Beləliklə, Musa Qurbanlının həvəslə gözlədiyimiz debütü “Malmö” ilə oyunda baş tutmadı. Bəlkə də bəzi oxucular bunun futbolçunun və ya klubun səhlənkarlığından qaynaqlandığını düşünür.
“Football-plus.az” xəbər verir ki, belə deyil, problemin daha dərin və köklü səbəbləri var.
İşçi vizası almaq üçün ən önəmli şərt işəgötürənin, indiki halda “Yurqorden”in Musaya verəcəyi dəstəkdi. Artıq həmvətənimiz klubla müqavilə bağladığından bu yöndə problem yaşamır, yəni iş yeri hazırdı. İsveçdə işçi vizası bu ölkədə çalışmaq istəyən istənilən şəxs üçün vacib tələbdi. Qeyri-leqal fəaliyyət avtomatik deportasiya təhlükəsi deməkdi. Özü də bu halda səbəbkarın nəinki İsveçə, Avropa İttifaqının (Aİ) başqa ölkələrinə baş çəkməsi də mümkünsüz olacaq. Yeri gəlmişkən, Azərbaycanın Aİ üzvü olmaması da ciddi səbəbdi. Yəni İsveçin müvafiq qurumu Aİ-yə üzv olan 27 ölkənin vətəndaşlarına münasibətdə daha loyal davranır, təbii ki, üzv olmayan Azərbaycanın vətəndaşının sənədləri isə çək-çevir edilir. İsveç yalnız qonşu Norveç, Finlandiya və Danimarka vətəndaşlarına münasibətdə dostcasına davranır. Bu ölkələrdən olanların işçi vizası almasına ehtiyac yoxdu.
Musa “Yurqorden”lə 3 illik müqavilə bağladığından klub ona uzunmüddətli, D kateqoriyalı işçi vizası almağa çalışır. Belə vizanın etibarlılıq müddəti 1 ildən 5 ilə qədərdi. Adətən, işçi vizasının alınması 7-30 gün çəkir. Bu viza adama 80 avroya başa gəlir, ancaq əlavə ödənişlər də mümkündü. Mənə elə gəlir ki, Musanın probleminin səbəblərini aydınlaşdıra bildik. İndi bizə qalan yalnız iki-üç gün gözləməkdi...
ORXAN