurbanov oyunun sonlarına yaxın əvəzetmələr hesabına komandanı gücləndirsə də, hesab dəyişmədi.
Artıq ilk oyun geridə qalıb. “Qarabağ” işin 60-70 faizini səfərdə həll edib. Lakin Bakıdakı oyun o qədər asan keçməyəcək. Lyublyanalıların oyundan 3 gün Bakıya gəlişi də ümidlə yaşamalarından xəbər verir.
Çox güman, Qurban bəy rəqibə açıq futbol oynamağı təklif edəcək. Bu məqam ağdamlıların işinə yarayır. Çünki sloveniyalılar hesab arasındakı fərqi aradan qaldırmaq üçün irəli atılacaq. “Köhlən atlar” isə rəqibi əks-hücumda “tutmaqla” cəzalandıra bilər.
Qurbanovun bu oyun tərzinə uyğun olaraq, aşağıdakı heyəti meydana buraxacağını söyləyə bilərik: Luka Quqeşaşvili, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Julio Romao, Marko Yankoviç, Abdulla Zubir, Yassin Benzya, Leandro Andrade, Redon Cica.
Düzdü, Marko Veşoviç zədələnəndən sonra müdafiənin sağında Toral Bayramov çıxış edirdi. Lakin Mateus bu rəqibə qarşı daha effektli ola bilər. Onun hücumlara qoşulma potensialı Toralla müqayisədə daha yaxşıdı. Həm də millimizin üzvü üçün bu mövqe yaddı. Mateus isə sağ cinah müdafiəçisi və vingeridi.
Təbii ki, favorit “Qarabağ”dı. Ağdamlılar 8-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa çox yaxındı. Düzdü, “Sabah”ın acı təcrübəsini də unumamalıyıq.