“Komandamızın minimum 15-20 min qarşısında oynamasında maraqlıyıq” - AÇIQLAMA

19.05.2023 20:10 304
Premyer-liqa / Manşet
Çempionlar Liqasına vəsiqəni təmin edən "Qarabağ" təsnifat mərhələsinin ilk iki ev oyununa "Azərsun Arena"da çıxacaq.

Avrokubok matçlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika stadionunda keçirən "köhlən atlar" bu dəfə adı çəkilən futbol məkanının qazonunun yenilənməsi üzündən bu addımı atıb. Halbuki böyük arenalara, məsələn, BOS-a üz tutmaq olardı. Amma klub rəhbərliyi komandanın Misli premyer-liqasında rəqiblərini qəbul etdiyi məkana üstünlük verdi.

Klubun mətbuat katibi Gündüz Abbaszadə məsələ ilə bağlı ötən sayımıza açıqlamasında qərarı əsaslandırmağa çalışmışdı. Klub rəsmisi tanış, doğma məkan anlayışını önə çəkmişdi. Amma ilk baxışdan 4677 azarkeş tutumuna malik "Azərsun Arena"ya üstünlük verilməsi dəstək baxımından arzuolunan addım sayla bilməz. Nəzərə alaq ki, “Tofiq Bəhramov”da keçirilən avrokubok oyunlarında “Qarabağ”ı minimum 20 min azarkeş irəli səsləyir. Bu dəfə isə durum yetərncə fərqli olacaq.

Bütün bunları nəzərə alaraq Ağdam təmsilçisinin fanklublarının fikrini öyrənməyi lazım bildik. "Qarabağ Ordu" ənənəsinə sadiq qalaraq açıqlama verməkdən imtina etdi. "İmarət Tayfa"nın öncüllərindən Elnur Quliyev isə bunları söylədi:

"Təbii ki, 4-5 minlik tutumu olan stadionda Çempionlar Liqasının oyununu keçirmək məqsədəuyğun deyil. Çünki klubların qitəmiqyaslı matçlarına həmişə çox azarkeş toplaşır. "Qarabağ"ın çempionatla müqayisədə avrokubok matçlarına azarkeş marağı çox yüksəkdi. Komandamızın minimum 15-20 min qarşısında oynamasında maraqlıyıq. Amma mətbuatdan oxuduğuma görə, “Tofiq Bəhramov” ilə Bakı Olimpiya Stadionu təmirə bağlanır. Bundan başqa, digər təmsilçilərimizin də avrokuboklarda çıxış edəcəyini nəzərə alsaq, alternativ yoxdu. Amma biz yenə də nikbinik. Məsələyə müsbət tərəfdən yanaşsaq, kiçiktutumlu stadionu tam doldursaq, komandamıza daha yaxşı dəstək verə, rəqibə isə güclü təzyiq göstərə bilərik. Düşünürəm ki, klub rəhbərliyi də fanklubların "Azərsun Arena"nı doldurmasına imkan yaradacaq".


ABDULLA İSMAYILOĞLU