"Kəpəz" - "Turan Tovuz" derbisi qonaqların qələbəsiylə başa çatdı.
"Football-plus.az" xəbər verir ki, Gəncəli azarkeşlər paltardəyişmə otağına yollanan qonaq futbolçuları fitə basaraq onların ünvanına nalayiq ifadələr səsləndirdilər. Bu zaman tovuzlu oyunçulardan Ayxan Quseynov, Roderik Miller, Şəhriyar Əliyev azarkeşlərə cavab olaraq əl çaldı. Kamal Bayramov isə qeyri-etik ifadələr söyləyənlərə şəhadət barmağını göstərərək nəsə dedi. Kapitanın nə demək istədiyini öyrənmək üçün özü ilə əlaqə saxladıq:
"Məlum məsələdi bu komandalar arasında tarixi pirinsipiallıq var, oyunları həmişə gərgin kecib. Odu ki, kiçik-böyük insidentlərin olması normaldı. Qalib gəldiyimiz oyunda rəqibin azarkeşlərini də alqışladıq. Çünki komandaları məğlub olmasına rəğmən, onlar "sarı-göylər"ə dəstək oldular. Nəzərinizdən qaçmayan barmaqla göstərməyim tək bir azarkeşə şamil idi. Çünki o, qeyri-etik ifadə işlətmişdi. Əslində ona "Kəpəz" azarkeşi də deməzdim - yaşlı nəslin stadiona təşrif buyuran əxlaqsız bir nümayəndəsi idi. Həmin şəxsin yaşı 60-dan artıq olsa da, hələ də abır-həya tapa bilməyib. Barmağımı da ona sirkələdim. Sözüm o ki, fərdi naqis şəxsləri çıxmaq şərti ilə ümumilikdə gəncəli azarkeşlərə böyük hörmətimiz var. İnşallah, belə azarkeşi olan komanda özünə layiq sponsor tapacaq".
ABDULLA İSMAYILOĞLU