“Formula-1” üzrə dünya çempionatında daha bir mərhələ arxada qaldı və komandalar biraylıq fasiləyə yollandı.
“Football-plus.az” xəbər veri ki, Belçika mərhələsi də Maks Ferstappenin qələbəsi ilə başa çatdı. “Red Bull”un və Ferstappenin zəfərinə komandanın digər pilotu Serxio Peresin 2-ci yeri tutmasını da əlavə etmək lazımdı. Meksikalı pilot mayın əvvəlində keçirilən Mayami yarışından bəri belə yüksəyə qalxmırdı. İndi “Red Bull” “kral avtoyarışları”nın tarixinə həm ardıcıl 13 qələbə qazanan, həm də bunların 12-ni eyni ilə sığdıran ilk komanda kimi düşəcək. İndiyə qədər heç bir başqa komanda belə uğura nail olmayıb. Ancaq son tendensiyalara nəzər salsaq, avqust fasiləsindən sonra “öküzlər” qələbə seriyasını davam etdirmək yolunda ciddi əziyyət çəkəcək.
Ferstappenin və “Red Bull”un saysız-hesabsız uğurları çoxdan çempionluq intriqasının üzərindən xətt çəkibsə, onda biz niyə ehtiyatlı danışırıq? Məhz yay fasiləsi ərəfəsindəki sonuncu mərhələlərdə “öküzlər”in elə özünün təklif etdiyi ağlasığmaz tempdən yorulduğu hiss olunmağa başladı. Əvvəlcə Lüis Hemilton Hunqarorinq trassında sırf ustalıq hesabına təsnifat mərhələsində Ferstappeni arxada qoydu. Belçikada isə britaniyalı ən sürətli dövrəni də gerçəkləşdirdi. “Red Bull”un indi o qədər də önəmli görünməyən belə kiçik məğlubiyyətlərinin sayının artması tam realdı. “Ferrari” də zaman-zaman, xüsusən də sürətli treklərdə parlaq təsir bağışlayır.
Dünya çempionatı avqustun 27-də keçiriləcək Niderland mərhələsi ilə bərpa olunacaq. Çox güman, bizi irəlidə yetərincə ciddi sürprizlər gözləyir. Komandalar, heç şübhəsiz, mövsümün ilk yarısında yol verdiyi səhvlərdən nəticə çıxaracaq.
Amma hələ ki Ferstappenin fərdi zaçotda, “Red Bull”un isə Mühəndislər kubokunda üstünlüyü şübhə doğurmur. Özü də niderlandlı pilot Spa trassında təsnifat mərhələsini qazansa da, əsas mərhələyə 6-cı yerdən başladı. Çünki sürət qutusunu icazəsiz dəyişdiyinə görə belə cəzaya məruz qalmışdı. Maks ardıcıl 8-ci, cari mövsümdə 10-cu dəfə finişə hamıdan tez çatdı. Qalan iki mərhələnin qalibi isə onun komanda yoldaşı Peres olub.
Daha bir önəmli statistik məqamın üzərində dayanmağa dəyər. İş ondadı ki, növbəti mərhələ Ferstappenin vətənində keçiriləcək. Maks məhz evdə ardıcıl qələbə sayını 9-a çatdırmağa çalışacaq. “Formula-1” üzrə dünya çempionatının 70 ildən artıq tarixi ərzində yalnız bir şəxs – “Red Bull” pilotu Sebastyan Fettel bunu bacarıb.
Bu arada “De Telegraaf” avtoidman dünyası ilə bağlı maraqlı xəbər yayıb. Adı çəkilən nəşr iddia edir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) bəzi komandaların bazasında axtarış aparıb. Qurum bəzi komandaların maliyyə reqlamentini pozmasından, daha dəqiqi, onların büdcə limitini aşmasından şübhələndiyindən axtarış əməliyyatına qərar verib. Qurumun rəsmiləri komandaların bazasında yeşiklərin içindəki materialları təftiş edib, “vatsap” yazışmalarına və elektron poçt ilə göndərilən və alınan məktublara baxıb. Təhqiqat davam edir. O da bildirilir ki, “Red Bull”, “Mersedes” və “Aston Martin” başqalarından daha çox sorğu-suala məruz qalıb. Bir neçə gün əvvəl İtaliyanın “Motorsport” nəşri də 10 komandadan üçünün 2022-ci ildə xərclər limitini aşmasıyla bağlı xəbər yaymışdı. FIA dünən günün sonuna qədər sənədlərin öyrənilməsini başa çatdırmalıydı. 2022-də isə “Red Bull”un 2021 mövsümü üçün müəyyənləşdirilən büdcəni aşması aşkara çıxarılmışdı. Avstriya komandası onda buna görə 7 milyon dollar cərimələndi.