Gəncəli azarkeşlərin Tovuz planı

8.09.2022 17:05 574
Premyer-liqa / Manşet
Premyer-liqanın 6-cı turu həm də qərb derbisi ilə əlamətdar olacaq.

Uzun illərdən sonra yenidən elitada mübarizəyə başlayan “Turan Tovuz”la “Kəpəz” sabah Tovuz şəhər stadionunda üz-üzə gələcək. Matçın Gəncə təmsilçisi üçün daha bir önəmi var. Belə ki, komanda yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında ilk görüşünə çıxacaq. Rəqibin də premyer-liqanın yeni iştirakçısı olduğunu nəzərə alsaq, azarkeşlər bu oyunda komandalarından və baş məşqçidən çox şey gözləyir.

Maraqlıdı, Tovuzda “Kəpəz”ə dəstək olmaq üçün azarkeşlərə avtobus ayrılıb? Oyunu izləməyə gedəcək futbolsevərlərin təxmini sayı bəllidi? Bu haqda məlumat almaq üçün “Kəpəz” azarkeşi Müşfiq Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Bəli, azarkeş qruplarımızla gedib, komandaya dəstək olacağıq. Tovuzla Gəncə arasında məsafə çox olmadığı üçün fərdi maşınlarla da gedənlər olacaq. Sayı tam dəqiq deməməyəcəm. Lakin azarkeş qrupları olaraq sayımız heç də az deyil. Fərdi maşınlardan əlavə Tovuza getmək üçün 2-3 avtobus ayrılacaq”.


ŞAİR ABDULLA