“Zenit” Rusiya futbolunun ən titullu komandasına çevrildi - REPORTAJ

18.07.2023 17:00
Dünya futbolu
Adəti üzrə Rusiya futbolunda yeni mövsümün startından bir həftə əvvəl superkubok matçı keçirildi.

"Football-plus.az" xəbər verir ki, bu dəfə “Kazan Arena”da son çempion “Zenit”lə kubokun son qalibi ÇSKA üz-üzə gəldi.

40 mindən çox azarkeşin izlədiyi görüş qolsuz başa çatsa da, maraqlı alındı. ÇSKA son illərdə güclü legionerlərin hesabına Rusiya futbolunda ağalıq edən “Zenit”lə qarşılaşmada oyunu ilə alqış qazandı. 90 dəqiqə ərzində qələbəyə yaxın və layiq olan tərəf məhz “hərbçilər” idi. Təkcə bir faktı vurğulayaq ki, piterlilər oyunu “çərçivə”yə zərbə vurmadan tamamladılar! “Zenit”in qapıçısı Kerjakov isə əsas vaxtda 4 dəfə komandasını xilas etdi. Daha bir epizodda top tirdən qayıtdı və “Zenit”in bəxti gətirdi. Relqamentə əsasən 90 dəqiqə tamamlanan kimi birbaşa penalti seriyası başladı. Bu seriyada hətta Akinfeyevin sehri də ÇSKA-ya yardım etmədi. Ünlü qapıçı buna qədər peşəkar karyerasında iştirak etdiyi 7 penalti seriyasının 6-dan qalib ayrılmışdı. Yeganə məğlubiyyət DÇ-2018-in 1/4 finalında Rusiyanın heyətində Xorvatiya ilə oyunda qeydə alınmışdı. Amma Kerjakov 90 dəqiqə ərzində olduğu kimi, penalti seriyasını da parlaq keçirdi. “PARI Premyer” kubokunda “Fənərbaxça” ilə oyunda 2 penalti dəf edən 36 yaşlı əlcək sahibi yenə komandasına qələbə qazandırdı. O, hesab 4:4 olarkən Qayiçlə Yermakovun zərbələrini dəf etdi. Akinfeyev Sergeyevin zərbəsini dəf etsə də, Renanın mükəmməl “Panenka zərbəsi” həlledici oldu. Beləliklə, “Zenit” ardıcıl 4-cü, ümumilikdə 8-ci dəfə superkuboka sahib çıxdı. Sankt-Peterburq nəhəngi tarixində 27-ci, müstəqillik dönəmində 22-ci titulunu qazanmaqla Rusiya futbolunun ən titullu kollektivinə çevrildi! ÇSKA-nın 21, “Lokomotiv”lə “Spartak”ın 15 titulu var. 5 ildi baş məşqçi vəzifəsini icra edən Sergey Semak da tarix yazmaqda davam edir. “Zenit” tarixinin ən titullu məşqçisi statusunda olan Semak klubun başında 10-cu titulunu qazandı. O, Rusiya futbolunda superkuboku 4 dəfə qazanan ilk mütəxəssis oldu. Müstəqillik dönımindəki titulların sayına görə Semak yalnız Oleq Romantsev (11), Valeri Qazzayev (12) və Yuri Syomindən (14) geri qalır.

Zenit – ÇSKA 0:0, p. - 5:4

Zenit:
Kerjakov, Karavayev (Sutormin, 89), Çistyakov, Renan, Santos, Barrios, Du Keyroş (Vasilyev, 89), Mantuan (Bakayev, 90+3), Klaudinyo (Mostovoy, 63), Malkom, Kassyerra (Sergeyev, 77).
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev (Nababkin, 46), Roşa, Moyzes, Zaynutdinov (Ryadno, 82), Zdelar (Kuçayev, 81), Mendes (Qayiç, 90+9), Muxin (Yermakov, 73), Zabolotnı, Çalov.

Oyundan sonra

Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Açığı, imkanlarımızdan aşağı səviyyədə oynadıq. Bəzi məqamlarda zəif təsir bağışladıq. ÇSKA bizdən daha çox qol vəziyyəti yaratdı. Müdafiədə səhvlərimiz oldu. Ümumi götürəndə standart bir kubok oyunu izlədik. Futbolun səviyyəsi çox da yüksək deyildi. Hər iki komanda ilk növbədə qol buraxmamağa çalışırdı. 90 dəqiqə ərzində sanki emosiyalar çatışmırdı. Amma bu emosiyaları penalti seriyasında artıqlamasıyla yaşadıq. 2-ci cəhddən də olsa, penaltini dəqiq vurub qələbə qazandıq. Renanın sonuncu “Panenka zərbəsi”ni görmədim. Həyəcandan o zərbəyə baxa bilmədim. Oyun unudulacaq, amma tarixdə nəticə qalacaq. Bəzi liderlərimiz hələ tam hazır vəziyyətdə deyil. Titul qazanmaqdan yorulmadıqmı? Xeyr. İnsan necə ki yeməkdən və içməkdən yorulmur, bizim də titul qazanmaq istəyimiz qanımızdadı. Hər yerdə qalib gəlməyə çalışırıq”.


Vladimir Fedotov, ÇSKA-nın baş məşqçisi:

“Komandamla fəxr edirəm. Bu heyətlə oyuna çıxmaq üçün nə qədər çətinlikdən keçdiyimizi özümüzdən başqa heç kim bilmir. Çox baxımlı və cəsur futbol sərgilədik. İşi penalti seriyasına saxlamamalıydıq. Əsas vaxtda qələbə qolunu vurmaq üçün kifayət qədər fürsətimiz oldu. Amma hər dəfə ya həlledici ötürmələrdə, ya da həlledici zərbələrdə düzgün oynamadıq. ”Zenit”in müdafiəsini və qapıçısını da qeyd etmək lazımdı. Kerjakov həm oyun vaxtı, həm də penalti seriyasında önəmli seyvlər etdi. Özümüzü günahlandıra bilmərik. Əlimizdən gələni, hətta artığını da etdik. Şans qazanan gənc oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. Akinfeyev, demək olar, oyuna qoşulmadı. Belə oyundan sonra bu cür nəticəni qəbul etmək çətindi. Amma bununla barışıb çempionat oyunlarına hazırlaşacağıq”.