Millinin sabiq üzvü Budaq Nəsirovun karyerasını bərpa etmək niyyəti ilə “Turan Tovuz-2”nin düşərgəsində məşqlərə qatıldığını yazmışdıq. Yarımmüdafiəçi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadığından detallı məlumat verə bilməmişdik.
"Football-plus.az" olaraq boşluğu aradan qaldırdıq. Budaq Nəsirovla söhbətə keçid alaq.
- Bir neçə ildi Azərbaycan futbolunda yoxsan. Amma artıq məşqlərə başlamısan. Niyə məhz indi?
- Artıq özümü çox yaxşı hiss edirəm. Həm fiziki, həm də psixoloji cəhətdən hər şey qaydasındadı. Qarşıdakı mövsüm hədəflərim uğrunda mübarizəyə dönmək üçün ən uyğun vaxtdı.
- Futbolda olmadığın müddətdə gah Türkiyədə alverlə məşğul olduğun, gah da Portuqaliyada ofisiant işlədiyin yazıldı. Əsl həqiqəti səndən eşidək.
- Uydurma xəbərlərdi. Təəssüf ki, bəzi jurnalistlər sübut olmadan belə məlumatları ictimailəşdiriblər. Ofisiant və ya alverçi olmaq ayıb deyil. Lakin mən bu işlərlə məşğul olmamışam. Qohumlardan, dost-tanışlardan çoxsaylı təkliflər oldu ki, gəl, filan işlə məşğul ol. Heç birini qəbul etmədim. Düşüncəmdə, sadəcə, futbol olub.
Yeri gəlmişkən, sizin vasitənizlə həm mən, həm də digər futbolçular haqda dezinformasiya yayan jurnalistlərə səslənmək istəyirəm. Azərbaycan futbolunda peşəkarların sayı o qədər də çox deyil. Onları da belə qeyri-etik hərəkətlərlə küsdürmək olmaz. Bir olmalıyıq. Mətbuat idmanın bütün sahələrində idmançılarla dost olmalıdı, gənclərin uğurlarını təbliğ edib həvəsləndirməlidi, işə daha peşəkar yanaşmalıdı.
- Hədəflərinin olduğunu dedin. Qarşına hansı məqsədləri qoymusan?
- Məşqlərə davam edəcəm, çox həvəsliyəm. Həm düşərgədə, həm də evdə öz üzərimdə çalışıram. Arzum “Turan Tovuz”un əsas heyətində çıxış etməkdi. Bunun üçün bütün gücümü ortaya qoymuşam. Özümü sübut etməyə çalışıram. İnanıram ki, qarşıdakı mövsümdə hədəfimə çatacam.
- “Turan Tovuz” alınmasa, necə? Alternativ varinatı düşünmüsən?
- Xeyr. Açığı, alınmayacağını ağlıma gətirmək istəmirəm. İnanıram ki, bacaracam.
- Ölkə çempionatını izləyirsən? Azərbaycan futbolunun durumu səni qane edir?
- Əlbəttə. Xüsusilə bu mövsüm keçirilən qarşılaşmaların əksəriyyətini izləmişəm. İstedadlı gənc futbolçular var. Sevinirəm ki, onlara əsas heyətdə şans verilir. Rəqabətin getdikcə artması yaxşı haldı.
- Aydındı ki, “Turan Tovuz”a azarkeşlik edirsən. Digər klublardan hansını bəyənirsən?
- “Turan Tovuz” bu il özünü yaxşı tərəfdən göstərdi. Ölkə kubokunun yarımfinalında uduzmasa, daha yaxşı olardı. Sükanı olduğu kimi saxlasa, növbəti mövsüm finalçı da ola bilər, qalib də. Digər klublar isə maraqlı deyil.
- Birinci divizion haqda düşüncələrin necədi?
- Əsasən premyer-liqanı izləyirəm. Birinci divizion komandalarından, sadəcə, “Turan Tovuz-2”nin oyunlarına baxmışam. Yaxşı formadadılar, baxımlı matçları olur.
- Vaxtilə səni dəstəkləyənlərə, qayıtmağını gözləyənlərə nə deyə bilərsən?
- Təkrar edim ki, hədəflərim böyükdü. Qazanmaq istədiyim uğurlara köklənmişəm. Özümü hazır hiss edirəm. Ehtiyat oyunçular sırasında qalan, bacarıqsızlığı ilə tez-tez azarkeşlərin tənqid hədəfinə tuş gələn futbolçulardan olmaq istəmirəm. İnanıram ki, əsas heyətdə çıxış edərək ən çox ümid bəslənilən və gözləntiləri qarşılayanlardan biri də mən olacam.
KƏNAN BAHADIR