“Mundo Deportivo” “Barselona”dan narahatdı – BOS-un suyu, şam yeməyində zəhərlənən qadın hokkeyçilər...

25.11.2026 19:57
Avrokuboklar / Manşet
Məşhur “Mundo Deportivo” saytının əməkdaşı Fernando Qabarro Çempionlar Liqasının “Sabah” – “Barselona” matçından əvvəl “Bakının qəribə idman tarixi: sağlamlıq qorxularından tutmuş sirli hadisələrə qədər” sərlövhəli yazı hazırlayıb.

“Football-plus.az” xəbər verir ki, yazıda qonaq komandaların paytaxtımızda qeyri-adi hadisələrlə üzləşdiyi bildirilib. Müəllif “Barselona”nın Bakıda yeganə qayğısının futbol olacağına ümid etdiyini yazıb. Sizi həmin yazı ilə tanış edirik:

“2008-ci ilin aprelində İspaniyanın qadın otüstü hokkey komandasının Bakıda başına gələnlər bizi çox narahat etmişdi. Xatırlayırsızsa, komanda Pekin Olimpiadasına vəsiqə qazanmaq üçün olimpiya seçmə turnirində iştirak edirdi. Final ərəfəsində oteldə şam yeməyindən sonra nümayəndə heyətinin 10-12 üzvü zəhərləndi. Onlar başgicəllənmə hiss etdilər. Çox keçmədən hadisənin kondisioner sistemi üzündən baş verdiyinə dair şübhələr yarandı. Ardından iki oyunçumuzun antidopinq testləri müsbət çıxdı. Sonradan aydın oldu ki, qadınlar hər hansı qayda pozuntusuna yol verməyib. Həmin ərəfədə İspaniyanın nümayəndə heyəti təşkilatçılar tərəfindən verilən suyu içməyi dayandırdı. Onlar növbəti açıqlamalarında bildirmişdilər ki, Azərbaycana qarşı finaldan əvvəlki gecə müəmmalı telefon zəngləri alıblar. Yadınızdadısa, o vaxt İspaniya komandasına qarşı düşmən atmosferi formalaşdırılmışdı. Hər şeyə rəğmən, biz finalda 3:2 hesabıyla qalib gəldik. Millimizin baş məşqçisi Pablo Usoz oyundan sonra mətbuat konfransında Bakıda idmanın ən çirkin tərəfi ilə qarşılaşdıqlarını dedi.

Azərbaycanın paytaxtında sonuncu belə hadisə “Sabah”ın Dortmund “Borussiya”sına qarşı Çempionlar Liqası matçından sonra yaşanıb. Belə ki, qonaq komanda Bakı Olimpiya Stadionunun duşundan istifadə etməmək qərarına gəlib. Çünki nümayəndələr suda infeksiya olmasından şübhələnib. Onlar bildiriblər ki, stadionun müntəzəm istifadə olunmaması su bakteriyalarının böyüməsinə səbəb ola bilər. Komanda oyundan əvvəl keçirilən məşqdən sonra da oteldə duş almalı olub”.


KƏNAN BAHADIR