Bəs həmyerlimiz karyerasını harda davam etdirəcək? Onun Azərbaycanda top qovması nə dərəcədə realdı? Bunu aydınlaşdırmaq üçün futbolçuyla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.
Belə olan halda yığmamızın əsas seleksiyaçısı, Emili yaxından izləyən İlqar Qurbanovla danışdıq. Millimizin sabiq üzvü "Football-plus.az" saytına bunları dedi:
"Emil klubundan ayrılıb. Bir neçə ölkədən təklifləri vardı. "Hardberq", Lyej "Standard"ı da onu transfer etmək istəyirdi. Amma həmyerlimiz Ukraynada qalmağı üstün tutdu. O, "Jitomir"lə anlaşıb".
İlqar bəy futbolçunun yığmamıza cəlb olunmasının mümkünlüyünə də toxundu
"Mən yalnız Emil yox, xaricdə çıxış edən bütün həmyerlilərimizin oyunlarını izləyir, onları nəzarətdə saxlayıram. Millimizin məşqçilər korpusuna da Emilin ölkənin əsas komandasına qazandırılmasını israrla təklif etmişəm. Mənim işim təklif etmək, göstərməkdi. Son qərarı baş məşqçi verir. Onu da xüsusi vurğulayım ki, Emilə yenidən Ukrayna millisində oynamaq təklifi olsa da, o bundan imtina edib".
ABDULLA İSMAYILOĞLU



