“Beşiktaş” son günlərdə Türkiyə futbolunda bəlkə də ən çox müzakirə və tənqid olunan klubların başında gəlir.
"Football-plus.az" xəbər verir ki, digər rəqiblər önəmli transferlər həyata keçirdikləri halda “Beşiktaş” rəhbərliyi hələ də gözləmə mövqeyindədi. Fanatları qəzəbləndirən isə odu ki, əzəli rəqiblər məhz “Beşiktaş”ın burnunun ucundan futbolçuları özlərinə cəlb edirlər. Məsələn, Duşan Tadiç hələ “Ayaks”dan ayrılmamış “Qartal”ın hədəfində idi. Vitse-prezident Əmrə Kocadağ “Tadiçə təklif irəli sürmüşük və onun cavabını gözləyirik” açıqlamasını verdiyi gün serbiyalı futbolçu “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün Türkiyəyə gəldi! Xəlil Dərvişoğlu məsələsi isə hələ uzun müddət gündəmdən düşməyəcək. Hər kəs bu futbolçunun Türkiyəyə “Beşiktaş”la müqavilə imzalamaq üçün gələciyini gözləsə də, onun seçimi “Qalatasaray” oldu. Əmrə Kocadağ “Qalatasaray”ın cavabını bu sözlərlə verdi:
“Xəlil gündəmimizdə deyildi. Atası özü bizimlə əlaqə saxlayaraq oğlunun “Beşiktaş”da oynamasını istədi. Biz şərtlərimizi irəli sürdük və ilk danışıqlarda anlaşma əldə olunmadı. Sonra gecəyarısı atası yenidən həm Şenol Günəşə, həm də rəhbərliyə zəng vuraraq şərtimizi qəbul etdiklərini söylədi. Biz də Şenol hoca ilə bu məsələni müzakirə edərkən atası bu dəfə başqa klubla anlaşdı. Onlar (“Qalatasaray”ı nəzərdə tutur – red.) daha öncə bizdən Gezzal və Rozyeni almaq istəmişdilər. Jedson Fernandeşin transferi ilə onlara yaxşı dərs verdiyimizi düşünürük. “Beşiktaş” ehtiyac duyduğu futbolçunu heç nəyə baxmayaraq transfer etməyi bacarır. Bizim Xəlil Dərbişoğluna ehtiyacımız yox idi”.
Bu iki futbolçudan başqa bu yay daha 3 oyunçunun adı “Beşiktaş”la hallandığı halda onlar başqa klublara keçiblər. Söhbət yenə də “Fənər”ə üstünlük verən Aleksander Ciku, “Marsel”ə qismət olan Joffre Kondoqbiya və “Havr”a keçən rusiyalı Daler Kuzyayevdən gedir. “Beşiktaş” isə bu günə qədər yalnız 3-cü divizion təmsilçisi “Somaspor”dan gənc vinger Əmrəcan Bulutun transferi ilə kifayətlənib. Təbii ki, bu durum fanatların haqlı narazılığına səbəb olub. Srağagün 100-ə yaxın fanat “Vodafon Park”ın qarşısında toplanaraq başqan Ahmet Nur Çəbini istefaya dəvət edib. Ümumiyyətlə, gizlətməyə çalışsalar da, komandada həm maliyyə problemləri, həm də yönəticilər arasında bəzi anlaşmazlıqlar var. Çünki Xəlil Dərvişoğlu “Qalatasaray”da illik cəmi 700 min avro qazanacaq. Yəni rəhbərlik hətta bu məbləği də bu futbolçuya ödəmək istəməyib!
Üstəlik dünən Natan Redmond da sosial şəbəkədə vida mesajı paylaşaraq ailəvi səbəblərə görə “Beşiktaş”a qayıtmayacağını açıqlayıb. Əmrə Kocadağ son açıqlamasında fanatları səbirili olmağa çağırıb və qarşıdakı 1-2 gün ərzində iki sürpriz transfer həyata keçirəcəklərini bildirib.