2023/24 mövsümünə hazırlığı davam etdirən "Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirir.
“Football-plus.az”a daxil olan məlumata görə, "köhlən atlar" “Partizan”da çıxış edən Patrik Andrade ilə anlaşıb. Belqrad təmsilçisində maliyyə problemləri yaşanır. Vəziyyət o qədər qəlizdi ki, Serbiya klubunun basketbol komandasına yerli çempionatda iştirak etmək üçün lisenziya verməyib. Bu səbəbdən də futbol kollektivi bir sıra futbolçularla yolları ayırıb. Bunlardan biri də Patrik Andradedi. Yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
30 yaşlı futbolçu hazırda ölkəsindədi. O, yaxın günlərdə “Qarabağ”ın düşərgəsinə qoşulacaq. Amma Andrade “Linkoln Red İmps”lə görüşlərdə iştirak edə bilməyəcək. Çünki yarımmüdafiəçinin adı UEFA-nın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Andrade 2022/23 mövsümündə azad agent kimi “Partizan”a keçmişdi.
İLKİN SULTANLI