Messinin varlığı klubun həyatında həlledici amilə çevrilib

20.05.2023 12:58 240
Dünya futbolu
Messinin PSJ ilə müqaviləsinin müddəti yayda bitir. Hələ ki müddətin uzadılmasıyla bağlı söhbət yoxdu – xüsusən də argentinalının Səudiyyə Ərəbistanına səfərinin doğurduğu qalmaqal fonunda.

"Football-plus.az" xatırladır ki, Leo klubdan icazə almadan reklam öhdəliklərini yerinə yetirmək üçün bu ölkəyə yollanmışdı.

Nəticə bu oldu ki, Paris klubu əsas ulduzunun məşqlərə çıxmasına qadağa qoydu. Düzdü, sonradan argentinalı üzrxahlıq videosu yaydı, klub da onu bağışladı.

• Messiyə hələ ki yalnız Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan konkret təklif var. “The Telegraph” yazır ki, Leonun Yaxın Şərq ölkəsinə köçməsi ilə bağlı danışıqlar hökumət səviyyəsində gedir, ona 400 milyon dollar təklif etməyə hazırdılar.

Mayın 9-da АFP xəbər verdi ki, hücumçunun keçidi ilə bağlı sövdələşmə başa çatıb, argentinalı növbəti mövsümü Səudiyyə Ərəbistanında keçirəcək. Ancaq “L’Equipe” bu xəbəri təkzib edir: “Əl-Hilal” transferlə bağlı şifahi razılıq alıb, zəruri sənədlər isə hələ imzalanmayıb.

Bundan başqa, Messinin xanımı Antonella Rokutso da Səudiyyə Ərəbistanına yollanmaq istəmir. Baxmayaraq ki, ulduz hücumçuya həmin ölkədə bir il üçün 500 milyon avro təklif olunur, müxtəlif bonusları da nəzərə alsaq, bu məbləğ 600 milyona qədər arta bilər! Ağlasığmaz paradı.

Məsələn, “Marca”nın iddiasına görə, Ronaldo 200 milyon alır. Çox güman, klublar bütün məbləği əməkhaqqı kimi rəsmiləşdirmir, pulun önəmli hissəsi rəngarəng kommersiya ödənişləridi.

• Messinin atası “İnter Mayami”yə mümkün keçidi də müzakirə edib. Hər halda, ABŞ ehtiyat variantdı, argentinalı hələ ki “Barselona”ya dönüşdən imtina etməyib, Kataloniya klubunun bunu reallaşdırmaq üçün pul tapa bilib-bilməyəcəyini son ana qədər gözləmək istəyir.

• Leo üçün “Barsa” birmənalı şəkildə prioritetdi. Dönüş naminə maaşının üç dəfə azaldılmasına – ildə 10 milyon avro almağa da razıdı. Yetər ki yuvaya dönüş baş tutsun.
Düzdü, hətta 10 milyon avro əməkhaqqı da problem ola bilər.

“Barselona”nın vitse-prezidenti Eduard Romeonun bununla bağlı izahatı:

“Barselona”nın maliyyə planı bəyənilsə belə, bəzi futbolçular klubdan ayrılmadan Messi dönə bilməz. Mühasibatda balans düzəltmək başqadı, “maliyyə feyr-pleyi” isə başqa. Əməkhaqqından danışırıqsa, cədvələ 10 milyon avronun əlavə olunması üçün həmin 10 milyonun da çıxması lazımdı. Nə qədər ixtisar etsək, o qədər də xərcləyəcəyik. İstənilən yeni oyunçunun gəlişi başqasının gedişi ilə kompensasiya olunmalıdı. Bundan da çətin vəziyyətlərdə çalışmışıq. Ancaq ağlımızı itirməməliyik.

Hələ ki Messinin klub üçün maliyyə rıçaqı olub-olmayacağını dəyərləndirməmişik. Onun gəlişinin kluba nə qədər gəlir qazandıracağı ilə bağlı heç bir hesablama aparmamışıq”.


Hələlik məlum olan budu ki, “Barselona” rəhbərliyi elə bu həftə Messinin transfer şansını dəyərləndirmək üçün La Liqa nümayəndələri ilə görüşməyi planlaşdırır.

La Liqa rəhbərliyinin aydın tələbi var: klub Messiyə imza atdırmaq üçün əməkhaqqı cədvəlini 205 milyon avroya salmalıdı. Əks halda argentinalını qeydiyyatdan keçirmək mümkün olmayacaq.