“Football-plus.az” xatırladır ki, La Liqanın 20-ci turu çərçivəsində fevralda keçirilən oyunda “Malyorka”nın fanatlarından biri “Real”ın braziliyalı ulduzunun ünvanına “sən meymunsan” şüarını qışqırmışdı. Hakim və futbolçular bu məqamı gözdən qaçırsa da, DAZN platforması video yayandan sonra məsələ ictimailəşdi, həmin azarkeşin şəxsiyyəti müəyyənləşdi və bir neçə gündən sonra həbs olundu. 21 yaşlı tələbə artıq hərəkətinə görə üzr istəyib və Vinisiusu futbolçu kimi çox bəyəndiyini deyib. Vinisius isə zərərçəkən kimi təxminən 20 dəqiqə suallara cavab verib. Onun fikirlərinin ümumi məzmunu belə olub:
“Məni ona görə təhqir edirlər ki, top-futbolçuyam və qarayam. Bu iki amilə görə təhqir olunuram. Bütün insanlıq tarixi boyunca sıxışdırılan qaradərili adamlara münasibətdə özünü belə aparmaq olmaz”.






