La Liqada hesabat turunun ən önəmli hadisəsi “Barselona”nın çempionluğu bayram etməsidi.
“Football-plus.az” xəbər verir ki, sürprizlərə gəlincə, “Atletiko” motivasiyasız “Elçe”yə uduzmaqla 2-ci pilləni əldən verdi. ÇL-ə qatılacaq komandaların adı bəllidisə, avrokuboklara vəsiqə verən sonuncu – 7-ci yer uğrunda amansız mübarizə gedir. Hazırda “Jirona”nın qərarlaşdığı bu pilləyə “Atletik”, “Sevilya”, “Osasuna” və “Rayo Valyelano” da iddialıdı.
Gözlənildiyi kimi, “Barsa” çempionluğun taleyini “Espanyol”la derbidə həll etdi. Prinsipial rəqibin işini çətinləşdirməyə çalışan “tutuquşular” bunu, sadəcə, bacarmadılar. Meydan sahibləri artıq fasiləyə qədər qapısından üç cavabsız qol buraxdı. Fasilədən sonra Kunde fərqi biabırçı həddə çatdırdı və “Barsa” sakitləşdi. “Espanyol” vəziyyəti belə görüb təhlükəli vəziyyətlər yaratmağa başladı. Ter Ştegenin daha bir “quru” oyun keçirmək arzusunu Puado 73-cü dəqiqədə gözündə qoydu. “Espanyol” uzatma dəqiqələrində darmadağından da qaça bildi – ilk dövrədə olduğu kimi, Xoselu yenə kataloniyalıların qapısına yol tapdı. Tarixində 27-ci çempionluğu qazanan “Barsa”ya kuboku federasiya mayın 20-də - “Real Sosyedad”la ev oyununda təqdim edəcək. “Espanyol” isə aşağı dəstəyə düşməyə yaxındı. “Tutuquşular”ı xilaskar 17-ci yerdən artıq 4 xal ayırır.
“Real” “Etihad”a səfər ərəfəsində çətin qələbə qazandı. Qonaqlar favoritə layiqincə müqavimət göstərdi. Onlar ilk yarıda hətta daha yaxşı təsir bağışlayır, sadəcə, Kurtuanın qapını önündə təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdilər. Ançelotti fasilədə ilk dəyişikliyi etdi, 2-ci hissənin gedişində isə Modriçlə Vinisius da meydana çıxdı. Əlbəttə, bu futbolçuların oyuna qoşulmasıyla “Real” daha rəngarəng hücumlar qurmağa başladı. Oyunda yeganə qol isə Bordalas komandasını üç mərkəz müdafiəçisi ilə oynatmağa qərar verəndən sonra vuruldu. 70-ci dəqiqədə Asensionun zərbəsindən sonra Maksimoviçin çiyninə dəyən top tora daxil oldu. Qalan vaxtda “Real” daha bir qol vursa da, Vinisius ofsaydda olduğuna görə sayılmadı. “Xetafe” isə yenə təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Bu qələbə “Real”ı 2-ci pilləyə yüksəltdisə, “Xetafe” hələ də təhlükəli zonadadı.
Əslində “Real” 2-ci pillədə olmaya bilərdi. Sadəcə, “Elçe” 1985-ci ilin aprelindən bəri ilk dəfə “Atletiko”nu La Liqada məğlub etməklə şoka saldı. Elitadan gedişi ötən tur dəqiqləşən “Elçe” 41-ci dəqiqədə Qrbiçin kobud səhvindən sonra hesabı açdı. “Hindular” nə qədər çalışsalar da, bərabərlik qolunu vurmaq mümkün olmadı.
4-cü yeri heç kimə vermək fikrində olmayan “Real Sosyedad” evdəki qələbə seriyasını 5-ə çatdırmağa yaxın idi. San-Sebastyan klubu “Jirona” ilə ev oyununun 24-cü dəqiqəsində 2:0 önə çıxdı. Amma rəqib də elə-belə komanda deyil, bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Bu oyunu La Liqanın ən etibarlı müdafiə xəttinə malik komandalarından biri ilə ən məhsuldar hücum xətti olan komandalardan birinin dueli adlandırmaq mümkündü. “Jirona” 0:2-dən sonra sınmadı, 37-ci dəqiqədə Kouto fərqi azaltdı. İlk yarıya artırılan 3-cü dəqiqədə isə Stuani hesabı bərabərləşdirdi. Qarşlılıqlı hücumlar şəraitində davam edən 2-ci hissədə qapılara qol vurulmadı. Bu isə o deməkdi ki, “Real Sosyedad” ÇL-ə vəsiqə verən 4-cü pillədə qalmaqdadı, “Jirona” da avrokuboklara iddiasını davam etdirir.
“Real Sosyedad”ın ən yaxın izləyicisi isə “Vilyarreal”dı. “Sarı sualtı qayıq” hesabat turunda “Atletik”i darmadağın etdi. Baena ilə Ceksonun qollarına Sanset fasilə ərəfəsində cavab versə də, 2-ci hissə basklar üçün faciəyə çevrildi. Ümumiyyətlə, mövsümə əla başlayan “Atletik” son 4 oyunda qələbəyə həsrət qalmaqla avrokuboklara vəsiqə şansını çətinə salıb.
Turun qalan oyunlarına gəlincə, səfərdə “Malyorka”ya uduzan “Kadis” heç cür təhlükəli zonadan uzaqlaşa bilmir. “Osasuna”nın “Almeriya”nı məğlub etdiyi oyundan sonra isə meydanda maraqlı hadisə yaşandı. Pamplona klubunun oyunçuları Antonio Mateo Laos üçün şərəf dəhlizi təşkil etdi. 46 yaşlı referi gələn mövsümdən yaşıl meydanda görünməyəcək.
“Xetafe”yə məğlubiyyətdən sonra – martın 21-də “sükan arxasına” keçən Xose Luis Mendilibarın dönəmində “Sevilya” əməlli-başlı yüksəliş yaşayır. Son 8 oyunda 6-cı qələbəsini qazanan komanda bu tur səfərdə “Valyadolid”i məğlub etməklə avrokuboklara iddilılar sırasına qoşuldu. “Valensiya” da “Selta” üzərində önəmli səfər qələbəsi ilə elitada qalmaq şansını artırdı. Turun dünən axşam keçirilən son oyununda “Betis” ???
Turun rəqəmi
200 – Valverde “Real”ın heyətində keçirdiyi oyun sayını bu həddə çatdırdı. Madriddə 5-ci mövsümünü keçirən uruqvaylı yarımmüdafiəçi bu müddətdə Çempionlar Liqasını, klub dünya çempionatını, Avropa Superkubokunu, La Liqanı, ölkə kubokunu və Superkubokunu qazanıb. Cari mövsümdə 52 oyuna çıxan Valverde 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Turun ulduzu
Robert Levandovski (Barselona) – dubl etməklə komandasının çempionluq qazanmasında önəmli rol oynadı və bombardirlər yarışında Benzema ilə fərqi artırdı. Ümumiyyətlə, polşalı hücumçu sanki çempion olmaq üçün doğulub. Ardıcıl 9-cu mövsümdü çempion olur. “Barsa”ya keçənə qədər “Bavariya” ilə 8 dəfə bundesliqanı qazanıb.
Turun sitatı
Rafinya, “Barselona”nın yarımmüdafiəçisi: