"Neftçi"nin canlı əfsanəsi və son mogikanı Kazbek Tuayev bir müddət öncə 40 ilə qədər rəhbərlik etdiyi İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru vəzifəsindən azad olundu.
Veteran futbolçu Gənclər və İdman Nazirliyi tərəfindən buna məcbur edildiyini söylədi, Prezident İlham Əliyevə məktub yazdı. Bunu nəzərə alaraq Tuayevlə həm bu məsələ, həm də futbolumuzun indiki durumu ilə bağlı söhbət etdik.
“Neftçi"nin hazırkı durumuna çox üzülürəm”
- Kazbek müəllim, yayın istisində nə ilə məşğulsuz?
- Hələ ki bekarçılıqdı, dincəlirəm.
- Futbolumuzun hazırkı durumunu necə izah edərdiz?
- Prinsipcə futbolumuz normal axarında irəliləyir, səviyyə artmaqdadı. Hazırda ölkə futboluna maraq və dəstək yüksək səviyyədədi. AFFA premyer-liqanın daha da peşəkarlaşması üçün əlindən gələni edir. Uşaqlar arasında çempionatlar, qadın futbolunun inkişafı və Region Liqasının səmərəli təşkili üçün ciddi işlər görülməkdədi. Futbol akademiyaları yaradılır. Yola saldığımız mövsümdə elitada komandaların sayının artması ilə yanaşı, səviyyəsində də inkişaf göründü. Bu tempi davam etdirmək lazımdı. 10 komandalı çempionat müvəqqətidi. İnanıram ki, gələcəkdə hər bir klubun infrastrukturu və maliyyə imkanları yaxşılaşacaq və elitada təmsilçilərimiz artacaq. "Qəbələ"nin inkişaf modelini götürək. Bölgə təmsilçisi bir neçə ilə çox düzgün strategiya seçərək boyundan yuxarı tullana bildi. İki dəfə avrokubokların qrupunda oynadılar. Uşaq futboluna həssas yanaşdılar. Çoxlu turnirlər keçirirdilər. Bunun bəhrəsini də gördük. Hətta bu gün malliyəsi xeyli zəifləyən "Qəbələ" yenə uşaq futboluna diqqət ayırır. "Zirə"nin peşəkarlaşma yolunu da təqdirəlayiq sayıram. İnkişaf etmək üçün vaxtilə mənim futbol məktəbimdən perspektivli uşaqlar istədilər. Mən də 10-15 yaş aralığında 150 uşağı "Zirə"yə verdim. Onların çoxu bu gün peşəkar futbolçuya çevrilib. Düşünürəm ki, uşaq futbolunu və gəncləri maksimum diqqətdə saxlamaq lazımdı. Futbolçunun yetişməsi üçün uşaqlığından mütləq praktikasının olması vacibdi. Bu gün ölkəmizin 1 nömrəli məşqçisi Qurban Qurbanova oğlu Musaya çətin oyunlarda şans verməsini dönə-dönə demişəm. Hazırda Musa yaxşı formadadı və çempionatda 21 qolla yadda qaldı. Təbii ki, o üzərində hələ çox işləməlidi. İnanıram ki, parlaq futbolçu olacaq. Bundan başqa, hazırda 1-ci divizionun səviyyəsinin yüksəldilməsi, 2-ci divizionun yaradılması və əvəzedicilərin çempionatının ayrı olması istiqamətində işlər gedir. Əminəm ki, bu format da futbolumuzun inkişafı üçün təkan olacaq.
- İnkişafdan danışırsız. "Qarabağ"dan başqa digər klublarımızda hələ də ciddi inkişaf görmürük. Ağdam təmsilçisiylə qalanları arasında uçurum var. Avrokuboklarda da uğurlu çıxışla gözə dəymirlər. Buna nə deyərdiz?
