Bilindiyi kimi, 34-cü tur çərçivəsində mayın 18-də “Fənərbaxça” öz meydanında “Trabzonspor”u 3:1 hesabıyla məğlub edərək rahat qələbə qazanmışdı.
“Football-plus.az” xəbər verir ki, həmin oyunda qonaqların yeganə qolunu 80-ci dəqiqədə penaltidən Mahmud Trezeqe vurmuşdu. Təcrübəli misirli futbolçu qol sevinci zamanı adəti üzrə səcdə etmişdi. Amma oyundan sonra Trezeqe səcdə etdiyi zaman yayılan bir görüntü Türkiyə futbol ictimaiyyətində böyük qalmaqala səbəb oldu. Belə ki, həmin görüntüdə “Fənər”in müdafiəçisi Samet Akaydının məhz Trezeqe səcdə etdiyi anda ona tərəf baxaraq tüpürdüyü görünürdü. Təbii ki, sosial şəbəkələrdə Akaydın dərhal sərt tənqid atəşinə tutuldu. Səcdə edən adama tərəf tüpürmək nəinki futbol meydanında, ümumiyyətlə, heyatda da çox bəyük ədəbsizlik sayılır.
Beləcə olay sürətlə böyüməyə başladı və “Trabzonspor” 29 yaşlı müdafiəçinin cəzalandırılması üçün Türkiyə Futbol Federasiyasına rəsmi şikayət ünvanladı. Trezeqe isə bunları dedi: “Bu hadisə məni üzdü. Həmin an bu hərəkəti görmədim. Elə yaxşı ki də görmədim. Sonra epizodu izlədikdə özümü çox pis hiss etdim. Əlavə bir söz söyləmək də istəmirəm”.
Bu məqamda vəziyyətə aydınlıq gətirək. Düzdü, şəkildə elə görünə bilər ki, Samet Akaydın Trezeqeyə tərəf tüpürür. Amma görüntü bir qədər aldadıcıdı. Həmin an Akaydınla Trezeqe arasında ən azı 2-3 metr məsafə var. “Fənər”in üzvü əslində Trezeqeyə yox, sadəcə, yerə tüpürür. Akaydın “instaqram”dakı paylaşımında bunları yazdı: “Tam idmançı alışqanlığımın bir parçası olan hərəkətimin görüntüsünün yayılmasından sonra ortaya əxlaqsız iddialar atılmasını qınayıram. Sosial şəbəkə vasitəsilə futboldakı rəqabətə və insanlığa bu dərəcədə iftira atanları Allaha həvalə edirəm”. Çox keçmədən Samet Akaydın Federasiyanın nəzdində fəaliyyət göstərən Nizam-İntizam Komitəsinə sövq edildi. Bu isə məsələni daha da qəlizləşdirdi. “Fənərbaxça” rəhbərliyi oyunçu ilə görüşərək onun versiyasını və mövqeyini dinlədikdən sonra rəsmi bəyanat yaydı. Həmin bəyanatda Sametin NİK-ə sövq edilməsi Türkiyə futbolu adına utanc və rəzalət kimi qiymətləndirildi. Əslində Akaydının tərəfini tək onun klubu yox, komanda yoldaşları və bir çox futbol şərhçisi də tutdu. Mərt Hakan Yandaşla İsmayıl Yüksək Sametlə birlikdə şəklini paylaşaraq onun tərəfində olduğunu göstərdi. Məsələni maraqlı edən daha bir məqam odu ki, Samet əslən Trabzonludu və bu şəhərdə böyüyüb! Hətta “Fənər”in qatı düşməni kimi tanınan şərhçi Rasim Ozan Kütahyalı da bu mübahisədə Samet Akaydının tərəfini tutdu. Sabiq hakim Ahmet Çakar da oyunçunun NİK-ə sövq edilməsini qınadı. “Fənər”in sabiq futbolçusu, hazırda futbol şərhçisi kimi çalışan Əbdülkərim Durmaz isə məsələyə başqa yöndən yanaşdı: “Sametə istəyirsən 2 yox, lap 22 oyun cəza ver. Və ya heç cəza vermə. Nə dəyişəcək? Bunlar heç bir günahı olmayan bir türk övladını İslami dəyərləri təhqir edən insan profilinə çevirərək ictimaiyyətin önünə atdılar. Bundan sonra Samet getdiyi hər bölgədə pis niyyətli insanlar tərəfindən “səcdə edənə tüpürən adam” kimi qarşılanacaq, qələmə veriləcək. Bu ləkə onun üstünə yapışdı. Allah bunu edənləri özü bildiyi kimi etsin”. “Fənərbaxça”ya bu qış “Adana Dəmirspor”dan transfer edilən Samet Akaydın 41-ci maddəyə əsasən NİK-ə sövq edilmişdi. Adətən, bu maddə ilə sövq edilənlərə 4-6 oyun cəza verilir. Amma NİK necə deyərlər, ziyanın yarısından qayıtmağı bacardı. Komitə “intizam qaydalarının pozulması faktına rast gəlinməyib” açıqlamasıyla Akaydına heç bir cəza vermədi!
Bu arada onu da bildirək ki, 34-cü turda “İstanbulspor”la səfər oyununda 2-ci hissədə meydana çıxaraq birbaşa qırmızı vərəqə alan “Qalatasaray”lı Nikolo Zanyoloya 2 oyunluq cəza verilib. Ötən tur “Sivasspor”la matçda cəzasının 1 oyununu çəkən italiyalı ulduz “Ankaragücü” ilə matçı da buraxmalı olacaq. Amma Zanyolo “Fənərbaxça” ilə 37-ci turdakı derbidə meydana çıxa biləcək. Bundan başqa, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş də sürpriz şəkildə NİK-ə sövq edilib. Təcrübəli mütəxəssis sonuncu turda “Adana Dəmirspor”la matçın ardından “yekun nəticə necə olur-olsun, bu mövsüm liqamızda yaşananlar hüquqa və məntiqə ziddi” açıqlamasını vermişdi. Günəş bu sözləri ilə çempionatdan çəkilən klublara mövsümün qalan hissəsində texniki məğlubiyyətlər verilməsinə qərar verən federasiyanı üstüörtülü şəkildə tənqid etmişdi. “Beşiktaş” indiyə qədər də bu qərarın əleyhinədi. İstanbul nəhəngi “Hatayspor”la “Qaziantep”in mövsümün əvvəlindən bu yana bütün nəticələrinin ləğv edilməsini istəyir və hətta buna görə UEFA-ya da müraciət edib. Hərçənd UEFA-nın bu məsələyə qarışmağa heç bir haqqı yoxdu. Günəşin NİK-ə sövq edilməsinin ardından “Beşiktaş”dan belə bir paylaşım gəldi: “Fanatlara cəza, başqana cəza, yönəticilərə cəza, məşqçiyə cəza! Mövsüm bitir, sıra kimdədi?”