Bilindiyi kimi, Türkiyə Futbol Federasiyasının qərarı ilə ölkəni avrokuboklarda təmsil edən komandalar bu tur meydana çıxmadı.
"Football-plus.az" xəbər verir ki, ona görə də 10 oyundan yalnız 7-si baş tutdu. Maraqlıdı ki, “Fənərbaxça” meydana çıxmamasına rəğmən, liderliyini qorudu! Tura cümə günü start verildi. “Qaziantep”in müqavimətini yalnız 2-ci hissədə qırmağa müvəffəq olan “Konyaspor” mövsümdəki ilk qələbəni bayram etdi.
Tarixində ilk dəfə elitada oynayan “Pendikspor” isə deyəsən, ilk turda “Hatayspor”dan yediyi sillədən (1:5) sonra superliqanın necə ciddi turnir olduğunu anlayıb. Ötən tur səfərdə “Beşiktaş”a uduzmayan bu komanda bu dəfə səfərdə “Kasımpaşa”dan da xal almağı bacardı. “Sivasspor”la “Antalyaspor”un duelində qalib müəyyənləşmədi. Antalya təmsilçisi hələ də qələbəyə həsrətdi. Şənbə günü əsas diqqətlər Trabzona yönəlmişdi. Qaradəniz derbisi çərçivəsində “Trabzonspor” debütant “Çaykur Rizəspor”la ev oyununda aşkar favorit sayılırdı. Amma buna qədər Nenad Byelitsanın başçılığı altında superliqada keçirdiyi 4 ev oyununun hamısından qələbə ilə ayrılan “Trabzonspor” bu dəfə heç 1 xal da qazana bilmədi! Qonaqlar artıq 20-ci dəqiqədə macarıstanlı yeni transfer Attila Moçinin baş zərbəsi ilə hesabda önə keçdilər. Maraqlıdı ki, bu futbolçu komandanın düşərgəsinə oyundan cəmi bir gün öncə qoşulmuşdu. Oyun əsasən meydan sahiblərinin üstünlüyü ilə keçsə də, fasiləyə qədər qonaqlar Burhan Kesərlə 2-ci qolu da vurmağa müvəffəq oldular. “Trabzonspor” 2-ci hissənin əvvəllərində Bakasetasın penalti zərbəsi ilə fərqi minimuma endirsə də, qonaqlar qol imkanlarından yararlanmaq baxımından dərsliklərə düşəcək effektivlik nümayiş etdirdilər. Çox keçmədən əks-hücum zamanı Burhan dublunu rəsmiləşdirərək yerli fanatları yenidən şoka saldı. 2-ci hissədə meydana çıxan 21 yaşlı forvard Enis Destan son anlarda fərqi 1-ə endirərək Türkiyə çempionatında ilk qolunu vurdu. Amma 2021/22 mövsümünün çempionunun bundan artığına gücü çatmadı. Qeyd edək ki, debütantlar arasında Trabzon səfərində 3 qol vurmağı bacaran son komanda 2011/12-də “Mersin İdman Yurdu” olmuşdu. “Trabzonspor” 2016/17-dən bəri ilk dəfə mövsümün ilk 3 turunu 2 məğlubiyyətlə tamamladı.
Bazargünkü qarşılaşmalara gəlincə, “Ankaragücü” səfərdə “Fatih Karagümrük”dən, “Hatayspor” isə “Alanyaspor”dan xal qoparmağı bacardı. “Alanyaspor” “Qalatasaray”la birlikdə qol buraxmayan iki komandadan biridi. “Kayserispor” isə debütant “Samsunspor”dan üstün olaraq mövsümdə ilk qələbəsini qazandı.
3-cü tur
Trabzonspor – Çaykur Rizəspor 2:3
Bakasetas, 58-p. Enis Destan, 83 – Moçi, 20. Benhur Kesər, 43; 66.
Trabzonspor: Uğurcan Çakır, Benkoviç, Baniya, Strüger Larsen (Mehmet Can Aydın, 46), Ərən Elmalı, Kurbelis (Göktan Gürpüz, 83), Bakasetas, Bardi, Tekliç (Fontas, 46), Visça (Abdülkadir Ömür, 70), Umut Bozok (Enis Destan, 70).
