Braziliya yığmasının sabiq hücumçusu Pelenin dəfn edildiyi, Santos şəhərindəki “Memorial Necropole Ecumenica” məzarlığının birinci mərtəbəsi ziyarətçilərin üzünə açılıb. Əfsanəvi futbolçu 2022-ci ilin dekabrında 82 yaşında dünyasını dəyişmişdi.
"Football-plus.az" xəbər verir ki, 14 mərtəbəli məzarlığın ilk mərtəbəsində onun məqbərəsi, həmçinin futbolçu karyerası ərzində çıxış etdiyi “Santos”un, Braziliya millisinin və “Nyu York Kosmos”un formaları yer alır.
Məzarlıq saat 09.00-dan 12.00-dək, 14.00-dan 18.00-dək ziyarətçilər üçün açıq olacaq.
Pelenin oğlu Edinyo atasının məzarlığının ziyarətə açılması haqda danışıb: “Hələ də çox məyusuq. Onun üçün çox darıxırıq. Ancaq atama qarşı sevgi və hörməti görəndə qürur duyuruq”. Edinyo atasının məzarlığının böyük sevgi ilə hazırlandığını da deyib: “Bu, ailəmiz üçün unudulmaz bir andı. Kral burada əbədi xatırlanacaq”.