Emil Mustafayev niyə kənarda qaldı? - AÇIQLAMA

21.03.2023 16:08 616
Ölkə futbolu / Manşet
Canni de Byazinin rəhbərlik etdiyi yığma 3 gündən sonra AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Artıq yığmanın düşərgəsinə dəvət olunan futbolçuların da siyahısı açıqlanıb.

Çoxları “Ukraynada “Aleksandriya”nın şərəfini qoruyan Emil Mustafayevin Avstriya və İsveçlə matçlara çağrılacağını düşünsə də, italyan mütəxəssis fərqli qərar qəbul edərək yarımmüdafiəçini yada salmadı. O da bəllidi ki, bu yaxınlarda Mustafayev Ukrayna millisinə də dəvət almışdı. Ancaq futbolçu mətbuata açıqlamasında dəvəti qəbul etmədiyini, Azərbaycan yığmasında oynamaq istədiyini bildirmişdi.

Bəs belə olan halda nəyə görə, qürbətçi-futbolçu De Byazinin diqqətindən kənarda qalıb? Olmaya Emil son anda fikrindən daşınıb? Onu da xatırladaq ki, yarımmüdafiəçi Ukrayna çempionatında meydana çıxdığı 6 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

AFFA-nın skautu İlqar Qurbanov “Football-plus.az” saytına açıqlamasında məsələyə belə reaksiya verdi:

“Bildiyiniz kimi Emil U-21-də oynayıb. Hazırda “Aleksandriya”nın da aparıcı futbolçularındandı. Onun yaxşı oyunu Ukrayna millisinin məşqçilər korpusunun da diqqətini çəkib. Onu Ukrayna yığmasının sonuncu toplanışına dəvət etsələr də, imtina edib. Fikrimcə, Canni de Byazi onu yığmaya dəvət etsəydi, gələrdi. Mənim işim oyunçunu tapmaq, danışmaq, kobud da səslənsə, milliyə gətirməkdi. Ondan sonra onu yığmaya dəvət etmək, oynatmaq baş məşqçiyə aid olan məsələdi”.


RƏŞAD