- Gəlin, faktlarla danışaq. "Qarabağ" birdən-birə inkişafa nail olmadı. Komanda hazırkı səviyyəsinə çatmaq üçün çox iş gördü, əziyyət çəkdi. Yəni ilbəil sıçrayışa nail oldu. Həmçinin ölkəmizin flaqmanı "Neftçi"nin adını çəkməliyəm. Məhz "ağ-qaralar" avrokubokda qrupda ilk oynayan komanda kimi tarixə düşdü və sonra estafeti "Qarabağ" davam etdirdi və etdirməkdədi. "Qəbələ"nin ölkə futbolunda xüsusi çəkisi var. Hazırda "Sabah" kreativ futbolla inkişafdadı. İnanıram ki, Konfrans Liqasında ölkəmizi layiqincə təmsil edəcəklər. Qitəmiqyaslı yarışlarda uğurla çıxış etmişiksə, deməli, bunu təkrarlaya bilərik. Sadəcə, komandalarımıza vaxt verilməli, inanmalı və dəstək olmalıyıq. Bu sahədə idman jurnalistləri daha fəal olmalıdı. Amma bəzən bir çox media nümayəndəsi ancaq "baltalamaq" mövqeyində çıxış edir. Uğur üçün əsas şərt inam və ümiddi. Bunu kənardan da sərgiləmək vacibdi.
- Futbolçulardan kimləri fərqləndirərdiz?
- Mahir Emreli ilə Emin Mahmudovu qeyd edərdim. Onların böyük potensialı var. Səviyyələrini daha da yüksəldə bilərlər. Hər ikisinə inamım böyükdü.
- Vaxtilə "Neftçi"nin “sükanı arxasında” olmusuz. Sabiq komandanızın hazırkı durumu ilə bağlı nə deyə bilərsiz?
- Komandanın içində deyiləm. Ona görə qəti nəsə deməyim düzgün olmaz. Amma ümumi fikirlərimi bildirsəm, "Neftçi"nin hazırkı durumuna çox üzülürəm. Ən çox da "xalq komandası"na əcnəbi məşqçinin rəhbərlik etməsi mənə pis təsir edir. Bu klub istər sovet dönəmində, istərsə də son 30 ildə yerli mütəxəssislərlə ilklərə və uğurlara imza atıb. Ələkbər Məmmədov, Əhməd Ələsgərov, Yuri Kuznetsov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Tərlan Əhmədov, Samir Abasov kimi məşqçilərimizlə titullar qazanıb. Samir Abasova qarşı klub rəhbərliyinin davranışını hələ də anlaya bilmirəm. Adam komandanın uzun illərdən sonra çempion etdi, sonrakı mövsümdə isə gümüş medalları qazandırdı, amma ona haqsızlıq edib yola saldılar. Yerinə rumıniyalı məşqçi gətirdilər. Onun da nəticəsi göz önündədi. Mən "Neftçi"ylə doğulmuşam. Uşaqlığımdan bu komandanın uğurlarını görmüşəm. Dünyanın ən böyük dövləti olmuş SSRİ-də iz qoyub, özünə görə ağırlığı olub. Bakının və Azərbaycanın "Neftçi"si daim yüksək zirvələrdə olmalıdı. Fikirimcə, komandanın “sükanı arxasına” gənc yerli məşqçiləri gətirməyin vaxtı çoxdan çatıb.
“Onun yanına gedib, qarşısında diz çöküb əlindən öpdüm”
- Futbolumuzda "Kazbek Tuayev məktəbi" kimi tanınan, uzun illər rəhbərlik etdiyiniz İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin yaranması və inkişaf yolu barədə danışardız...
- O məktəb 1984-cü ildə Heydər Əliyevin xüsusi göstərişiylə yaradılıb. Məqsəd Azərbaycan SSR-də istedadlı uşaqları üzə çıxarmaq, ölkə futboluna yeni ulduzları bəxş etmək idi. Məktəb "Neftçi"nin bazasında yaradılmışdı. İlk gündən direktoru mən olmuşam. Təbii ki, bu vəzifəyə təyinatım Heydər Əliyevin sayəsində olub. O məktəb bütün ittifaqda nümunə idi. Həmin dövrdə cəmi 4 belə xüsusi uşaq futbol məktəbi vardı. Bunlar "Smena” (Leninqrad), "Dinamo" (Moskva), "Dinamo" (Kiyev) və "Neftçi"yə məxsus idi. Məktəbdə Anatoli Banişevski, Ələkbər Məmmədov, Valeri Hacıyev, Tofiq Axundov, Ruslan Abdullayev, Sergey Kramarenko, Vyaçeslav Semiqlazov, Adil Babayev, Vladimir Bruxti, Əli Əbilzadə, Aleksandr Trofimov, Anatoli Qryazev kimi futbolumuzun əfsanələri çalışıb. Onu da xüsusi vurğulayım ki, yetirmələr yalnız yaxşı futbolçu kimi yox, həm də vətənpərvər insanlar kimi yetişmişdi. Məktəbin məzunlarından 20 nəfər hər iki Qarabağ müharibəsində döyüşüb. 5 şəhidimiz var. Müstəqillik illərində həmin məktəb Gənclər və İdman Nazirliyinin balansına keçdi. Hazırda orda 40 məşqçi çalışır. 9-16 yaş aralığında 1300 uşaq futbolun sirlərini öyrənir. 16 yaşdan sonra yetirmələrimizin peşəkar klublara keçməsinə şərait yaradırıq.
