Dambrauskas "Fənər"dən transfer büdcəsi və heyətin dəyişməsini tələb etdi! - doğrudanmı yanvarda gedir?

2.11.2026 16:59 315
Ölkə futbolu / Manşet
İsmayıl Kartalla yollarını ayıran "Fənərbaxça"nın yeni baş məşqçi namizədləri siyahısında Valdas Dambrauskasın da olduğunu yazmışdıq. Artıq bu barədə başqa mənbələrdə də xəbərlər tirajlanır. Hadisələrin axarının nə ilə nəticələnəcəyi ölkəmizdə də böyük maraqla gözlənilir.

İtaliyanın “TuttoMercatoWeb” nəşri də İstanbul təmsilçisinin 49 yaşlı litvalı mütəxəssislə fəal danışıqlar apardığı, onunla üçillik müqavilə imzalamaq imkanını nəzərdən keçirdiyini yazıb. "Football-plus.az" bu arada mövzu ilə bağlı Litvada yaşayan həmkarımız Xəyal Əzizbəyli vasitəsi ilə yeni informasiya əldə edib. Belə ki, İstanbul nəhənginin litvalı mütəxəssislə danışıq prosesinin detalları üzə çıxıb.
"Fənərbaxça" rəhbərliyi Dambrauskasdan bu mövsüm komandanın azı 2-ci yeri tutmasını tələb edir. Növbəti "futbol ili" ilə bağlı plan isə çempionluqdu. "Sabah"ın baş məşqçisi litvalı meneceri vasitəsilə qarşı tərəfə gələn ilin yanvarında komandaya gələ biləcəyini deyib.
Türkiyə klubundan böyük məbləğdə konkret maaş vədi alan çalışdırıcı transfer büdcəsi tələbi ilə yanaşı, heyətin yarısını dəyişmək istədiyini deyib.
Onu da xatırladaq ki, "Sabah" ötən ilin iyununda Dambrauskasla 3 illik müqavilə imzalayıb.
KƏNAN BAHADIR