Kayserispor – Samsunspor 2:1
Uzodimma, 16. Tiam, 38 – Muandilmaci, 21.
Kasımpaşa – Pendikspor 1:1
Vink, 81 – Romero, 45+7.
Fatih Karagümrük – Ankaragücü 1:1
Roden, 44 – Əfqan Bəkiroğlu, 57.
Konyaspor – Qaziantep 2:0
Gilyerme, 68. Muriç, 90+5.
Sivasspor – Antalyaspor 1:1
Rodriges, 36 – Larsson, 10.
Alanyaspor – Hatayspor 0:0
“İstanbulspor” – “Qalatasaray”, “Fənərbaxça” – “İstanbul BŞ”, “Adana Dəmirspor” – “Beşiktaş” oyunları təxirə salınıb.
1. Fənərbaxça 2 2 0 0 4-1 6
2. Hatayspor 3 1 2 0 5-1 5
3. Sivasspor 3 1 2 0 5-3 5
4. Konyaspor 3 1 2 0 4-2 5
5. Alanyaspor 3 1 2 0 2-0 5
6. Kasımpaşa 3 1 2 0 4-3 5
7. Kayserispor 3 1 2 0 3-2 5
8. Qalatasaray 2 1 1 0 2-0 4
9. Adana Dəmirspor 2 1 1 0 3-2 4
10. Fatih Karagümrük 3 1 1 1 3-2 4
11. Beşiktaş 2 1 1 0 2-1 4
12. Çaykur Rizəspor 3 1 1 1 4-4 4
13. Trabzonspor 3 1 0 2 3-5 3
14. İstanbulspor 2 0 2 0 2-2 2
15. Ankaragücü 3 0 2 1 4-5 2
16. Antalyaspor 3 0 2 1 2-3 2
17. Pendikspor 3 0 2 1 3-7 2
18. Samsunspor 3 0 1 2 2-5 1
19. İstanbul BŞ 2 0 0 2 0-4 0
20. Qaziantep 3 0 0 3 2-7 0
Bombardirlər: Ceko (Fənərbaxça), Əfqan Bəkiroğlu (Ankaragücü) – 3.
Növbəti turun oyunları sentyabrın 1-3-ü aralığında keçiriləcək: Çaykur Rizəspor – Fatih Karagümrük, Ankaragücü – Fənərbaxça, Beşiktaş – Sivasspor, Antalyaspor – Kayserispor, Qaziantep – Qalatasaray, İstanbul BŞ – Konyaspor, Samsunspor – İstanbulspor, Kasımpaşa – Trabzonspor, Pendikspor – Alanyaspor, Hatayspor – Adana Dəmirspor.
Turun rəqəmi
2492 – əslində “Çaykur Rizəspor” “Trabzonspor” üçün ən uğurlu rəqiblərdən biri idi. Trabzon təmsilçisi superliqa tarixində ən yaxşı qələbə faizinə məhz rizəlilərlə oyunda malik idi. Bu tura qədər “bordo-mavililər” superliqada bu rəqibə qarşı evdə keçirdiyi 21 oyundan 18 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə ilə ayrılmışdı. “Çaykur Rizəspor”un yeganə qələbəsi 2006-cı il oktyabrın 30-da qeydə alınmışdı (1:0). Beləcə Rizə təmsilçisi derbidə prinsipial rəqibini səfərdə 17 ildən, daha dəqiq desək, 2492 gündən sonra ilk dəfə məğlub etdi!
Turun ulduzu
Burhan Kəsər (Çaykur Rizəspor) – çempionluğa iddialıların oynamadığı və hadisələrlə zəngin olmayan turda bir futbolçu aşkar şəkildə başqalarından seçilməyi bacardı. Trabzon səfərində qol vurmaq asan məsələ deyil. Burhan isə dubl edərək komandasının tarixi qələbəsində mühüm rol oynadı. “Kayserispor”un yetirməsi olan və 2022-dən “Çaykur Rizəspor”un şərəfini qoruyan 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm 1-ci liqada 7 qol, 7 məhsuldar ötürməlik performansla rizəlilərin elitaya qayıtmasında heç də az rol oynamamışdı. Bu mövsümə qədər yalnız aşağı liqalarda top qovan və heç vaxt superliqa təcrübəsi yaşamayan Burhan elitadakı 3-cü oyununda adından söz etdirməyi bacardı.
