Alvares adını futbol tarixinə yazdıra bilər

20.05.2023 13:29 270
Dünya futbolu
''Mançester Siti''də ilk mövsümünü keçirən Xulian Alvares Erlinq Holannın kölgəsində qalsa da, unikal bir göstəriciyə imza ata bilər.

"Football-plus.az" xəbər verir ki, Mançester təmsilçisini premyer-liqada çempionluqdan cəmi 1 qələbə ayırır. Yəni çempionluq artıq sabah ''Çelsi'' ilə oyunda da rəsmiləşə bilər.

Bundan başqa ''şəhərlilər'' iyunun 3-də ölkə kubokunun finalında ''Mançester Yunayted''lə, iyunun 10-da Çempionlar Liqasının finalında ''İnter'' ilə qarşılaşacaqlar.

Ən son ''Real''a qol vuraraq Lionel Messinin rekordunu yeniləyən və ÇL-in yarımfinalında qol vuran ən gənc argentinalıya çevrilən Alvares futbol tarixinə adını yazdıra bilər.

23 yaşlı oyunçu bir mövsümdə həm dünya çempionluğunu, həm ÇL-i, həm İngiltərə çempionluğunu, həm də İngiltərə kubokunu qazanan tarixdə ilk futbolçu ola bilər!