Azərbaycan millisinin sabiq üzvü, Tovuz futbol məktəbinin yetirməsi Budaq Nəsirov karyerasını bərpa etmək niyyətindədi. Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi birinci divizion təmsilçisi “Turan Tovuz-2”nin düşərgəsində məşqlərə başlayıb.
"Football-plus.az" olaraq xəbəri dəqiqləşdirmək məqsədilə Qərb təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq:
“Doğrudu. Budaq Nəsirov əvəzedicilərdən ibarət komandamızın məşqlərində iştirak edir. Ölkə çempionatının başa çatmasına az qalıb. Həmçinin futbolçu uzun müddətdi yaşıl meydandan kənardadı. Bu üzdən də onun cari mövsüm rəsmi oyunlarda iştirakı nəzərdə tutulmayıb. Baş məşqçi Ayxan Abbasov yayda onu sınaqdan keçirəcək. Hazırlıq səviyyəsi baş məşqçini qane etsə, Budağın növbəti mövsümdə “Turan Tovuz”un heyətində meydana çıxmaq ehtimalı var”.
Qeyd edək ki, Budaq Nəsirov hələ 21 yaşı olarkən Portuqaliyanın aparıcı klublarından biri - “Sportinq” ilə müqavilə bağlayaraq gündəmə gəldi. Hətta Lissabon təmsilçisi transferi rəsmiləşdirərkən yarımmüdafiəçiyə 60 milyon avro qiymət qoydu. Lakin Nəsirov “Sportinq”in əvəzedici heyətindən yuxarı qalxa, əsas komandaya qoşula bilmədi. 2018/19 mövsümünü “Zirə”də keçirəndən sonra isə işsiz qaldı. Son illərdə yerli mətbuat tərəfindən Nəsirovun gah Türkiyədə alverlə məşğul olduğu, gah da Portuqaliyada ofisiant işlədiyi haqda xəbərlər tirajlandı.
Məsələnin ciddiliyini nəzərə alıb dünən Budaq Nəsirovla əlaqə yaratmağa çalışdıq. Amma təəssüf ki, cəhdlərimiz baş tutmadı. Bu boşluğu aradan qaldırmağa çalışacağıq.
KƏNAN BAHADIR