Turun sitatı
Əmrə Kocadağ, “Beşiktaş”ın vitse-prezidenti: “Bəzi saytlarda başqanımız Ahmet Nur Çəbinin istefa verməsi, mənim müvəqqəti onun yerinə keçməyim və camiənin növbədənkənar seçkiyə hazırlaşması barədə yalan məlumatlar peyda olub. Guya idarə heyətinin üzvləri arasında rəqabət olması təsəvvürü yaradılıb. Amma bu xəbərləri yayanlar, şəxsi mənafeyi üçün camiəmizə zərər verməyə çalışanlar istəklərinə çata bilməyəcəklər. Başqanımız populist çıxışlara ehtiyac duymadan, özünü gözə soxmağa ehtiyacı olmadan vəzifəsini davam etdirir. Biz də bu yolun sonuna qədər onunla birlikdə klubumuza xidmət edəcəyik. “Beşiktaş”ı sevməyənlər və məğlubiyyətimizi gözləyənlər isə üzülməkdə davam edəcək”.
Reaksiyalar
Nenad Byelitsa, “Trabzonspor”un baş məşqçisi: “Nəticə sürpriz olsa da, “Çaykur Rizəspor”un layiqli qələbə qazandığını deməliyəm. Əllərinə düşən fürsətləri dəyərləndirdilər. Biz isə dəyərləndirə bilmədik. Bəzi anlarda yaxşı, bəzi anlarda pis oynadıq. Rəqibin ilk təhlükəli hücumu qolla nəticələndikdən sonra oyunumuzda təlaş və təşviş başladı. 0:2-dən sonra əvəzetmələrlə yalnız hücumameyilli oynamaq məcburiyyətində qaldıq. Amma istəyimizə çata bilmədik. Bu yay komandaya 10 yeni oyunçu gəlib. Asan deyil. Həm mənim sistemimə, həm də komandaya alışmağa çalışırlar. Hər şeyin yerinə oturması üçün zaman lazımdı. Bizim üzərimizə düşən yalnız çalışmaq və komandanı layiq olduğu yerə gətirməkdi. Türkiyə mətbuatının Umut Bozoka layiq olduğu dəyəri vermədiyini düşünürəm. Belə şeylər onun üzərində təzyiq yaradır. Umut ən hazır oyunçularımdan biridi. Məşqlərdə də yaxşı təsir bağışlayır. Üstəlik Türkiyə yığmasına da dəvət alır. Onu oynatmayıb da kimi oynatmalıyam?! Toparlanmalıyıq. Bu komanda üçün meydanda canını qoymayanlarla yola davam etməyəcəyik. Heç kim komandadan üstün deyil”.
İlhan Palut, “Çaykur Rizəspor”un baş məşqçisi: “Trabzonspor” öz meydanında, gözlənildiyi kimi, bizə çətin anlar yaşatdı. Cərimə meydançamıza tez-tez daxil olurdular. Amma biz dəqiq ötürmələrə əsaslanan oyunumuzla və standart zərbələrlə 3 qol vurduq. Bizim üçün çox dəyərli bir qələbədi. Heyətimiz gəncdi. Bu gənc komandanın nələr edə biləcəyini gördük. Onların potensialı böyükdü və yeni şeylər öyrənməyə çox həvəslidilər. Trabzonlu fanatların üzüldüyünü bilirik. Amma ümumilikdə çox baxımlı bir qarşılaşma oldu. İlk 2 turda cəmi 1 xal toplamışdıq. Hər kəs yığma fasiləsindən sonra qələbələr qazanmağa başlayacağımızı düşünürdü. Amma oyunçularıma dedim ki, yığma fasiləsini gözləməyin nə mənası var? Onlara “qələbəyə yetəcək qədər oyun sərgiləyin, nəticə çox da önəmli deyil” dedim. Cəsur futbol sərgilədilər. Trabzon səfərindən qələbə ilə dönmək asan məsələ deyil”.