- Heydər Əliyevlə tez-tez görüşürdüz?
- Mərhum prezidentimiz və ümummilli liderimiz hərtərəfli insan idi. Onun ölkə idmanına, həmçinin futboluna daim qayğısı olub. Heydər Əliyevlə çox görüşlərimiz olub. Onlardan ikisini diqqətinizə çatdırmaq istərdim. Dahi dövlət xadimiylə ilk görüşümüz onun Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi vaxtlara təsdüf edir. Bir gün "Neftçi" ilə DTK-da görüş təşkil etdi. O qədər təvazökar, sadə insan idi ki, hər birimizi kabinetinin qarşısında qəbul edib əl sıxdı. Hər kəs əyləşdikdən sonra keçib yerini tutdu və söhbətə başladı. O zaman onun ölkə idmanından nə qədər məlumatlı biri olduğundan agah oldum. İkinci ən yaddaqalan görüşümüz 2000-ci ildə “Gülüstan” sarayında baş tutdu. Orda məni "Şöhrət" ordeni ilə təltif etdi. “Gülüstan” sarayında anşlaq idi. Qonaqlarla görüşəndən sonra kənarda əyləşdi. Qonaqların çoxu məkanı tərk edirdi. Mən isə heç yerə getməyərək böyük insana yaxınlaşmağı qət etdim. Onun yanına gedib, qarşısında diz çöküb əlindən öpdüm. Heydər Əliyev isə bu hərəkətimə görə mənə "Kazbek Əliyeviç, sən özün məşhur sima və tarixdə iz qoymuş fiqursan. Ona görə heç kimin qarşısında diz çökməyin düzgün deyil" dedi. Ona cavab olaraq "mən yalnız Allahın və sizin kimi dahi insanın qarşısında baş əyib, diz çökə bilərəm. Başqa heç kimin" söylədim.
- Heydər Əliyev rəhbərlik etdiyiniz komandaların oyunlarına da gəlirdi?
- Əlbəttə. Ən yaddaqalan isə yığmaya rəhbərlik etdiyim vaxt prezidentin İsveçrəylə oyuna gəlməsi idi. Həmin görüşdə İsveçrəni 1:0 məğlub etdik. Sanki onun futbol məkanına gəlişiylə magiyası, enerjisi, ruhu qələbəmizdə vacib rol oynadı. İstər oyunun gedişindən, istərsə də matçdan sonra böyük sevinclə "Heydər Əliyev" şüarı səsləndirirdik. Mənə görə dahi rəhbər 1 nömrəli kişi və şəxsiyyətdi.
“Mənə heç kim məcburən ərizə yazdıra bilməz”
- Gəlin, futbol məktəbinizə qayıdaq. Gənclər və İdman Nazirliyi sizə nə kimi kömək göstərirdi?
- Yalnız məşqçilərin maaşını ödəyirlər.
- Bəs başqa xərclər, ehtiyaclar?
- Hamısını "Valideynlər Komitəsi" həyata keçirir. Uşaqlarını məktəbimizə gətirən valideynlər onlarının daha da inkişaf etməsində maraqlıdı. Ona görə də komitə yaradaraq bizə dəstək verdilər. Həmçinin AFFA başda olmaqla elita klubları forma və topla təminatda kömək edirdilər. Təkcə "Sabah"dan dəstək görməmişik. Məktəbimiz il ərzində 7 turnir keçirir. Təşkilatçılıqla bağlı da nə nazirlikdən, nə də futbol qurumlarından bu vaxta kimi 1 qəpik də almamışıq. Bu il "Heydər Əliyev" və "28 May" turnirləri də keçirdik. Həmçinin turnirlərdən də maddi qazanc güdmürük. Əsas qazancımız ölkədə uşaq futbolunu inkişaf etdirmək və gələcəyin ulduzlarını yetişdirməkdi.
- Nazirliklə aranızda gərginlik yaranıb. Hətta sizə məcburi ərizə də yazdırıblar. Bunun səbəbi nədi?
