“Qarabağ” evdəki inamlı qələbə sayəsində “Linkoln Red İmps” səddini adladı.
Bəs Eldoryan Hamitinin rəhbərlik etdiyi Albaniyadan olan hakimlər briqadası işinin öhdəsindən necə gəldi?
Bu sualı "Football-plus.az"a daimi ekspertlərimizdən Tahir Süleymanov cavabladı:
"Cavab görüşü böyük ölçüdə formal xarakter daşıyırdı. Rəqiblər arasında səviyyə fərqi, "Qarabağ"ın səfərdə qələbə qazanması hakim idarəçiliyi adına oyunun çox asan keçəcəyini şərtləndirirdi. İlk qola kimi müəyyən rəqabət, nisbi gərginlik var idisə, ağdamlılar önə çıxandan sonra matçın hansı hesabla bitməsini referi protokollaşdıracaqdı. Hətta belə bir oyunda köməkçi hakimin ofsayd qərarı ilə bağlı kobud səhvindən sonra VAR müdaxilə etmək məcburiyyətində qaldı və obyektivliyi bərpa edərək "Qarabağ"ın 3-cü qolunu qeydə aldı. Görüşün rahat keçdiyini nəzərə alan baş hakim hər iki tərəfə göstərə biləcəyi sarı vərəqələri şifahi xəbərdarlıqla əvəzləyirdi. Hakimlik adına yüngül dərəcəli oyunlar sırasında olan qarşılaşmada "Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə adladı. Polşalılarla görüşlərdə daha ciddi və məsuliyyətli hakim idarəçiliyinə ehtiyac duyulacaq. "Qarabağ"a uğurlar".
ABDULLA İSMAYILOĞLU