19 yaşadək futzalçılardan ibarət yığmanın Minskdə təşkil olunan 2-сi Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında üç oyun keçirdiyini xəbər vermişdik.
Bilindiyi kimi, bizimkilər Belarusa 1:7, Qırğızıstana 2:5, Özbəkistana isə 1:9 hesabı ilə məğlub olub. Komandanı sabah Rusiya ilə çətin sınaq gözləyir.
“Football-plus.az” olaraq, yığmamızın fiyaskosu haqda baş məşqçi İlqar Aslanovdan açıqlama aldıq:
“Oyunlara, demək olar ki, hazırlıqsız qatılmışıq. Rəqiblər həm mövsüm ərzində, həm də yay fasiləsində ciddi hazırlıq keçdiyi üçün çox yaxşı formadadılar. Üstəlik bizimkilər inciməsin, təcrübəsizdilər. Təcrübəli olanlar isə pul xətrinə böyük futbola qaçır. Futzalda maaşın az olması bacarıqlı gənclərin başqa çıxış yolu axtarmasına səbəb olur. Düzdü, biz oyunçu axtarışı ilə bağlı elan verəndə xeyli uşaq sıralarımıza qatılır. Təəssüf ki, əksəriyyəti futzaldan tramplin kimi istifadə edir. Deməzdim ki, digər ölkə komandaları bizdən irəlidədi. Ölkədə xeyli istedadlı gənc var. Sevindirici haldı ki, həvəslidilər. Lakin bir müddət sonra vəziyyət onları qane etmədiyi üçün bu sahədən uzaqlaşırlar. Minskə gələndə nəticələri proqnozlaşdırmışdım. Sözün açığı, hesablar məni təəccübləndirdi. Rəqiblərin bu qədər ciddi hazırlaşdığını və gözləniləndən üstün performans sərgiləyəcəyini güman etmirdim. Çox güman, Rusiya ilə oyunda da fərqli nəsə olmayacaq. Rəqiblərin hamısı gətirdiyimiz heyətdən qat-qat güclüdü. Buna rəğmən, həmişəki kimi meydana çıxış qələbə qazanmağa çalışacağıq”.
KƏNAN BAHADIR