Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin son oyunları keçiriləcək. Ölkəmizi təmsil edən klubların qarşılaşmaları da həmin siyahıdadı. “Qəbələ” Nikosiyada, saat 21.00-da “Omoniya” ilə, “Neftçi” Bakıda, 21.00-da “Jelezniçar”la, “Sabah” isə Masazırda, 20.00-da RFŞ ilə cavab görüşünə çıxacaq.
Bu oyunlara hakim təyinatları haqda xəbəri ötən saylarımızdan birində dərc etmişdik. Belə ki, “Neftçi”nin “Jelezniçar” sınağı Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. FİFA referisi Balaş Berkeyə həmyerliləri Balaş Buzaş və Balaş Sert laysman qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Benke Çonko yerinə yetirəcək. “Sabah” – RFŞ oyununun ədalətli keçirilməsi isə isveçrəli Fedayi Sana həvalə edilib. Yonas Erni və Yan Köbeli yan xətt hakimləri, Yohannes von Mandax dördüncü hakim olacaq. Nəhayət, “Omoniya” – “Qəbələ” matçının baş hakimi isveçli Adam Ladebök olacaq. Markus Lundqren Klitte və Daniel İng köməkçi hakimlər, Yoakim Östlinq dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Görəsən, UEFA klublarımızı əmin əllərə əmanət edib? Hakimlərin təcrübəsinə əsasən hansı səviyyədə idarəçilik gözləmək olar?
"Football-plus.az" olaraq ölkəmizin beynəlxalq matçlarda ədalət təmsilçilərinin qərəzli münasibəti ilə mütəmadi rastlaşdığını nəzərə alıb, bu suallara cavab axtardıq.
Balaş Berke – 39 yaşlı referi əsasən Macarıstan çempionatının matçlarını idarə edir. Həmin liqada 157 oyuna təyinat alan hakim 748 sarı, 15 qırmızı vərəqə göstərib. FİFA ona, beynəlxalq yoldaşlıq oyunları (3), Gənclər (4), Avropa (2), Konfrans (2) və Çempionlar Liqası (4), 17, (2), 19 (6) və 21 (2) yaşadək futbolçular arasında Avropa çempionatı matçlarında güvənib. Maraqlıdı ki, Balaş Misir premyer-liqasında da 1 matçda meydana çıxıb. Cəmi 287 qarşılaşmada ədaləti təmsil edən fit sahibi 1292 sarı, 64 qırmızı vərəqə üçün əlini cibinə aparıb. Statistika əsasında referinin təcrübəsini qənaətbəxş saymaq olar. Hər halda, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi üçün Balaş güvənlidi. Təbii ki, məhz “Neftçi”yə özəl qərəzli addım olmasa, matçın ədalətli idarə ediləcəyi gözlənilir. Hər halda, “Qəbələ” – “Omoniya” matçında da Çivuletteyə inanmışdıq. Çünki karyerası boyunca qərəzli qərarla çıxış etməmişdi. O, məhz “Qəbələ”nin haqqına girməklə müzakirələrə səbəbə oldu. Balaşın Çivulettenin xələfi olub-olmayacağını isə bu axşam görəcəyik.
Fedayi San – 40 yaşlı referi haqda maraqlı fakt onun həm də Türkiyə vətəndaşı olmasıdı. Ədalət təmsilçisi əsasən İsveçrə superliqasının matçlarını idarə edir. Həmin liqada 193 oyunda meydana çıxan hakim 880 sarı, 38 qırmızı vərəqə göstərib. Bundan başqa, ona beynəlxalq yoldaşlıq oyunları (8), Çempionlar (4), Konfrans (1), Avropa (3), Millətlər (1) və Gənclər Liqasında (7) güvənilib. Maraqlıdı ki, Fedayi həmçinin Səudiyyə Ərəbistanı (4) və Qətər Ulduzlar (1) liqasında, Lixtenşteyner (1) və İsveçrə (4) kuboklarında da ədaləti təmsil edib. O, 17, 19 və 21 yaşadək futbolçular arasında Avropa çempionatının ümumilikdə 16 matçında çıxış edib. Beləliklə, San 495 matçda 2277 sarı, 138 qırmızı vərəqə göstərib. Referi zəngin təcrübəyə malikdi. Onu sözün əsl mənasında beynəlxalq matçların adamı adlandırsaq, yanılmarıq. Düzdü, vərəqələr onun sevimli dostlarıdı. Gözləmək olar ki, hakim bütün detalları nəzərə alıb cəza və güzəştlər haqda qərarlarında ədalətli davranacaq. Hər halda, “Sabah”ın Konfrans Liqasında ilk ev matçı qərəzli münasibətlə ləkələnməməlidi.
Adam Ladebök – 31 yaşlı referi İsveç çempionatında ustalaşmış hakimlərdən biridi. Burda 93 matç idarə etmiş fit sahibi 319 sarı, 8 qırmızı vərəqə ilə futbolçuları məyus edib. UEFA ona beynəlxalq yoldaşlıq oyunlarında (3), Çempionlar (2), Konfrans (1), Gənclər (2) və U-17 (4) Liqasında güvənib. Ladebök həm də 17 (6), 19 (2) və 21 (2) yaşadək futbolçular arasında Avropa çempionatının qarşılaşmalarında ədaləti təmsil edib. Təəssüf ki, onun yetərli avrokubok təcrübəsi olduğunu deyə bilmirik. Hər halda, ali qurum daha uyğun hakim təyin edə bilərdi. “Qəbələ”nin ev oyununda yaşadığı talesizliyi bir daha vurğulamaq yerinə düşər ki, bu həyəcan siqnalı olmalıdı. Təmsilçimiz azarkeşsiz çıxış edəcəyi matçta hakim ədalətsizliyi ilə üz-üzə qala bilər. Ümumiyyətlə, “Omoniya” meydanında qərəzli qərarla qarşılaşmaq ehtimalı yüksəkdi. Ya təcrübəsizlikdən, ya da qəsdən… Yeri gəlmişkən, Ladebök indiyə qədər idarə etdiyi 259 oyunda 898 sarı, 37 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR