Yeni mövsümdə 1-ci liqada da maraqlı mübarizənin şahidi olacağıq.
Bu üzdən klublarla bağlı yenilikləri daim diqqətinizə çatdırırıq. "Araz Saatlı"da başverənləri icraçı direktor Ədalət Abdullayevin dilindən eşidəcəyik:
"İyulun 25-də Saatlıda toplaşacağıq. İlk 7-10 gün seleksiyaya ayrılacaq. Həm Saatlıda, həm də yaxın bölgələrdə istedadlı gəclərin axtarışı ilə məşğul olacağıq. Bizə müraciət edə bilərlər. Hətta bununla bağlı rayonda elan da vurduracağıq. Seleksiya işlərindən sonra məşqlərə başlayacağıq. Komandaya B kateqoriyalı məşqçi Şəhriyar Məmmədov rəhbərlik edir. Qarşıdakı günlərdə onun köməkçilərinin adına aydınlıq gələcək. Köhnə heyətdən az oyunçu qalıb. Ona görə də mütləq güclənməliyik. Gənclərə üstünlük verəcəyik. Yoldaşlıq görüşləri də nəzərdə tutmuşuq. Rəqiblərimizin adına hələlik aydınlıq gəlməyib. Amma maksimum çox yoxlama matçı keçirməyi düşünürük. Futbolçuların hazırlığı, təcrübəsi üçün bu çox vacibdi".
"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov isə bunları söylədi:
"Büdcəmiz kasad olduğuna görə transfer çalışmaları ləng gedir. Buna rəğmən, danışıq apardığımız oyunçular var. Son olaraq ötən mövsüm "Kəpəz"də keçirən Nizami Səmədovu sıralarımıza qatmışıq. Bu, 4-cü transferimizdi. Daha öncə Rüstəm Nuriyev, Firuz Əhmədov, Nicat Oruclu heyətə cəlb etmişdik. Əslində Nizamini 2 il idi transfer etmək istəyirdik. O, hələ "Qaradağ Lökbatan"da çıxış edəndə diqqətimizi cəlb etmişdi. Amma razılığa gələ bilməmişdik və "Zirə"yə keçmişdi. Nizami üslubumuza uyğun oyunçudu. Onun gücümüzə güc qatacağına inanıram".
Bu keçidlə bağlı Nizami Səmədovdan da reaksiya öyrəndik:
"Zaqatala"ya keçməkdə məqsədim özümü yenidən doğruldub premyer-liqa təmsilçilərinə qayıtmaqdı. Ona görə hazırda ən ideal seçim "Zaqatala" idi. Başqa klublardan da təkliflər var idi. Amma bölgə təmsilçisinin dəvəti lap ürəyimcə oldu. Ən əsası "Zaqatala"da inkişaf etmək üçün yaxşı şərait, tələb var. Bu komandada çıxış edib, sonra daha iddialı klublara keçən çox futbolçu olub. Bu mövsüm çempionluq üçün oynayacağıq. Əlimdən gələni edəcəm ki, "Zaqatala" çempionatı lider kimi tamamlasın. Mənə güvənib "Zaqatala"ya dəvət edən Nəsib və Rüstəm müəllimə təşəkkürümü bildirirəm".
ABDULLA İSMAYILOĞLU