“Kimi İtaliyanın və bizim idman növünün möhtəşəm səfiridi!” - əfsanəvi pilot Antonellinin qələbəsinə şübhə etmir

2.11.2026 19:30 27
Müsahibə
Emerson Fittipaldi dekabrın 12-də 80 yaşını tamamlayacaq.

1972-ci il sentyabrın 10-da 25 yaş 8 aylığında ilk titulunu qazanan braziliyalı pilot “Formula-1” tarixinə ən gənc dünya çempionu kimi düşmüşdü. Maraqlıdı ki, onun rekordu 33 il – 2005-ci ilə, yəni Fernando Alonso çempionluğu bayram edənə qədər yaşadı. Bugünlərdə “Gazzetta dello Sport” müsahibə verən Fittipaldi dünya çempionluğu yolunda son addımı atacaq Kimi Antonellinin ünvanına tərif yağdırıb.

- Kimi artıq bu həftəsonu Mexikoda və ya ola bilsin, İnterlaqosda dünya çempionu olacaq. Özü də Braziliya trassı onun çox xoşuna gəlir. Kimiyə hansı məsləhəti verərdiz?
- Sakitliyi qorumalıdı. Heç bir problem yoxdu, Kimi titulu haqq edir və qazanacaq. Hərçənd əminəm ki, ona məsləhət lazım deyil, axı yetkin və peşəkar pilotdu. Hər halda, deyərdim ki, indi hər şeydən vacib olan məqam hər mərhələdə finişə çatmağa köklənməkdi. Kimi qarşısına hansısa hədəf qoymaq istəyirsə, qələbəyə can atmaqdan daha çox, sadəcə, podiuma qalxmağı düşünməlidi. Artıq finişə birinci çatmaq o qədər də önəmli deyil.

- Bu pilot haqda nə deyə bilərsiz?
- Hələ kartinqdə çıxış etdiyi dövrdən potensialı görünürdü. Kiminin istedadı qeyri-adi dərəcədə tez açıldı və həmin vaxtdan bəri sürəti daim artır. Həmçinin düşünürəm ki, bu məsələdə onun atası Marko Antonellinin də xidməti böyükdü. Marko avtoidmandan yaxşı baş çıxarır.

- Yəni böyük Antonelli Kiminin istedadını inkişaf etdirə bilib...
- Tam doğrudu. Bu il Montsa mərhələsində güclü təzyiq altında olmasına baxmayaraq, Kiminin istedadı tam üzə çıxdı. Onunla bağlı belə böyük gözləntilərin olması mənə dünya çempionu olandan sonra ilk dəfə Braziliyada çıxış etməyimi xatırlatdı. Bu 1973-cü ildə olub, onda konsentrasiyanı qorumaq mənim üçün hədsiz çətin idi. Kimi dözdü, işinin öhdəsindən gəldi, bu yaşda belə etmək nə qədər çətin olsa da. Aydındı ki, o, indi ideal vəziyyətdədi: “Mersedes”in əla, başqa komandaları sürət baxımından üstələyən maşını var. Bir çox amillər Kiminin xeyrinə işləsə də, bu hələ son deyil. Yarış start götürəndən sonra o artıq trassda bacarığını göstərməyə başlayır.

- Antonellinin mövsümu bu dərəcədə uğurlu keçirəcəyini güman edirsiz?
- Düzünə qalsa, yox. Ona görə ki, Corc Rassell çox yaxşı pilotdu. Düşünürdüm ki, onların qələbə şansı hardasa bərabərdi. Razıyam, bu il Rassellin bəxti tez-tez gətirmədi, çox şey onun əleyhinə oldu. Ancaq bu da düzdü ki, Kimi onu təsnifat mərhələlərində qabaqladı. Etiraf edirəm ki, mən bunu gözləmirdim. Xatırladım ki, “Mersedes”də Lüis Hemiltonun tərəfdaşı olduğu sonuncu ildə Rassell ondan yaxşı çıxış etmişdi. Bu dəfə isə Corc Kimini ötə bilmədiyinə görə təəccüblənməlidi.

- Kiminin belə erkən uğurunun nəticəsini və təsirlərini necə qiymətləndirirsiz?
- Hər şeydən əvvəl İtaliya Albert Askarinin titulundan 70 il ötəndən sonra, nəhayət, dünya çempionu qazanacaq – gözəldi! Ümumilikdə belə hesab edirəm ki, Kimi İtaliyanın və bizim idman növünün möhtəşəm səfiridi! O, çox pozitiv çempiondu, bu üzdən çoxlarını ruhlandıra və motivasiya verə bilər. Kiminin davranışını, incə maneralarını bəyənirəm. Şübhə etmirəm ki, onun uğuru sayəsində çoxlu valideyn övladının avtoidmanla məşğul olmasını istəyəcək. Və bu yalnız İtaliyada baş verməyəcək.