"Football-plus.az" xəbər verir ki, artıq neçə mövsümdü “Xetafe”nin heyətində İspaniya çempionatında oyunu və vurduğu qollar ilə diqqəti çəkməyi bacaran türkiyəli forvarddan bəd xəbər var. Çərşənbə günü La Liqanın 36-cı turu çərçivəsində “Xetafe” səfərdə “Betis” üzərində minimal hesablı vacib qələbə qazandı. Madrid təmsilçisi bu qələbə ilə düşmə zonasını tərk etdi. Amma oyun Enes üçün uğursuz alındı. Türkiyə yığmasının üzvü artıq 7-ci dəqiqədə zədələnərək əvəzlənməli oldu. Xərəklə çıxmaq istəməyən və meydanı özü tərk edən Enes göz yaşlarını saxlaya bilmədi. Həmin anda onu hətta “Betis” fanatlarının da ayağa qalxaraq alqışlaması diqqəti çəkdi. Tibbi müayinədən sonra məlum oldu ki, Enes bir futbolçunun yaşaya biləcəyi ən ağır zədələrdən biri ilə üzləşib. Belə ki, onun diz bağları qopub. 26 yaşlı futbolçu nəinki mövsümü, hətta təqvim ilini də başa vurub. Onun 2023-də bir daha meydana çıxacağı gözlənilmir! Enes La Liqada 14 qolla bombardirlər yarışında 4-cü pillədə idi, yalnız Levandovski (23), Benzema (18) və Xoseludan (16) geri qalırdı. Ötən mövsüm isə Ünal bombardirlər yarışında 6-cı olmuşdu. İstedadlı futbolçuya Türkiyə Futbol Federasiyasından və onu yetişdirən klub olan “Bursaspor”dan “keçmiş olsun” mesajı ünvanlanıb.
Srağagün Enes 2 yaşlı qızı, eləcə də sarğılı ayağı ilə “instaqram”da şəkil paylaşaraq həvəsdən düşməyəcəyini bildirib və onu dəstəkləyənlərə təşəkkür edib:
“Hər kəsə salamlar. Sizə çox pis bir xəbərim var. Son matçda aldığım zədə üzündən diz bağlarım qopub. Həyat qəribə şəkildə hərəkət edir. Yalan olmasın, böyük bir hədəf uğrunda çabalayarkən və özümü karyerasında böyük addımlar atan bir insan kimi hiss edərkən... Mənim üçün çox böyük bir zərbə oldu. İndi etməli olduğum 2 şey var. Birincisi, mövsümün qalan hissəsində komanda yoldaşlarımı dəstəkləməliyəm. La Liqada qalacağımıza şübhə etmirəm. İkincisi, əməliyyata hazırlanmaq və günbəgün irəliləmək. Özümü indi yaxşı hiss edirəm və bunun karyeramda yeni bir sınaq olduğunu bilirəm. Peşman olmaq mənim üçün seçim imkanı deyil. Həyatımdan və seçdiyim peşənin bu hissəsindən zövq almağa davam edəcəm. Mesajlarınız və salamlarınız üçün təşəkkür edirəm”.