- Əvvəla onu vurğulayım ki, Gənclər və İdman Nazirliyi yaradılan gündən bu qurumla heç bir problemim olmayıb. Bütün nazirlərlə çox yaxın, isti münasibətlərimiz olub. Sağ olsunlar, hər biri hörmətimi saxlayıb. Amma hazırkı nazirin mənə qarşı qərəzli mövqedə olmasının səbəbini bilmirəm. Bir məsələni də qeyd edim ki, mənə heç kim məcburən ərizə yazdıra bilməz. Jurnalistlər mediaya əvvəlki açıqlamamı düzgün anlamadan səhv yazıb.
- Bəs işin əsli necədi?
- Saytlar yazır ki, güya mən bu ilin martında məktəbdən uzaqlaşdırılmışam. Əslində isə mart-aprel aylarında məni nazirliyə çağırmışdılar. Nazirin bolqar müavini da daxil olmaqla şənimə təriflər yağdırmaqla, öpüb-qucaqlamaqla məni qarşıladılar. Təbii ki, az yaşım yoxdu, bu işdə saxtalığı, süniliyi hiss etmişdim. Mənimlə çox mədəni, tərifli danışdıqdan sonra səhhətimlə, gələcək planlarımla və məktəbdən gedib-getməyəcəyimlə bağlı suallar ünvanladılar. Mən də onlara hələ sağlamlığımdan şikayətçi olmadığımı, fiziki gücümün yerində olduğunu və futbolumuzun inkişafı üçün çalışmaqdan yorulmadığımı bildirdim. Bundan təxminən bir həftə, 10 gün sonra tanımadığım iki şəxs məktəbə yoxlamaya gəldi. Əvvəlcə özlərini təqdim də etmədilər. Mən onlara bildirdim ki, 40 ilə yaxındı fəalliyət göstərən bu məktəbə indiyə kimi cəmi iki dəfə komissiya gəlib. Biri sovet dönəminə təsadüf edir. O zaman Moskvadan Mixail Yakuşinlə Qavriil Kaçalin kimi sovet futbolunun əfsanələri gəlmişdi və gördüyümüz işlərdən məmnun qaldıqlarını dönə-dönə vurğulamışdılar. Bir dəfə mərhum nazir Azad Rəhimov məktəbimizə təşrif buyuraraq məmnunluğunu bildirmişdi. Faktları onlara çatdırdıqdan sonra Gənclər və İdman Nazirliyindən gəldiklərini və yoxlama üçün yuxarıdan göstəriş olduğunu söylədilər. Ciddi axtarışdan sonra heç nə tapa bilmədilər. Bir məsələyə ilişdilər ki, uşaqların tibbi arayışı niyə yoxdu? Mən də onlara dəlil-sübutla izah etdim ki, tibbi yoxlama bir dəfə keçirilir. Zatən o olmasa, biz uşaqlara nə məşq keçə, nə də turnirlərdə çıxış edə bilərik. Tibbi arayışlar isə məşqçilərdə olur. Həmin şəxslər məşqlərimizi də izlədilər. Sonralar onlara dedim ki, gəlin kişi kimi söhbət edək, məqsədlərinin nə olduğunu da soruşdum. Bir müddət sonra biri mənə etiraf etdi ki, məktəbinizdən nöqsan tapıb, qabartmasam, özümü işdən çıxaracaqlar. Sonra mənə nazirlikdən Əliyev soyadında hüquqşünasdan zəng gəldi və dövlət qurumuna yaxınlaşmalı olduğumu bildirdi. Nazirliyə getdim, zəng edən hüquqşünas məddahlıqla məni qarşıladı, təriflər yağdırdi. Mən isə ondan birbaşa mətləbə keçməsini istədim. O, mənə öz ərizəmlə məktəb direktoru vəzifəsindən istefa verməli olduğumu, bunu etməyəcəyim təqdirdə prokurorluğa müraciət etməli olacaqlarını qətiyyətlə dedi. Mən isə ona istefa ərizəsi yazmayacağımı, həmçinin yarandığı vaxtdan mənə son dərəcə yaxın və qayğıkeş münasibət bəsləyən nazirlikdən məhkəməyə müraciət etməyəcəyimi bildirdim. Bu söhbət mayın 22-də olub. İyunun 5-də isə məktəbdə olduğum vaxt nazirlikdən rəsmi məktub gəldi ki, yaşa görə vəzifənizdən azad olunursuz. Onlar 2006-cı ildə qəbul olunan qanuna əsasən yaşı 65 və daha yuxarı olan şəxslərin işinə xitam verilməsini əsas gətirdilər. Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli, 180 saylı qərarına əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə müəyyən yaş həddinə çatmış işçilərin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar var. Bu qayda respublikanın orden və medalları ilə təltif edilən, fəxri adları olan şəxslərə şamil olunur. İdman sahəsində fəxri adlarım var, "Şohrət” ordenli idman xadimiyəm, bu qanun mənə də şamil olunur. Bu qanunu rəhbər tutaraq cənab Prezident İlham Əliyevə məktub ünvanladım. Həmin məktubumda nazirliyin mənə qarşı haqsızlığını da geniş vurğulamışam. Məktubuma Prezident Aparatından ilkin cavab belə oldu ki, müraciətiniz qəbul olundu və daha ətraflı, obyektiv araşdırılması üçün Gənclər və İdman Nazirliyinə yollamışıq. Ardınca mənə yenə nazirlikdən zəng gəldi: "Kazbek müəllim, bəlkə yaşınızı nəzərə alıb gedəsiz". Mən də onlara mövqeyimi dəyişməyəcəyimi bir daha vurğuladım.
