“Şamaxı” da növbəti “futbol ili”nə hazırlaşan, sonda premyer-liqaya vəsiqə əldə etmək istəyən 1-ci liqa klublarındandı.
Komanda bu məqsədlə yoxlama görüşləri keçirir. Baş məşqçi Vüqar Əsgərlinin ötən mövsüm sərəncamında olan kollektivdən əsər-əlamət qalmasa da, yeni transfer xəbərlərinə rast gəlinmir.
"Şamaxı" şəhər stadionunda növbəti yoldaşlıq oyununu keçirib. Rəqib yenə “Qarabağ-2” olub. Şamaxılılar “köhlən atlar”ın əvəzedicilərini 2:0 hesabıyla məğlub edib. Qolları Elçin Rəhimli və Rövşən Şahmuradov vurub.
Baş məşqçi Vüqar Əsgərli oyun və son durumla fikirlərini "Football-plus.az"la bölüşdü:
“Hazırlığın ikinci həftəsindəyik. Həftəsonunu maraqlı qarşılaşma ilə bitirməyi daha məqsədəuyğun saydıq. “Qarabağ-2”nin Şamaxıda təlim-məşq toplanışında olması bizim üçün fürsət idi. Hesab önəm kəsb etmədiyi üçün müəyyən tapşırıqların icrasını asanlaşdırmağa çalışdıq. Fikrimcə, komanda istədiklərimi 60-70 faiz bacardı. Heyət böyük ölçüdə komplektləşib. “Transfer pəncərəsi” açıq olduğu müddətdə bizə faydalı olacaq futbolçuları “rənglərimizə bağlamağa” çalışacağıq. Növbəti həftə daha iki yoxlama görüşü keçirmək niyyətindəyik. Rəqiblərlə danışıq gedir. Ümid edirəm ki, avqustun 3 və 4-ü üçün razılıq əldə olunacaq. Danışıqlar tam yekunlaşmadığı üçün ad açıqlaya bilmərəm”.
Qeyd edək ki, dünən Futbolun İnkişafı Fondu və "Şamaxı”nın təşkilatçılığı ilə sosial cəhətdən həssas təbəqədən olan ailələrin uşaqları üçün tədbir keçirilib. 7 gün üçün nəzərdə tutulan düşərgə çərçivəsində “Safari Park” gəzintisinə qatılan uşaqlar maraqlı və əyləncəli anlar yaşayıb. Sonda isə "Şamaxı" - "Qarabağ-2" matçını izləyiblər.
KƏNAN BAHADIR