“Bunu nazirlikdə oturanlar vicdanlarına necə sığışdırır?”
- Gənclər və Nazirliyinin sizə qarşı bu mövqedə olmasının səbəbi nədi?
- Mənim nazirlik, oranın əməkdaşları ilə heç bir problemim, qərəzim olmayıb. Düşünürəm ki, məktəbi ləğv edib, onun yerində akademiya tikmək istəyirlər. Əslində isə onlar 40 illik məktəbimizə öz adamlarını yerləşdirmək istəyirlər. Artıq ayyarımdı məşqçilər maaş da ala bilmir. Bundan sonra necə olacağını bilmirəm. Maddiyyata ehtiyacım yoxdu, xidmətlərimə görə dövlətdən kifayət qədər təqaüd alıram. Amma 40 məşqçinin, 40 ailənin taleyi necə olacaq? Bunu nazirlikdə oturanlar vicdanlarına necə sığışdırır?
- Nazirliklə sona qədər mübarizə aparacaqsız?
- Ölkə başçısına şikayətimi ünvanlamışam. Ədalətli qərar gözləyirəm. Hətta cənab İlham Əliyev mənim əlehimə də qərar qəbul etsə, bunu qəbullanacam. Çünki mənə bu vaxta kimi ən böyük dəyəri prezidentimiz verib. O, getməyimi məsləhət bilsə, gedəcəm. Amma futboldan uzaqlaşmaq niyyətim yoxdu. Mən onunla nəfəs alıram.
- Məktəbə qaytarılmasaz, nə işlə məşğul olacaqsız?
- Yaxın yoldaşlar var ki, mənə inamları hələ də qalmaqdadı. Onlardan biri tarixə qovuşan "Turan"ın təsisçisi və prezidenti olmuş Vidadi Əhmədovdu. Mənə yeni uşaq futbol məktəbi yaratmağı təklif edib. Şərt qoydum ki, maddi qazanc olmadan uşaqlara məşğul olacamsa, yaradaram. O da şərtimlə razılaşdı. Qismət olsa, sentyabrda Binəqədidə yeni məktəb təsis edəcəyik.
- Futboldan doymamısızsa, bəlkə yenidən məşqçi kimi özünüzü sınayasız?
- Artıq bunu istəmirəm. Karyeramda yetərincə məşqçilik edərək pis-yaxşı ölkə futbolunda iz qoymuşam.
- Hətta hazırda pis günlərini yaşayan "Neftçi"dən də dəvət gəlsə, razılaşmazsız?
- "Neftçi"nin ağır günündə, əlbəttə, komandanın yanında olaram. Amma baş məşqçi yox, məsləhətçi, müşavir kimi əlimdən gələni edərəm.
- Sonda fanatlarınıza və xalqımıza nə demək istəyərdiz?
- Mən osetin mənşəli azərbaycanlıyam. Bakıda dünyaya gəlmişəm, burda böyümüşəm, həyatımı da Azərbaycan futbolu ilə bağlamışam, onunla nəfəs almışam, son günlərimə qədər bu dəyişməz qalacaq. Azərbaycanlı və ölkə futbolunun bir parçası olmağımla qürur duymuşam. Bu minvalla da öləcəm.
ABDULLA İSMAYILOĞLU